Gündəm / Cəmiyyət
10:00 / 28.06.2022
35

Bu sürücülərin nəzərinə: Cinayət məsulliyyətinə cəlb oluna bilərsiniz

Bu sürücülərin nəzərinə: Cinayət məsulliyyətinə cəlb oluna bilərsiniz
 
DİN-in Baş DYP İdarəsi ot bağlamaları daşıyan nəqliyyat vasitələrinin sürücülərinə müraciət edib.

"Kanal14.az" xəbər verir ki, müraciətdə deyilir:

"Respublikanın yerli və rayonlararası avtomobil yollarında mövcud qanunvericilikdə nəzərdə tutulmuş ölçü parametrlərini aşmaqla, qablaşdırılmamış, xüsusilə tezalışan yük kateqoriyasına aid olan ot bağlamalarından ibarət yüklərin daşınmasına görə ayrı-ayrı sürücülər haqqında çoxsaylı inzibati təsir tədbirlərinin görülməsinə baxmayaraq, təəssüflər olsun ki, hələ də belə qayda pozuntularına yol verilməsi halları müşahidə olunur.

Qeyd olunanlar, habelə yüklərin bu şəkildə daşınmasının nəqliyyat vasitələrinin ağırlıq mərkəzinə təsiri nəticəsində yükün yola dağılması və ya avtomobilin özünün aşma ehtimalının yüksək olması nəzərə alınaraq, DİN-in Baş DYP İdarəsi yollarda təhlükəsizliyin təmin edilməsi məqsədilə yük daşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə, xüsusilə belə daşımaları həyata keçirən sürücülərə yük daşıma qaydalarına ciddi riayət etmələrini tövsiyə edir, həmçinin sürücülərin diqqətinə çatdırılır ki, yük daşıma qaydalarının pozulmasına görə törədilmiş hər bir əməl nəticəsindən asılı olaraq inzibati və ya cinayət məsuliyyəti yaradır".