Gündəm / Siyasət

Laçın dəhlizinə alternativ: yeni yol kimləri haralara aparacaq? - AKTUAL

Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun inşası sürətlə davam edir. Artıq sözügedən yolda asfaltlanma işlərinə başlanılıb. Məlumatlara görə, Laçın şəhərindən yan keçən yol iyulun 1-dək tam hazır olacaq ki, bundan sonra Azərbaycanın Xankəndi şəhərində yaşayan ermənilər yeni yoldan istifadə edəcəklər. Bundan sonra Qarabağda müvəqqəti yerləşmiş Rusiya sülhməramlıları "Laçın dəhlizi” adlanan yola yox, yeni yola nəzarət edəcəklər.

Xatırladaq ki, İkinci Qarabağ müharibəsi bitəndən sonra Laçın boşaldılsa da, Laçın dəhlizi ətrafındakı sülhməramlılar nəzarət edən müəyyən yaşayış məntəqələrində ermənilər yaşamağa davam edirdilər. Qeyri-rəsmi məlumatlara və sosial şəbəkələrdə yayılan bəzi görüntülərə görə, Laçında qalmış ermənilər artıq əraziləri tərk etməyə başlayıblar. Xəbərlərə görə, onlar ənənələrinə uyğun olaraq, Kəlbəcəri tərk edərkən törətdikləri əməlləri təkrarlayırlar - Laçını da yağmalayır, tikililəri uçurur, ağacları kəsir və s. Amma Laçını tərk etməyəcəyini deyən ermənilər də var. Ermənistan saytlarında bir neçə ailənin şəhəri tərk etməyəcəkləri haqqında açıqlamaları yer alıb. Gundemxeber.az xəbər verir ki, son vəziyyətlə bağlı AYNA-nın suallarını cavablandıran hərbi jurnalist Səxavət Məmməd maraqlı faktlar açıqlayıb. Onun sözlərinə görə, Azərbaycan gözləniləndən daha tez Laçın dəhlizinə alternativ yolu çəkib bitirmək üzrədir:

- Azərbaycanın əlində, əslində 3 il vaxt var idi. Sadəcə sürətli iş görməyə Azərbaycan məcbur idi. Çünki Laçın rayonuna giriş, bundan əlavə ərazinin nəzarətə götürülməsi vacibdir. Digər tərəfdən, Laçın və Kəlbəcərə nəqliyyat vasitələrinin maneəsiz hərəkətini həyata keçirmək son dərəcə önəmliydi. Ona görə də, Azərbaycan tərəfi məhz iyul ayının 1-də bu prosesi yekunlaşdırmaq istəyir.

Laçın dəhlizinə alternativ yolun açılması ilə Laçının mərkəzi və bəzi yaşayış məntəqələri Azərbaycanın nəzarəti altına keçəcək. Bəzi insanlar elə düşünürlər ki, alternativ yolun statusu fərqli olacaq. Xeyir, alternativ yol da əvvəlki statusda olacaq. Ora yenə Rusiya sülhməramlıları nəzarət edəcəklər. Ancaq əsas məsələ odur ki, alternativ yol Azərbaycanın hansısa yaşayış məntəqəsindən keçməyəcək. Bu baxımdan, hesab edirəm ki, Laçından yan keçən yeni alternativ yolun əhəmiyyəti böyükdür. Erməni tərəfi artıq indidən yolun keyfiyyəti barədə bəzi fikirlər səsləndirir. Düşünürəm ki, onlar da məsələnin mahiyyətini anlayıblar. Ona görə də bu tip fikirlərlə çıxış edirlər.

- Rusiya sülhməramlılarının nəzarətindəki Laçın ərazisində təxminən nə qədər erməni var?

- Laçında yaşayan ermənilərin sayı çox azdır. Dəqiq rəqəm söyləmək mümkün deyil. Ancaq onu da bilmək lazımdır ki, Laçında ermənilərlə yanaşı, Suriyadan kürd əsilli ailələr də gətirilib yerləşdirilib. Orda Qarabağ ermənilərdən daha çox Suriyadan gətirilmiş kürdlər və ermənilər yaşayırdılar, müəyyən qədəri hələ də qalmaqdadır. Ermənistan tərəfi vaxtilə Qarabağda əhalinin sayını artırmaq üçün bu addımı atmışdı. Bunun humanitar tərəfi yox idi. O ailələr Ermənistanın boynundadır. Hesab edirəm ki, həmin ailələri ya Ermənistanda, ya da Qarabağın işğaldan azad edilməmiş hissəsində yerləşdirəcəklər. Azərbaycan tərəfi bununla bağlı ortaya mövqe qoymalı və həmin əhalinin Qarabağda yerləşməsinə qarşı çıxmalıdır. Onsuz da o əhali o torpaqlara yaddır.

- Bir neçə erməni ailəsi ərazidən çıxmayacağını deyir. Bu, mümkündürmü?

- Bəli, Laçında yaşayan ermənilər bildirirlər ki, məskunlaşdıqları ərazilərdən çıxmayacaqlar. Düşünürəm ki, bu, heç bir məntiqə sığmır. Kəlbəcər və Ağdamla bağlı da belə sözlər deyirdilər. Düşünürəm ki, bu, ermənilərin sadəcə özlərini ovutmaqdan başqa bir şey deyil. Xüsusilə, erməni millətçilər "Laçını türklərə vermək olmaz" deyirlər. Ancaq proses başlayıb və gedir. Onların fikirləri əsassızdır. "Çıxmayacağıq" fikirləri sadəcə olaraq təzyiq vasitəsidir. Reallıq isə fərqlidir və qalmaları mümkün deyil. Çünki onların yaşadıqları evlərin, həyətlərin azərbaycanlı sahibləri var. Ona görə də onların orda qalması heç cür mümkün ola bilməz. Ağdamda və Kəlbəcərdə də belə hallar yaşanmışdı. Hətta bir ailə Ağdamdakı kəndlərin birindən çıxmaq istəmirdi. Bir müddət tək yaşamağa da cəhd etdi və sonda getməli oldu.

- Ümumiyyətlə, həmin ermənilərin Azərbaycan vətəndaşlığı almaq istəkləri ola bilər?

- Nəinki Laçında yaşayan ermənilər, ümumiyyətlə, Qarabağda yaşayan ermənilərin hər biri Azərbaycan vətəndaşlığını qəbul edə bilər. Bir şərtlə ki, terror aktlarında və müharibə vaxtı Azərbaycan Ordusuna qarşı fəaliyətləri olmamış olsun. Azərbaycan onsuz da Qarabağda yaşayan erməniləri öz vətəndaşı kimi görmək istəyir. Sadəcə olaraq, ordakı millətçi qruplar və "Qarabağ klanı" bunu istəmir. Əldə etdiyim məlumata görə, hətta, bəzi erməni ailələr dolayı yollarla Azərbaycana məlumat çatdırıblar ki, vətəndaşlıq qəbul etməyə hazırdırlar. Sadəcə olaraq, onlar "Qarabağ klanı"ndan və millətçi qruplardan qorxduqları üçün bunu açıq şəkildə deyə bilmirlər. Ancaq düşünürəm ki, Azərbaycan tərəfi orda məskunlaşmaya başlayandan sonra bu məsələlər öz həllini tapacaq. Hətta bir müddət əvvəl bəzi ermənilər Şuşaya gələrək iş istəmişdilər. Azərbaycan təxminən əraziyə 200-300 min əhali yerləşdirsə, proses başlayacaq və qarşısı alınmaz olacaq.

- Ermənilərin Kəlbəcərdən çıxdıqları zaman törətdikləri vəhşilikləri Laçından çıxanda da törətməmələri üçün Azərbaycan hansı addımları atmalıdır?

- Yuxarıda ermənilərin çıxmaq istəmədikləri məsələləri müzakirə etdik. Ancaq yuxarıda da bildirdim ki, bu, sadəcə təzyiq vasitəsi kimi səslənir. Reallıqda isə Laçını talayırlar. Əgər özləri dediklərinə inansaydılar, talançılıq etməzdilər. Talançılıq məsələsində təkcə orda yaşayan ermənilər yox, Ermənistandakı məmurlar da fəal iştirak edirlər. Əldə etdiyim məlumata görə, qaz, su boruları çıxarılır və daşınır. Bundan əlavə, evlərin materialları da sökülərək aparılır. Bəzi tarixi abidələrin dağıdıldığı deyilir. Ağacların kəsilmə halları da çoxdur.

Azərbaycan vizual olaraq həmin ərazilərə nəzarət edə bilir. Hesab edirəm ki, bütün video və foto görüntülər Rusiya sülhməramlılarına təqdim olunmalı və prosesin qarşısı alınmalıdır. Azərbaycanın birbaşa müdaxiləsi bir qədər çətindir. Çünki Azərbaycan Rusiya sülhməramlılarını keçib, sonra o addımı ata bilər. Bu isə razılaşdırılmalıdır.

Bundan əlavə, Laçında baş verənlərin ən təhlükəli tərəfi minalanma hallarının olma ehtimalıdır. Azərbaycan tərəfi buna ciddi nəzarət etməlidir və Rusiya sülhməramlılarından tələb etməlidir. Kəlbəcərdə hansı hadisələr yaşadığımız hər kəsə məlumdur. Kəlbəcər cəbhə bölgəsi olmasa da, hələ də ərazidən minalar çıxır. Bu minalar birinci Qarabağ müharibəsindən qalma minalar da deyil. Daha bir məqam isə odur ki, bu cür halla qarşılaşmamaq üçün, hesab edirəm ki, Azərbaycan Rusiya sülhməramlılarına təzyiq etməlidir.