Gündəm / Siyasət / Cəmiyyət

Moskva Ermənistana ”Qərbdən mədət ummayın" mesajını verir - Görünəni budur...


Moskva Ermənistana ”Qərbdən mədət ummayın

Kanal14.az: - Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistana getməzdən bir gün əvvəl bu ölkənin xarici işlər naziri Ararat Mirzoyanla telefon danışığı olub. Telefon danışığında nazirlər ikitərəfli, regional və beynəlxalq gündəliyin aktual məsələlərini müzakirə ediblər.

Həmçinin Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 26 noyabr 2021-ci il tarixli Soçi razılaşmalarının həyata keçirilməsinə xüsusi diqqət yetirilib. Lavrov Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə işlərin mümkün qədər tez başlamasının, sonrakı mərhələdə demarkasiyanın təmin edilməsinin vacibliyini vurğulayıb. Rusiyanın XİN başçısı Azərbaycan, Ermənistan və Rusiya baş nazirləri müavinlərinin həmsədrlik etdiyi üçtərəfli işçi qrupu çərçivəsində sazişin praktiki müstəviyə çevrilməsinin vacibliyini bildirib. Daha sonra Lavrov bəyan edib ki, Minsk Qrupuna görə narahatdır: "ATƏT-in Minsk Qrupu həmsədrləri üçlüyünün gələcək fəaliyyətinə gəlincə, onların gələcək taleyinin necə olacağını bilmirəm. Çünki amerikalı və fransız tərəfdaşlarımız rusofobik zərbə ilə hər şeyi ləğv etməyə çalışırlar. Rusiyanı narahat edən budur ki, onlar ATƏT-in Minsk Qrupu həmsədrləri üçlüyünü ləğv edərək, bizimlə bu formatda əlaqə saxlamayacaqlarını bildiriblər”.

Rusiyanın Minsk Qrupunun fiaskosunu qabartması nəyə xidmət edir? Həmsədrlik formatının ləğvinə görə niyə Rusiya narahatdır?

YAP-çı deputat Hikmət Babaoğlu Lavrovun fikirlərini təqdir edir: "Hazırda Azərbaycan üçün aktual prioritet Ermənistanla sərhədlərin delimitasiya-demarkasiyasını həyata keçirmək və mümkün sülh müqaviləsi üçün ilkin əsasları formalaşdırmaqdır. Buna paralel olaraq 10 noyabr 2020-ci il tarixində əldə edilən üçtərəfli razılaşmanın bütün bəndlərinin icra olunması da gələcək sülh üçün olduqca vacibdir. Ona görə də, Rusiya xarici işlər nazirinin hər iki məsələ ilə bağlı söylədiyi fikirlər təqdirə layiqdir. ATƏT-in Minsk Qrupu məsələsinə gəldikdə isə qeyd etmək lazımdır ki, rəsmi Bakının belə bir gündəmi yoxdur. Elə Rusiya Federasiyası da köhnə həmsədr kimi öz nümayəndəsinə təzə status verərək onu üçtərəfli danışıqlarda Rusiyanın nümayəndəsi təyin edib. Bu faktın özü-özlüyündə həmsədr məsələsində nəyin necə olduğunu aydın ifadə edir. Sergey Lavrovun ”ATƏT-in Minsk Qrupu həmsədrləri üçlüyünün gələcək fəaliyyətinə gəlincə, onların gələcək taleyinin necə olacağını bilmirəm. Çünki amerikalı və fransız tərəfdaşlarımız rusofobik zərbə ilə hər şeyi ləğv etməyə çalışırlar. Rusiyanı narahat edən budur ki, onlar ATƏT-in Minsk Qrupu həmsədrləri üçlüyünü ləğv edərək, bizimlə bu formatda əlaqə saxlamayacaqlarını bildiriblər" fikirlərinə gəldikdə isə bu da elə Minsk Qrupunun artıq tarixə qovuşmasının etirafı kimi qəbul edilə bilər. Lavrovun təəssüfü isə ondan ibarətdir ki, Qərbin "rusofobiyası” Rusiya ilə bütün əməkdaşlıq platformalarını sıradan çıxarıb və bu, Rusiya üçün yaxşı perspektiv vəd etmir. Axı biz 30 illik münaqişə tarixində ən müxtəlif məsələlərdə, ən müxtəlif səviyyələrdə toqquşan Rusiya-Qərb mövqelərinin Qarabağ məsələsində birləşdiyini görürdük. Çünki burada Lavrovun ifadəsi ilə desək bir "türkofobiya”, "islamafobiya” var idi və bu "fobiyalar” Qərbi və Rusiyanı birləşdirirdi. Nəticədə isə işğalçı Ermənistanın əli güclənirdi. Ona görə də əldən çıxan fürsətlərə hələ çoxları çox heyfsilənəcəklər. Ancaq reallıq odur ki, bu gün regionun siyasi gündəmini Azərbaycan diktə edir və orada heç bir Minsk Qrupu filan yoxdur".

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov Rusiyanın Cənubi Qafqazı əldən buraxmaq istəmədiyini söylədi: "İlk növbədə onu deyək ki, Ukrayna ilə davam edən müharibə səbəbindən indi Rusiyanın işi kifayət qədər çətindir. Qərbin tətbiq etdiyi sanksiyalar Kremli iqtisadi cəhətdən sıxır və daha ağır gələcək vəd edir. Buna baxmayaraq, Rusiya Cənubi Qafqaz regionunu əldən buraxmaq istəmir. Ermənistanla Azərbaycan və Türkiyə arasında əlaqələrin normallaşması, həmçinin Avropa İttifaqının bu istiqamətdəki fəallığının artması şübhəsiz ki, şimal qonşumuzu narahat edir. Çünki Moskva regionda ”düyünlərin açılmasını" istəmir. Minsk Qrupunun otuz illik yarıtmaz təcrübəsi məlumdur. Ola bilsin ki, Rusiya xarici işlər naziri Sergey Lavrov sözügedən qurumun "oyuna daxil olması ilə” proseslərin həlli istiqamətində süni əngəl yaranmasına ümid edir. Lavrovun bu yolla proseslərin uzanmasını istəməsi tamamilə mümkündür. İkinci bir tərəfdən, Qərb Ukrayna məsələsinə görə Rusiyanın qarşısındadır. Moskva Qərbin iki aparıcı dövləti olan Fransa və ABŞ-la yenidən eyni platformada yer almaq, onlarla, belə demək mümkünsə, iş birliyi etməklə həmin dövlətlərin heç olmasa, neytrallığına nail olmaq istəyir. Amma belə bəyanatlar boş və mənasızdır. Rusiya sadəcə "saman çöpü”ndən yapışmaq istəyir. Azərbaycan və Türkiyə isə regionda öz işini görməkdədir. Ermənistan hakimiyyətinin regional proseslərlə bağlı mövqeyi də məlumdur. Prezident İlham Əliyevin də dediyi kimi, bizim üçün Minsk Qrupu artıq yoxdur".

Siyasi analitik Asif Nərimanlı bu fikirlərin pərdəarxası məqamlarına toxundu: "Lavrovun Minsk Qrupu haqda narahatlığını dilə gətirməsi, fikrimcə, Ermənistanın bu format üzərindəki istəklərinə cavabdır. Rəsmi İrəvan hər fürsətdə Minsk Qrupunun bərpasını gündəmə gətirir, Lavrov da izah edir ki, bu formatın ləğvinə görə günahkar Qərbdir. Halbuki Minsk Qrupunun müharibədən sonra fəaliyyətinin dondurulmasında Rusiya da maraqlı idi və Ukrayna müharibəsindən sonra həmsədrini xüsusi nümayəndəyə ilk çevirən də onlar oldu. Moskva buna görə digər həmsədrləri ittiham etməklə Ermənistana ”Qərbdən mədət ummayın" mesajını verir. Yəni burada əsas məqsəd Ermənistanın mövqeyinə təsir etməkdir. Rusiya 44 günlük müharibədən sonra Qərbdə Minsk Qrupuna qarşı Avropa İttifaqının önə çıxmasına şərait yaratdı, bu, Azərbaycana da sərf edir. Brüssel və Moskvanın ortaq fəaliyyəti Ukrayna müharibəsindən sonra dəyişdi və hazırda bölgə üzərində təsir imkanlarının artırılması uğrunda mübarizə gedir. Rusiya buna qarşı hazırda Türkiyənin aktivləşməsində maraqlıdır. Lavrovun Ankaraya səfərində əsas məsələlərdən biri də bu idi. Tərəflərin Ukrayna və Suriya ilə yanaşı, Cənubi Qafqazda da anlaşmağa çalışdığı görünür. Bütün bunların fonunda Rusiyanın Minsk Qrupundan bəhs etməsi bu formatın dirildilməsinə yox, Ermənistana vəziyyəti izah etmək və bu vəziyyətə görə günahkarın Moskva olmadığını çatdırmağa hesablanıb".
"Yeni Müsavat”