Gündəm / Hadisə / Təhsil

ADAU-da təhsil biabırçılıqları... - FAKTLAR AÇIQLANDI...

ADAU-da təhsil biabırçılıqları... - FAKTLAR AÇIQLANDI...

Kanal14.az: -  Xatırladaq ki, son vaxtlar Gəncədə yerləşən Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə bağlı aktualxeber.az saytında bir neçə tənqidi məqalələr dərc etmişik.


Bir neçə gün bundan əvvəl dərc etdiyimiz "ADAU-da sistem çöküb” başlıqlı məqalədən sonra redaksiyamıza bir nəfər müraciət edərək ADAU-da baş verən qanunsuzluqlar barədə müsahibə vermək istədiyini bildirmişdir.

Ramil Yahyayev adlı həmin şəxs 6 il ADAU-da təhsil aldığını və 2019-21-ci illərdə orada işlədiyini bildirdi. Həmin müsahibənin oxucularımız üçün də maraqlı olacağını düşünürük.

– Bildiyimizə görə siz 6 il ərzində Azərbaycan Dövlət Aqrar Universitetində bakalavr və magistr təhsili almısız. ADAU-dakı təhsilin keyfiyyəti sizi qane edirdimi?

– Bəli mən həqiqətən də 6 il Mühəndislik fakültəsində təhsil almışam. Oradakı təhsilin keyfiyyəti heç vaxt məni qane etməyib. Çünki orada maddi-texniki baza çox zəifdir.

Mühazirələr rektor İbrahim Cəfərovun bəyənmədiyi sovetlər dönəmindən qalmış kitablardan tərcümə edilərək keçilir. Laboratoriya dərslərində heç bir sınaqlar aparılmırdı. Müəllimlər həmin dərsləri də köhnə kitablardan mühazirə kimi bizə yazdırırdılar. Tələbəlik dönəmində yalnız ADAU-nun inzibati və tədris binalarının fasadlarının müasirləşdiyinin şahidi olmuşam. 2013-cü ildən ADAU-ya rəhbərlik edən İ.Cəfərov heç bir elmi yeniliyə imza atmayıbdır. Rektor ancaq özünün, oğlunun, kürəkəninin və ona yaxın olan əlaltılarının ali təhsil ocağını bazara çevirərək pul qazanmaları üçün əlindən gələni edib.
Belə ki, ADAU-nun tələbə yataqxanasının kafesini kürəkəni Samirə, yeni korpusun kafesini oğlu Cavid Cəfərova, Mexanizasiya korpusunun qarderob yerini kafeyə çevirən Daxili nəzarətin müdiri Namiq Cəfərova işlədərək pul qazanmaq üçün veribdir.

ADAU-nu öz gəlir yerinə çevirən rektor dekanları və şöbə müdirlərini də pulla təyin edir. Bütün Gəncə bilir ki, vəzifə istəyən şəxs rektorun adamı olan elmi katib Səbuhi Məmmədovla görüşüb pulla təyinat ala bilər. ADAU-dakı kafedra müdirlərinin çoxunun nə elmi dərəcəsi var, nə də ixtisası həmin vəzifəni tutmağa imkan verir. Əsas odur ki, onlar rektora çatan 10.000 manat rüşvəti Səbuhiyə veriblər. İndi deyin görək belə bir universitetdə hansı təhsildən danışmaq olar? Onu da qeyd edim ki, rektor heç vaxt özünü təhsil adamı kimi aparmır, işçilərlə kobud davranır, təhqir edir, ondan şikayət edənləri isə müxtəlif üsullarla susdururdu.

– Sizcə rektor İbrahim Cəfərov imtahan sessiyalarını şəffaflıq şəraitində keçirmir?

– Mən həmişə demişəm və yenə də təkrar edirəm ki, ADAU-da oxuyan tələbələrin qiymət alması çox müşkül bir məsələdir. Pul verməyənlər, buna görə şikayət edənlər isə xüsusi trol qrupları vasitəsilə şantaj edilir.

Bir vaxtlar bu qruplara rektorun müşaviri və sevgilisi olan Rüfanə Əliyeva rəhbərlik edirdi. İbrahim Cəfərov sevimli müşavirinə yubileylər keçirir, şəninə badələr qaldırırdı. Bunu bütün Gəncə bilirdi. Rüfanə bəlası ADAU-dan sovuşandan sonra indi də dünən parta arxasından duranlar, ingilis dilini alababat bilənlər bu gün universitetdə tədrisə rəhbərlik edir, təhsili idarə edirlər və imtahanlara müdaxilələr edərək tələbələri kəsməklə məşğuldurlar. Daim tələbələri müdafiə etdiyini reklam edən rektor əslində təqaüdə möhtac insanların hissləri ilə oynayır. Semestr ərzində 500-600 manat alan hər tələbənin alacağı pullar da ADAU-nun büdcəsində qalır. Hal-hazırda universitetdə dərs yükü problemi var. Buna səbəb isə rektorun kimdən gəldi rüşvət alıb işə götürməsidir. Elmi dərəcəsi olanlar məcbur qalaraq 0.5 ştat işləyirlər. Belə təhsil sisteminə görə savadsız olan məzunları heç kənd təsərrüfatı naziri İnam Kərimov belə etimad edib işə götürmür.

3 il bundan əvvəl ADAU-ya gələn amerikalı professor İbrahim Cəfərova demişdi ki, sizin təhsil sisteminiz Qırğızıstandan belə geri qalır. Rektor Azərbaycandakı aqrar təhsili ağlar günə qoyub. ADAU-nu rüşvət girdabında boğan, gah siyasətçilik edən, gah da şair təbiətli çıxışlar edən bu insandan ali təhsil ocağına rəhbər ola bilməz.

Dəyərli müsahibimizə təşəkkür edərək sonda onu da qeyd edək ki, məqalədəki bəzi məqamlar həmsöhbətimizin subyektiv fikridir.

Mövzuya qayıdacağıq və qarşı tərəfi də dinləməyə hazırıq.
Turantv.az