Rusiya Ukraynanı işğalının ikinci ayına girərkən Rusiya prezidenti Vladimir Putin mühüm açıqlamalar verib.

"Kanal14.az" xəbər verir ki, Putinin sözlərinə görə Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) məşhur rusiyalı jurnalistlərdən birinin öldürülməsinin qarşısını alıb. Bununla yanaşı o, Qərbin rusiyalı jurnalistləri öldürmək üçün Kiyevə xüsusi dəstə qrupları göndərdiyini açıqlayıb. 

Rusiya Baş Prokurorluğunun əməkdaşları ilə görüşdə çıxış edən Putin "Bu gün səhər saatlarında FSB bölmələri Rusiyanın məşhur jurnalistlərindən birinə hücum edərək onu öldürməyi planlaşdıran terror qruplaşmasının fəaliyyətinin qarşısını alıb. Əlbəttə ki, indi bunu inkar edəcəklər, lakin tapıntılar və sübutlar təkzibedilməzdir",  - deyə  açıqlama verib.  

Putin bildirib ki, Qərb Rusiyanı daxildən məhv etməyə çalışır, lakin belə cəhdlər uğursuzluqla nəticələnəcək. Putin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsini də günahlandırıb.

"İnterfaks" xəbər agentliyi millətçi qrupun üzvlərinin Rusiya hakimiyyəti tərəfindən saxlanıldığını bildirib. Ukrayna casuslarının əmri ilə hərəkət edən qruplaşmanın rusiyalı jurnalist Vladimir Solovyevi hədəf aldığı iddia edilir.

Lakin "Reuters"in məlumatına görə, Putin məsələ ilə bağlı heç bir sübut təqdim etməyib.

Putin həmçinin Qərb mediasını "anti-Rusiya təbliğatı” aparmaqda ittiham edib.