Gündəm / Cəmiyyət / Sosial

Qərəzli şəxslərin çirkin niyyətlərinin acı nəticəsi - VİDEO

Qərəzli şəxslərin çirkin niyyətlərinin acı nəticəsi - VİDEO

"DogruXeber.az"ın məlumatına görə artıq bir neçə gündür ki, özünü qazi anası kimi təqdim edən Sabirabad rayon Nizami kənd sakini Kəmalə Qasımova sosial medialarda və YouTube kanallarında qazi oğlunun Nizami kənd orta məktəbinin direktoru Şahlar Cəbrayılov və onun qardaşı oğlu, eyni zamanda sözügedən məktəbin müəllimi Kazım Cəbrayılov tərəfindən döyüldüyü iddiaları ilə çıxışlar edir. Hətta, dediyinə görə beyninə qansızma diaqnozu ilə 1saylı Şəhər Kliniki Xəstəxanasına (Semaşko) yerləşdirilib və hazırda orada müalicəsi davam etdirilir.

Biz 30 il torpaq həsrəti ilə qovrulmuş xalqıq. Cəmi 10 milyon əhalisi olan Azərbaycanın, 1 milyondan çox qaçqın və məcburi köçkünləri var. Minlərlə insan torpaq həsrəti ilə köçdü dünyadan. Minlərlə körpə gəldi dünyaya və əslinin hansı bölgədən olduğunu yalnız başqalarından dinləyərək böyüdü. 30 illik vətən, torpaq acısı bütün xalqın "qanayan yara"sı oldu və atalar, analar da övladlarını bu hirs, bu intiqam hissi ilə böyütdü, müəllimlər şagirdləri bu cür yetişdirdilər. Nəhayət torpağımız işğalda olduğu zamanlarda doğulan körpələr böyüdü, müharibə əmri verilən kimi də döyüşlərə atılıb, qələbəni qazandılar və qazandırdılar. Odur ki, bu xalq, bu torpaq üçün, canını sipər edən, güc sayəsində işğaldan azad etdikləri torpaqdan düşmənin ayaq izlərini qanları ilə yuyan oğullar özləri də, ailələri də bizim üçün çox önəmlidir və hər birimizin onlara böyük hörməti var.
Odur ki, ziyalı şəxslərin, hər il yüzlərlə vətənpərvər insan yetişdirən, hər gün şagirdlərinə vətəni sevmək öyrədən müəllimlərdən də bu cür davranış hər kəs kimi bizi də narahat etdi.

"Dogruxeber.az" olaraq hər zamankı kimi məsələyə obyektiv yanaşmaq və yerində araşdırmaq üçün çəkiliş qrupumuz ilə birlikdə üz tutduq Sabirabad rayonunun Nizami kəndinə. Kəmalə Qasımova hadisənin məktəbdə olduğunu iddia etdiyi üçün, elə biz də kənd orta məktəbinə getdik ki, hal şahidlərini də dindirək. Lakin, şahidlərin söylədikləri, Kəmalə Qasımovanın söylədiklərinin tam əksi oldu ki, bunu da aşağıdakı linkə daxil olub, "MUM.TV" YouTube kanalımızda öz gözlərinizlə görün.



Gördüyünüz kimi şahidlər arasında hətta Kəmalə Qasımovanın öz qonşuları da var ki, onlar hadisəni görməsə belə, həm insan kimi, həm qonşu kimi necə biri olduğunu özləri dedilər.

Hadisədə əsas adı hallanan Kazım Cəbrayılovun söylədiklərini də, Kəmalə Qasımovanın "qazi" kimi təqdim etdiyi oğlunun özünün dediyi kimi döyüldüyünü, yoxsa şahidlərin dediyi kimi özü öz başına döydüyünü də özünüz yuxarıdakı linkdə gördünüz.

Yeri gəlmişkən, dönə-dönə vurğuladığımız kimi "DogruXeber.az" yenə də obyektiv olaraq, qarşı tərəf olan, Kazım Cəbrayılovun Kəmalə Qasımovanı öyrədən və bütün baş verənlərə səbəb olduğunu iddia etdiyi Şamaxı Rayon Yol İdarəsinin müdiri Nazim Eynallı ilə telefon əlaqəsi saxladıq. Nazim Eynallı 2-3 dəqiqəlik danışığımız içərisində gah münasib yerdə olmadığını, gah məzuniyyətdə olduğunu, sonda isə bu barədə danışmaq istəmədiyini bildirdi ki, bunun da nə anlama gəldiyini özünüz oxuyarkən, bilmisiniz yəqin ki...

Az əvvəl yuxarıda şəhid ailələri və qazilərin bu xalq üçün hansı zirvədə olduğunu qeyd etdik. Bunu hər kəs bilir. Elə Kəmalə Qasımovanın özü də. Amma, görünür o bir nüansı yanlış anlayıb. Qazi, şəhid ailəsi hansı zirvədədirsə, müharibə iştirakçıları da hər kəsin qəlbində o zirvədə yer alıb. Ona görə də iştirakçı olduğu halda, sosial medialarda xalqın "həssas damar"ına toxunmaq üçün "qazi" demək, xalqı aldatmaqdır. Hələ üstəlik də bu addan başqa məqsədlər üçün istifadə etmək, 3-5 manat üçün "qazi" adını və silah götürüb düşmən üstünə gedən oğulu kimlərinsə "intiqam aləti"nə çevirmək, həmin igidlərin öz valideyini olsa belə bağışlanması mümkünsüz səhvdir.

Yeri gəlmişkən, Kazım Cəbrayılov Nazim Eynallının Kəmalə Qasımovanın oğlunun müalicə aldığı xəstəxanaya gəlib Kəmalə Qasımova ilə, oğlu Babək Qasımovla, həmçinin Babək Qasımovun həkimi ilə görüşməsinin də lentə alındığını və yayımlanması üçün həmin görüntüləri bizə təqdim edəcəyini bildirdi.
Görüntülər redaksiyamıza təqdim edildikdən sonra, sizlərin də diqqətinə çatdıracağıq.

Mövzuya qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az