Gündəm / İqtisadiyyat / Cəmiyyət / Təhsil

Təhsil Nazirliyi 453 milyonu hara xərcləyib? - “Məsələ MM-də müzakirəyə çıxarılmalıdır”

Təhsil Nazirliyi 453 milyonu hara xərcləyib? -

Kanal14.az: - "Dövlət universitetləri hər il ödənişli təhsildən və dövlətdən aldığı vəsaitin tam məbləğini və onların xərclənmə istiqamətlərini detallı əks etdirən hesabatları ictimailəşdirməyə öhdəlik hiss etməlidirlər. Şəffaflıq məsələsində universitetlər bütün qurumlara örnək olmalarının əksinə, qapalılığın və hesabatsızlığın çox pis nümunələrini yaradırlar”.
Bu fikirləri millət vəkili Etibar Əliyev Bakupost.az -a açıqlamasında qeyd edib.
O, investisiya vəsaitlərinin sahələrə xərcləndiyi barədə xeyli qaranlıq məqamların olduğunu deyib:

"Təhsil sistemi üzrə investisiya xərclərinin həcminin 215 milyon manata yaxın olduğu bildirilir. Bu vəsaitlə neçə yeni məktəb binası tikilib, nə qədəri təmir edilib? Bu işlər harada aparılıb? Universitetlərin maliyyələşməsi ilə bağlı detallı məlumatın təqdim olunmasını önəmli sayıram. Bizə təqdim edilən hesabatdan aydın olur ki, 2021-ci ildə bütün dövlət universitetlərinə 370 milyon manat ayrılıb. Həmin məbləğin 312 milyon manatı dövlət sifarişli təhsilin maliyyələşdirilməsi üçün məqsədli və ünvanlı vəsaitlər şəklində, 48 milyon manatı isə ümumi maliyyələşdirmə məqsədli ayırmadır. Məsələn, hər bir universitet üzrə büdcə hesabatına həm dövlət sifarişli, həm də ümumi maliyyələşdirmə çərçivəsində ayrılan vəsaitin əks olunduğu bir informasiya cədvəli əlavə etmək doğrudanmı çətindir? "
Millət vəkili, təhsil proqramlarının maliyyələşdirilməsi məsələsinə də toxunub:
"Ötən il təhsilə 3.2 milyard manata yaxın xərclənən vəsaitin 453 milyon manatının 18 proqrama yönəldildiyi bildirilir. Hətta bizə təqdim olunan məlumatlarda həmin proqramların adları, hər bir proqram üzrə xərclənən məbləğ və onların çərçivəsində tədbirlərə dair geniş informasiyalar da açıqlanıb. Amma önəmli olan başqa bir məsələdir. Dövlət büdcəsinin təhsil funskional bölməsi, nəticə əsaslı büdcəyə keçiddə pilot olaraq seçilmiş 3 sahədən biridir.
Qeyd olunan 18 proqram nəticə əsaslı büdcə tərtibatına nə dərəcədə inteqrasiya olunub? Həmin proqramların hədəf və nəticələrinin qiymətləndirməsi üçün hədəf göstərciləri nələrdir? Konkret olaraq 2021-ci ildə ölkənin təhsil sistemi bu proqramların icrasına 453 milyon manat xərclənməsindən hansı nəticə və faydaları götürməli idi? Təhsil, səhiyyə kimi sahələrdə cəmiyyət üçün xərclənən vəsaitlərin həcmilə bərabər, cəmiyyətin ondan qazandığı faydaları ölçən informasiyalar da xüsusi əhəmiyyət daşıyır. Düşünürəm ki, bu məsələdə Hesablama Palatasının məsuliyyəti böyükdür. Bu tip proqramların səmərəliliyi və nəticəliliyi hər il qiymətləndirilməli və parlament müzakirəsinə çıxarılmalıdır. Bu proqramlar üzrə hansısa hədəf göstəriciləri müəyyən edilibmi? Həmin hədəfləri əks etdirən konkret göstəricilər hansılardır? Xərcləmələr həmin hədəflərə çatmaq üçün yetərli oldumu? Ümumiyyətlə, hazırda istifadə olunan və uzun illər dəyişməyən büdcə hesabatlılığı təcrübəsindən təcili qurtarmalıyıq. Məsələn, bizim büdcə hesabatımız təhsil kimi strateji sahəyə xərclənən vəsaitlərin həcmilə yanaşı həmin xərcləmələrin təhsilin hədəfləri üzrə necə xərcləndiyi və hansı nəticələrin əldə olunduğu formatda tərtib edilməlidir. Aydındır ki, bunun üçün büdcənin proqramlar üzrə tərtibatına keçid prosesi baş verməlidir. Amma bu məsələdə müəyyən addımlar atılsa da, proses son dərəcə ləng gedir və ciddi şəkildə vaxt itirdiyimizi düşünürəm”.