Gündəm / İdman

Azərbaycan yığmasının futzalçısı Avropa çempionatında hədəflərini açıqlayıb

Azərbaycan yığmasının futzalçısı Avropa çempionatında hədəflərini açıqlayıb

Kanal14.az: - "Bilirəm ki, 20 yanvar Azərbaycan tarixində xüsusi gündür. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirəm. Onlar heç vaxt unudulmayacaqlar".

Bunu Azərbaycan millisinin futzalçısı Qallo federasiyanın rəsmi saytına açıqlamasında deyib. Avropa çempionatı ilə əlaqədar yığmanın heyətində Niderlandın Qroningen şəhərindəki "Martini Plaza”da ilk məşqinə çıxan braziliyalı legioner gündən-günə daha yaxşı formaya düşdüklərini bildirib.

O, qrup mərhələsində Gürcüstana qarşı ilk matça kökləndiklərini söyləyib: "Son bir həftədə daha intensiv hazırlıq keçmişik. Yoldaşlıq oyunu keçirməyimiz də yaxşı oldu. Zəif tərəflərimizi gördük və qısa vaxtda sürətli şəkildə aradan qaldırmağa çalışırıq. Komandada əhval-ruhiyyə yaxşıdır. Hamımız çempionat üçün darıxmışıq. Əminəm ki, yaxşı çıxış edəcək və uğur qazanacağıq. Bura o məqsədlə gəlmişik. Tapşırığımız məlumdur - minimum vəzifəmiz qrupdan çıxmaqdır".

Qallonun fikrincə, Azərbaycan yığması Avropa çempionatının oyunlarına hazırdır: "Düzdür, qarşıda daha 2 məşqimiz var. İndi ancaq taktiki planda və standartlar üzərində çalışırıq. İşimiz pis alınmır. Hər məşq yaxşı olmaq baxımından bizə kömək edir. Xırda detallar qalıb ki, onu da tamamlayacağıq. Bu əsasən standartlarla bağlıdır. Avropa çempionatında zəif komanda, rəqib olmur. Bura seçmə mərhələdə güclü olanlar qatılır. Çempionat buna görə digər qitələr üçün də maraqlıdır. Azərbaycan millisinin formasını geyinməkdən, bu komanda ilə uğur qazanmaq üçün mübarizə aparmaqdan məmnunam. Qrupumuzda fərqli oyun üslubuna və gücə malik komandalar yer alıb. Biz keçirdiyimiz son yoldaşlıq oyunlarında yaxşı nəticələr qazana bilməsək də, rəsmi görüşlərdə bunları unutduracağıq".

"Çempionatın daha çox komandanın iştirakı ilə keçirilməsi də marağı artıran məqamdır. Futzal bayramı daha çox müddəti əhatə edəcək, Oyunlar arasında fasilə - deməli, bərpa və hazırlaşmaq müddəti də çox olacaq” deyə 34 yaşlı müdafiəçi fikirlərini tamamlayıb.

Qeyd edək ki. D qrupunda yer alan Azərbaycan millisi Gürcüstanla yanvarın 22-də üz-üzə gələcək. Yanvarın 26-da rəqib İspaniya, Yanvarın 29-da isə Bosniya və Herseqovina olacaq.