Gündəm / Cəmiyyət / Hadisə

Küçədə dava düşdü, polisin formasını zədələdilər

Küçədə dava düşdü, polisin formasını zədələdilər

Bakıda yoldan keçən şəxsin baxışına görə dava baş verib.
"Qafqazinfo"nun məlumatına görə, hadisə bir neçə gün öncə Səbail rayonunda yerləşən mağazalardan birinin önündə qeydə alınıb. Kamal Kamalov (şərti) səhər 06:25 radələrində dostları ilə gəzən zaman bir şəxsin onlara tərs-tərs baxaraq yanlarından keçdiyini düşünüb. Bu zaman onun yanında olan dostu həmin şəxsdən niyə elə baxdığını soruşub. Sözlü mübahisə davaya çevrilib. Baxışına görə zərbə alan şəxsin ağzından qan açılıb.

Hadisə yerinə polis əməkdaşları gəlib və məsələni aydınlaşdırmaq üçün tərəfləri polis bölməsinə dəvət ediblər. Lakin K.Kamalov buna etiraz edib. Polisin tələblərinə tabe olmadığı üçün Kamalı məcburi qaydada avtopatrula əyləşdiriblər. Bu zaman bir polis əməkdaşının xidməti forması zədələnib, jileti cırılıb.
K.Kamalova İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni əmrinə tabe olmama) və 510-cu (xırda xuliqanlıq) maddələri ilə protokol tərtib olunub. Səbail Rayon Məhkəməsinin qərarı ilə ona 200 (iki yüz) manat inzibati cərimə yazılıb.