Rusiyanın "Rossiya 1” telekanalında yayımlanan "60 dəqiqə” verilişində Azərbaycana qarşı növbəti təxribat yaşanıb.

"Kanal14.az" xəbər verir ki,  proqram zamanı Rusiya Dövlət Dumasının İqtisadi siyasət komitəsinin sədr müavini, deputat Mixail Delyaqin Azərbaycanı "proksi dövlət” adlandırıb. Bununla yanaşı, veriliş  zamanı Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi müharibədən danışılarkən Qarabağdakı son vəziyyətə də toxunulub.

"Azərbaycanlılar həqiqətən atəşkəsi pozub. Bizimkilər bildirdilər ki, Azərbaycan tutduğu mövqelərdən geri çəkilib. Lakin Azərbaycan rəsmən elan etdi ki, heç yerə çəkilməyiblər. Baxın, ABŞ-ın sattelitləri, indiki halda Türkiyə tərəfindən həyata keçirilən aqressiya və "Türkiyənin proksisi”, hansı ki, biz dövlət adlandırırıq (Azərbaycanı nəzərdə tutur - red.) bu gün real təhlükədir. Əgər biz buna görə Azərbaycanı birmənalı şəkildə sərt cəzalandırmasaq... Bizə Azərbaycanın neft-qaz sənayesi niyə lazımdır? Lazım deyil. Əgər insanlar söz başa düşmürsə, onda konkret əməllə başa salmaq lazımdır. Əgər bunu etməsək, o zaman biz olmayacağıq, başa düşürsünüz?! İndi məsələ ancaq bu cür qoyulmalıdır”, - deyə deputat söyləyib.

Belə ki, rusiyalı deputat öz rəsmi teleqram kanalında Azərbaycanla bağlı sorğu yerləşdirib. Sorğuda izləyicilərdən Azərbaycanın neft sənayesinin məhv edilməsi üçün taktiki nüvə silahından istifadə olunmasını düzgün hesab edib-etmədikləri soruşulub.

Cavablar arasında "Bəli, lazımdır” 28%, "Bəli, lakin Azərbaycan mafiyasının Rusiya hakimiyyətinə təsiri səbəbindən bu, mümkün deyil” 13%, "Xeyr, bu yolverilməzdir” isə 59% səs toplayıb.