Gündəm / İqtisadiyyat / Cəmiyyət / Sosial

Bayrama düşmən kəsilən BAHALIQ... - Maaş-pensiya artımı da heç nəyə yaramır...

Bayrama düşmən kəsilən BAHALIQ... - Maaş-pensiya artımı da heç nəyə yaramır...

Kanal14.az: - Azərbaycanda Ramazan bayramı qeyd olunmaqdadır. Bir ay müddətində orucluqdan sonra yenidən oruc tutanlar normal həyata qayıdır. Bir ay müddətinə oruc tutan hər kəs Ramazan süfrəsini çeşidli yeməklərlə bəzməyə çalışır. Ancaq təəssüf olsun ki, hər bayramda olduğu kimi Ramazan bayramında da ərzaq məhsullarının qiymətində artım müşahidə edilir. Mütəxəssislər, bu artımı tələbatın artması ilə izah edirlər.
Şablon bir fikir var: "Təlabat çox olduğu üçün təklif bahalaşır”. Yəni bir ərzaq məhsulunu alıb, süfrənə qoymaq istəyirsənsə, hər zamankından bir az çox xərcə düşməlisən. Buna görə də, hər kəs bayram süfrəsini istədiyi şəkildə bəzəyə bilmir. Məsələn toyuq ətinin qiyməti 1 kiloqram üçün 5,80 manatdan başlayır. Yəni bir toyuq aldığın zaman 7-8 manat xərcləməlisən. Nəyə görə, ilk olaraq toyuq ətinin qiymətinin yazıram, çünki kasıb təbəqənin ən çox üstünlük verdiyi qidadır. Bayramlarda süfrələri demək olar ki, toyuq ətindən hazırlanmış yeməklər bəzəyir.

Mal ətinin bir kiloqramı sümüklü ət 11 manatdan başlayır, əgər sümüksüz ət almaq istəsə, bu alıcıya 15 manata başa gələcək. Kərə yağının qiyməti 18 manatdan başlayır. Pomidor-xiyarın da qiyməti bahadır. Pomisor 2,70 manat-3,40 manatadır. Xiyarın ən ucuzu isə 1,70 qəpiyədir. Soğan 1 manat, kartof da 1,40 manatadır. Əvvəllər 99 qəpiyə olan makaronun qiyməti 1,60 manatadır. Ən ucuz konfet 7 manatdır. Süfrələrin bəzəyi olan plov bişirmək üçün isə, düyünün qiyməti 5 manatdan başlayır. "8 km bazarı”nda isə, qiymətlər marketlərdən fərqli olaraq 40-70 qəpik daha ucuzdur. İmkanı az olan, minimum əmək haqqı ilə "yaşamağa” çalışan Azərbaycan vətəndaşı, aylıq büdcəsinə nəzər salıb, bayramı da oruclu kimi keçirməyə məcburdur.

Ötən ilin sonlarında hökumətin yenilənmiş sosial paketi də bazarlardakı qiymətlərlə bacara bilmir. Bu gün ölkədə ərzaq məhsullarının qiyməti bəzi məhsullarda 100 faiz, bəzilərində isə 70-80 faiz bahalaşıb. Yəni çoxu üçün Ramazan bayramı Ramazan günlərindən fərqlənməyəcək. Hələ nəzərə alsaq ki, bayram günlərində qiymətlər bir az da bahalaşır. İndi siz minimum əmək haqqı ilə yaşayan, kirayə haqqı, komunal xərclər ödəməli olan vətəndaşın bayram süfrəsini düşünün...

Bayramlarda bayram yarmarkaları açılır, güya nisbətən ucuz ərzaq məhsulları təklif edilir. Ancaq bu ucuzluq bazar qiymətləri ilə müqayisədə 20-30 qəpikdən kənara çıxmır.

Bayramın mübarək olsun, bayramı adi günlərdən fərqlənməyən vətəndaşım!
Bizimyol.info