ABŞ Senatı Rusiya Prezidenti Vladimir Putinin fəaliyyətinin hərbi cinayətkar kimi araşdırılmasını tələb edən qətnamə qəbul edib.

Bu barədə "Kanal14.az" xarici KİV-ə istinadən xəbər verir.

Qeyd edilir ki, qətnamə respublikaçı senator Lindsey Qraham tərəfindən təqdim edilib və hər iki partiyanın senatorları tərəfindən dəstəklənib.

Senat Putinin dövründə Rusiya silahlı qüvvələri tərəfindən törədilən "zorakılıq, müharibə cinayətləri, insanlıq əleyhinə cinayətləri” qətiyyətlə pisləyib.

Qətnamə Haaqa Beynəlxalq Cinayət Məhkəməsini və digər ölkələri Rusiyanın Ukraynaya müdaxiləsi zamanı törətdiyi hərbi cinayətlərlə bağlı Rusiya Prezidenti Vladimir Putin və onun komandasını, o cümlədən Rusiya ordusunu araşdırmağa çağırır.

"Bu zalda hamımız demokratlar və respublikaçılarla Vladimir Putinin Ukrayna xalqına qarşı törədilən vəhşiliklərə görə məsuliyyətdən qaça bilmədiyini demək üçün birləşdik", - Senatdakı demokrat çoxluğun lideri Çak Şumer deyib.

Qeyd edək ki, fevralın 24-də Rusiya Ukraynaya qarşı müharibəyə başlayıb. Hərbi əməliyyatlar zamanı hər iki tərəfdən xeyli insan həlak olub. Müharibə Ukraynanın infrastrukturuna külli miqdarda ziyan vurub, ölkənin minlərlə dinc sakini həlak olub və ya yaralanıb. Eyni zamanda yüz minlərlə mülki şəxs ölkəni tərk etmək məcburiyyəti ilə üzləşib.