Gündəm / Siyasət / Sosial

Korrupsiya və məmur özbaşınalığına AÇIQ QAPI: - "Daşınmaz əmlakın qapalı dövlət reyestri..."

Korrupsiya və məmur özbaşınalığına AÇIQ QAPI: -

"Şəffaf və effektiv iqtisadiyyat qurmaq istəyiriksə, ilk növbədə daşınmaz əmlakın reyestrini açıq etməliyik”.

"Kanal14.az" yenicag.az-a istinadən xəbər verir ki, bunu daşınmaz əmlakın dövlət reyestrinin qapalı olmasının mənfi təsirlərini dəyərləndirən iqtisadçı Əkrəm Həsənov deyib.

Onun sözlərinə görə, sözügedən reyestrin qapalı olması korrupsiyanın, məmur özbaşınalığının və insan haqlarının tapdalanmasının əsas səbəblərindəndir:

"Əksər ölkələrdə bu reyestr hamıya açıqdır. Bütün məlumatlar müvafiq portalda yerləşdirilir, daxil ol və əldə et. Bu, şəffaflığın əsas göstəricilərindən biridir. Xalq ilk növbədə ölkəsinə aid olan onun ərazilərin, torpaq sahələrinin, binaların kimə məxsus olduğunu görə bilməlidir. Açıq dövlət reyestri korrupsiyanın qarşısını alır. Məmurlar əmlakı yaxınlarının adına əldə etsə belə, bunu araşdırmaq mümkün olur. Həmçinin açıq dövlət reyestri məmur özbaşınalığının qarşısını alır. Daşınmaz əmlakın özəlləşdirilməsi, müvafiq razılıqların verilməsi və s. şəffaflaşır. Açıq dövlət reyestri insan haqlarının həyata keçirilməsini asanlaşdırır.

Bir sözlə, şəffaf və effektiv iqtisadiyyat qurmaq istəyiriksə, ilk növbədə daşınmaz əmlakın reyestrini açıq etməliyik. İnsan hüquqları sırasında ən vacibi mülkiyyət hüququdur. Mülkiyyət hüququnun obyektləri sırasında isə ən vacibi daşınmaz əmlakdır”.