Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Masallı rayonunda məktəbli qızın ərə verilməsi ilə bağlı yayılan məlumatlarla əlaqədar daha bir açıqlama yayıb.

Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu "Kanal14.az"a bildirib ki, təmsil etdiyi qurum Masallı Rayon İcra Hakimiyyətinin Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya ilə əlaqə saxlayıb.

Onun sözlərinə görə, Komissiyadan Dövlət Komitəsinə bildirilib ki, sosial şəbəkələrdə 15 yaşlı qızın ərə verilməsi ilə bağlı yayılan məlumatlarla əlaqədar artıq icra hakimiyyətinin əməkdaşları ailədə olublar və fakt araşdırılıb.

Məlum olub ki, iki ailə arasında kiçik razılaşma mərasimi baş tutub: "Ailə ilə aparılan söhbətdən sonra bildirilib ki, azyaşlının 18 yaşı tamam olana qədər toy mərasimi baş tutmayacaq. Komissiyadan o da əlavə edilib ki, oğlanın valideynləri də rayon İcra Hakimiyyətinə dəvət edilib və onlarla da söhbət aparılacaq. Qeyd olunacaq ki, toy mərasimi baş tutarsa hər iki ailə məsuliyyətə cəlb ediləcəkdir".

***

12:51

Ötən gün sosial şəbəkələrdə Masallı rayonunun Alvadı kəndində 13 yaşlı qızın ərə verilməsi ilə bağlı məlumatlar yayılıb. 

"MUMtv.az" xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu artıq məsələ ilə bağlı araşdırmalara başlanıldığını bildirib:

"Araşdırmanın nəticəsindən asılı olaraq ictimaiyyətə məlumat veriləcək".