"Kanal14.az" xəbər verir ki, bir neçə gün öncə Bakı şəhəri, Nizami rayonunda yerləşən Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda pasiyentlə həkim arasında xoşagəlməz hal yaşanıb.

Bu barədə "Unikal"a şikayətçi Aytac Əhmədova məlumat verib. O bildirib ki, hadisə 25 yanvar tarixində baş verib:

"Həmin gün Ağciyər institutunda yanğın baş verdi. Bu zaman xəstələri başqa yerə köçürürdülər. Mən isə palatamda qalacağımı deyib, etirazımı bildimişəm. Bir də gördüm ki, qapı açıldı və xəstəxananın şöbə müdiri Zaur Həsənov otağıma gələrək, "Sən hələ getməmisən?”, - deyə mənə sual verdi. Mən də ona dedim ki, getmirəm. Bu zaman mənə dedi ki, sənə bir söz deyəcəyəm, səninlə bir gecəlik intim münasibət yaşamaq istəyirəm. Mən isə qapını açıb çıxmağını tələb etdim. Mənə dedi ki, əsəbiləşmə, nə dedim ki?! Bundan sonra gözlədim ki, o, məndən etdiyi hərəkətə görə üzr istəyər, amma o bunu etmədi. Məsələ ilə bağlı Nizami Rayon Polis İdarəsinə və Nizami Rayon Prokurorluğuna ərizə yazaraq müraciət etmişəm".

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun şöbə müdiri Zaur Həsənov "Unikal"a açıqlamasında bildirib ki, A.Əhmədovanın iddiaları əsassızdır: "Onlar məni şöbə müdirliyindən kənarlaşdırmaq üçün bunu edirlər. Dedikləri hamısı şər-böhtandır. Mən artıq həmin qadınla bağlı hüquq-mühafizə orqanlarına müraciət etmişəm".

Qeyd edək ki, 28 yaşlı Aytac Əhmədova noyabr ayının 25-dən institutun vərəm şöbəsində xəstə kimi qeydiyyata alınıb. O, burada dekabr ayının 13-nə qədər müalicə alıb. Daha sonra evə buraxılıb. Evdə halı pis olduqda həkimi ilə əlaqə saxlayıb və yenidən xəstəxanaya dəvət edilib. Nəhayət, fevralın 8-də o, xəstəxanadan ayrılıb. A.Əhmədova MDR xəstəsi olduğunu, lakin müalicə olunduğu dövrdə bu barədə ona düzgün məlumat verilmədiyini də iddia edib.