Gündəm / Cəmiyyət

“Azərbaycan bütün sahələrdə uğurla inkişaf edir” – RƏY


"Bu gün Azərbaycan xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas götürür, beynəlxalq münasibətlər sisteminə yeni və daha mütərəqqi dəyərlər təqdim edir. Bu isə daha çox regional və qlobal inkişafa, sabitliyə, təhlükəsizliyə töhfə kimi xarakterizə edilir”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının sədri İlkin Əliyev bildirib.

Onun sözlərinə görə, Azərbaycan dünyanın bir çox ölkələri ilə yanaşı, Rusiya ilə də əlaqələri daim inkişaf etdirir: "Bu gün Azərbaycan və Rusiya arasında əlaqələr strateji tərəfdaşlıq müstəvisində mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında hərtərəfli şəkildə uğurla inkişaf edir. Azərbaycan-Rusiya münasibətlərinin inkişafı bütövlükdə regionun tərəqqisi, həmçinin bölgədə sülhün və təhlükəsizliyin təmin olunması baxımından önəm daşıyır. Öz növbəsində, Rusiya da Azərbaycanla çoxşaxəli əməkdaşlığı öz milli maraqlarına müvafiq hesab edir və tərəfdaşlığın genişləndirilməsi niyyətində olduğunu bildirir. Hər iki ölkə arasında qarşılıqlı əməkdaşlıq, bütün sahələr üzrə faydalı əlaqələrin qurulması münasibətlərin daha da möhkəmlənməsinə mühüm töhfələr verir. 21 fevral 2022-ci il tarixdə Prezident cənab İlham Əliyevin və I vitse- prezident Mehriban xanım Əliyevanın Rusiya Federasiyasına səfəri, səfər çərçivəsində hər iki ölkənin rəhbərlərinin təkbətək görüşü, qarşılıqlı əməkdaşlığa və müttəfiqliyə dair birgə Bəyannamənin imzalanması Azərbaycanla Rusiya arasında əlaqələrin yeni müstəvidə formalaşdığını göstərir. Moskva Bəyannaməsi tərəflər arasında qarşılıqlı əlaqələri müttəfiqlik səviyyəsinə qaldırmaqla bərabərhüquqlu münasibətlərin yüksək səviyyədə tənzimlənməsində mühüm rol oynayacaq, hər iki ölkənin münasibətlərinin bundan sonra uğurlu inkişafına, regional sabitliyin və təhlükəsizliyin qorunub saxlanılmasına müsbət təsirini göstərəcək”.