Azərbaycana gələn turistlərin böyük qismi Bakı şəhərinə üstünlük verir. Regionlar turizm imkanları baxımından hələlik paytaxt ilə rəqabət apara bilmirlər. 

"Kanal14.az" xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Deputat bildirib ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin birincü rübündə ölkəmizə gələn turistlərin 70,8 faizi Bakıda,  12,4 faizi Qusarda, 5,8 faizi Qəbələdə, 3,5 faizi Naftalanda, 2,9 faizi Qubada, 1,5 faizi Şabranda,1,0 faizi Naxçıvan Muxtar Respublikasında, 2,1 faizi isə digər şəhər və rayonlardakı hotellərdə qalıblar. 

"Bu isə o deməkdir ki, orta hesabla Azərbaycana gələn hər 100 turistdən 70-si Bakıdan kənara çıxmır. Göründüyü kimi, turistlərin rayonlara marağının artırılması üçün sistemli tədbirlərin genişlənməsinə, stimullaşdırıcı kampaniyaların təşkilinə ehtiyac var. 2022-ci ilin ilk rübündə ölkə mehmanxanalarında keçirilmiş gecələmələrin sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 45,3 faiz artaraq 435,3 min olub. Gecələmələrin 48,5 faizi Bakıda, 10,8 faizi Qusarda, 8,0 faizi Qubada, 7,6 faizi Qəbələdə, 6,1 faizi Şabranda, 3,4 faizi Naftalanda, 3,1 faizi Lənkəranda, 2,3 faizi Naxçıvan Muxtar Respublikasında, 1,2 faizi Şamaxıda, 1,1 faizi Mingəçevirdə və 7,9 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb. Statistika göstərir ki, 2022-ci ilin ilk aylarında turizm sektorunda canlama bərpa edilib. Eyni zamanda, Azərbaycan vətəndaşlarının mehmanxanalarda keçirdiyi gecələmələrin sayı da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,9 faiz artaraq 263,3 min olub. Bu da ümumi gecələmələrin 60,5 faizini təşkil edir".

O qeyd edib ki, xarici turistlərin mehmanxanalarda keçirdiyi gecələmələrin sayı da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 3,2 dəfə artaraq 172,0 min olub:

"Bu da ümumi gecələmələrin 39,5 faizini təşkil edir. Gecələmələrin 14,2 faizi Rusiya, 12,8 faizi Birləşmiş Ərəb Əmirlikləri, 10,3 faizi Türkiyə, 8,7 faizi Səudiyyə Ərəbistanın payına düşüb. Statistika göstərir ki, ölkəyə gələn tursitlərin sayında və hotellərdə gecələmələrdə Rusiyadan gələnlər yenə də öndədirlər. Bu sahədə digər diqqəti çəkən məqam turizm obyektlərinin və hotellərinin gəlirlərinin artmasıdır. 2022-ci ilin birinci rübündə mehmanxanaların gəlirləri əvəlki ilin müvafiq dövrü ilə müqayisədə 74,8 faiz artaraq 59,7 milyon manat olub. Birinci rübün nəticələri göstərir ki, karantin qaydalarının yumşaldılması həm gəlmə, həm də daxili turizmin dövriyyəsinə müsbət təsir göstərib. Mövcud tendensiya yeni turizm mövsümündə ölkəyə gələn xaricilərin sayının artacağından xəbər verir".