Gündəm / Siyasət

Rusiya türk dünyasına müdaxilə etdi – Böyük plan

Rusiya türk dünyasına müdaxilə etdi – Böyük plan

Qazaxıstanda açıq-aşkar kirli əlin təşkil etdiyi hadisələrin səbəbi qaz qiymətlərinin artımı yalanı ilə ört-basdır edilir və hədəf yayındırılır. Qiymət artımlarının ləğv edilməsinə baxmayaraq, nümayişçilər hələ də küçələri tərk etməyiblər. Qazaxıstanda məcrasından çıxan və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) vasitəsilə Rusiyanın xarici müdaxiləsinə çevrilən hadisələr Kremlin bir oyunudurmu, yoxsa xarici manipulyasiyanın qarşısını almaq üçün Qazaxıstana daxil olub? Bu kimi sualların cavabını ən yaxşı Tokayev bilir.

Bu sözləri türkiyəli terror və təhlükəsizlik üzrə eksperti Abdullah Ağar deyib.

Onun sözlərinə görə, Qazaxıstanda hadisələrin başvermə səbəbinin qiymətlərin qalxması ilə əlaqəsi çox uzaqdır:

"Qazaxıstanda xaricə, Rusiyaya bağlı olan bir sıra fiqurlar bunun bir inqilab olduğunu və hədəflərinin hökuməti devirmək, siyasətçiləri dəyişdirmək olduğunu açıqlamağa başladılar”.

Verilən açıqlamaların ağıllara "Ərəb baharı”nı və rəngli inqilabları gətirdiyini bildirən Ağar hadisələrin çox ciddi olduğunu vurğulayıb:

"Baş verən hadisələrdən sonra Tokayev KTMT-dən kömək istədi və bununla proseslərinin istiqaməti dəyişdi. Ölkəyə bir müdaxilə oldu. Təxminən 3 min rus, 1500 Belarus və 70 Ermənistan əsgəri hadisələrə müdaxilə etdi. Proseslər arasında ən ciddi məsələ bir türk dövlətinin belə bir təsir altına girməsidir. Rusiyanın bu cür həmlələrinin nə kimi nəticələr doğurduğunu təxmin edə bilirik. Bu məqamda Qazaxıstanın və türk dünyasının gələcəyinin necə olacağı, geosiyasi mənada hadisələrin hansı məhdudiyyətlərə səbəbə olacağı son dərəcə əhəmiyyətlidir”.

Ekspert Rusiyanın bütün istiqamətlərdə Ukraynaya qarşı bir qalxan formalaşdırmağa çalışdığını vurğuladı:

"Türk dünyası ilə bağlı son dərəcə vacib ümidlərin qabarmış olduğu bir dünyada, təxminən üç milyon kvadrat km-lik coğrafiya hazırda yaşanmaqda olan qeyri-sabitliyə görə xarici müdaxilə ilə qarşı-qarşıya qalıb. Yaşananları buradan oxumaq olduqca çətindir, amma bir gerçək var ki, indi ölkəyə müdaxilə var və bu, Rusiya tərəfindən həyata keçirilib. Çıxacaqlarmı, qalacaqlarmı, bu qalma və çıxma mərhələlərində Türkiyə və türk dünyası nə edəcək, formalaşmaqda olan türk dünyası təşəbbüsü nə olacaq kimi sualların cavabları çox böyük əhəmiyyətə sahibdir. İndi isə ancaq bunu proqnozlaşdıra bilirik ki, Rusiya şərqdə, qərbdə və cənubda Ukraynaya qarşı qalxan qurur. Belarus, Qazaxıstan, Qarabağ kimi məsələlərin hamısı bu qalxanla bağlıdır. Sözügedən qalxanın bizim coğrafiyamıza keçməsi ilə işin rəngi dəyişib. Mövzunu araşdırarkən Qarabağ, ABŞ-la NATO-nun Ukrayna ilə bağlı didişmələri, Belarusda miqrant böhranı kimi məsələləri də gözardı etməməliyik. Qazaxıstandakı vəziyyəti bəhs etdiyimiz ümumi mənzərə fonunda oxumaq onun önəmini bizə göstərəcək”.