20 günə 13 tender müqaviləsi imzalayan holdinq... - Külli miqdarda vergi borcu var
Azərbaycanda fəaliyyət göstərən "MSDIS Holding”in dövlət qarşısında külli miqdarda vergi borcu olduğu müəyyənləşib.
"Kanal14.az"ın "Qafqazinfo”ya istinadən məlumatına görə, hazırda şirkətin vergi borcu 375 240.74 manat təşkil edir.
Maraqlıdır ki, şirkət 2022-ci ilin geridə qalan 5 ayı ərzində 16 tender müqaviləsi imzalayıb. Bu müqavilələrin ümümi dəyəri 1 809 277, 46 manat olub.
Vergi borcu olan şirkətlərin tenderdə iştirakı "Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə mümkün olmasa da, şirkət təkcə cari ilin may ayında 13 tender müqaviləsi imzalayıb. Bu müqavilələrdən 5-i Xocavənd Rayonu Kommunal Müəssisələri Kombinatı ilə imzalanıb. Bunlardan 3-ü üç gün aralığı ilə (17-20 may) baş tutub. Xocavənd Rayonu Kommunal Müəssisələri Kombinatı "MSDIS Holding” arasında imzalanan sonuncu müqavilə mayın 20-nə təsadüf edir.
Qeyd edək ki, iki ildir fəaliyyət göstərən "MSDIS Holding”in baş direktoru Nağıyev Mirfəyyaz Oktay oğludur. Holdinq inşaat, istehsalat və yanacaqdoldurma sektorları üzrə ixtisaslaşıb. Hazırda holdingin tərkibində 5 sahə fəaliyyət göstərir. Bunlar "MS Sement”, "MS Kabel” və "MS Oil”"MS Asfalt” zavodu, "MS Laminat” və "MS Karyer” sahələridir.