Gündəm / Cəmiyyət / Hadisə / Sosial / Səhiyyə

15 yaşlı gənci kimsəsiz bilib 20 gün morqda saxladılar-Gənc oğlanın dəhşətli ölüm işi-Bu cinayətin açılmasına kim ya kimlər imkan vermir?

15 yaşlı gənci kimsəsiz bilib 20 gün morqda saxladılar-Gənc oğlanın dəhşətli ölüm işi-Bu cinayətin açılmasına kim ya kimlər imkan vermir?

Bir ildən artıqdır ki, İsmayıllı rayon, Cülyan kənd sakini Sveta Əziz qızı Eyubova, oğlu 28.06.2005-ci il təvəllüdlü Afiq Zəfər oğlu Eyubovun ölümünün günahkarının müəyyən olunması və cəzalandırılmasına çalışsa da, hələlik ədalətin bərpasına nail ola bilmir.
Sveta Eyubova KİV vasitələrinə daxil olan müraciəti şikayətçinin 2005-ci il təvəllüdlü övladının ölümü ilə bağlı bəzi məsələlərə aydınlıq gətirir.Onun müraciətindən məlum olur ki,Afiq Eyubov ötən il sentyabrın 22- də yaşadığı kənddən rayon mərkəzinə getmək adı ilə evdən çıxıb.Ailənin yaşayışı ağır olduğu üçün yeniyetmə olan Afiq ailəsinə kömək etmək üçün işləməyə başlayıbmış.Buna görə də həmyaşıdları ilə birlikdə tikintilərdə çalışırmış.Yeniyetmələr İsmayıllıda iş tapa bilmədikləri üçün qonşu rayonlara, Göyçay və Ağdaşa gedirmişlər.Ailəsi Afiqi bu yoldan çəkindirməyə və təhsilini davam etdirməyə cəhd etsə də,ailəsinin vəziyyətinə görə,Afiq işləməyə davam edirmiş.
Ötən il sentyabrın 22-də evdən gedəndə də ailəsi Afiqin yenə iş dalınca getdiyini güman edib.Ancaq həmin gün və sabahısı evə gəlmədiyi üçün narahat olublar və İsmayıllı rayon polis şöbəsinə müraciət ediblər.Afiqi axtarmaq üçün ailə Göyçay rayonuna da gedərək onun haqqında məlumat almağa çalışıb.Bir neçə gün ərzində axtarışlar heç bir nəticə vermədiyi üçün polis tərəfindən axtarış elan edilib.
Günlər keçsə də Eyubovlar ailəsi övladlarından heç bir məlumat ala bilməyiblər.Yalnız oktyabr ayının 12- də onlara bildirilib ki,övladları ölüb.Ailəyə verilən məlumata görə,Afiq Eyubovu Səmədov Yafəz Xanbaba oğlu maşınla vurub.Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən verilən ólüm haqqında şəhadətnamədə yazılıb ki,Eyubov Afiq Zəfər oğlu 22 sentyabr 2020- ci ildə baş-beyinin diffuz travması alması nəticəsində ölmüşdür.
Qeyd edək ki, hadisə zamanı Afiqin üzərində heç bir sənəd olmadığı üçün kimliyini dərhal müəyyən edə bilməyiblər.Sabunçu rayon polis idarəsi də kimliyi bilinməyən azyaşlı insanın maşın vurması nəticəsində ölməsi ilə bağlı televiziya və qəzetlərdə elan verməmiş, axtarış elan etməmişdir.Bunun nəticəsində də Afiqin meyiti 20 gün morqda qalıb.Həmin müddətdə iki dəfə onu kimsəsiz kimi dəfn etmək istəyiblər.
Övladlarının hüzrünə başı qarışan ailə Sabunçu rayon polis idarəsinin müstəntiqi, polis mayoru Səbuhi İsmayılov tərəfindən aparılan istintaqdan xəbər ala bilməyiblər.İstintaq onları məlumatlandırmadığına görə,Sveta Eyubova prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edib.Bu müraciətlərə cavab olaraq Eyubovlar daxili işlər nazirliyi baş istintaq və təhqiqat idarəsinin rəis müavini Emin Məmmədovun imzası ilə məktub alıb.Bu məktub Eyubovlar ailəsini şoka salıb.Çünki Emin Məmmədovun imzası ilə göndərilən 31 may 2021- ci il tarixli cavabda Eyubov Afiq Zəfər oğlunun ölməsi faktına görə, Sabunçu rayon polis idarəsinin istintaq şöbəsində cinayət məcəlləsinin 263.2 maddəsi ilə başlanılmış cinayət işinin 23 yanvar 2021-ci ildə əməldə cinayət tərkibi olmadığına görə, icraatına xitam verildiyi bildirilib.
Bundan sonra Sveta Eyubova prezident İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya, prezidentin köməkçisi-Prezident adminstrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova və baş prokuror Kamran Əliyevə müraciət edərək övladları Afiq Zəfər oğlu Eyubovun ölümü ilə bağlı başlanılmış cinayət işinə 23 yanvar 2021-ci il tarixində Sabunçu rayon polis idarəsinin istintaq şöbəsində verilmiş xitam qərarının ləğv edilərək, yenidən istintaq aparılmasını təmin etməyi xahiş edir.
Dövlət rəsmilərinin müdaxiləsindən sonra 28.06.2005-ci il təvəllüdlü Afiq Zəfər oğlu Eyubovun ölümü ilə bağlı təkrar istintaq başlayıb.İstintaq daxili işlər nazirliyinin baş istintaq və təhqiqat idarəsinin tabeçiliyində olan yol hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsində aparılır.Lakin istintaqın obyektivliyinə şübhə edən Sveta Eyubova birinci vitse-prezident Mehriban xanım Əliyevaya, baş prokuror Kamran Əliyevə və onun müavinləri Elçin Məmmədova,Elmar Camalova,Heydər Məmmədova müraciət edərək onu qəbul etməsini xahiş edib.Bu müraciətdən bir aydan artıq vaxt keçməsinə baxmayaraq, Sveta Eyubova heç bir cavab ala bilməyib.Buna görə də mətbuat vasitəsilə dövlət rəsmilərinə müraciət edərək oğlunun ölümü ilə bağlı istintaqdan narazılığını çatdırmaq üçün onu qəbul etməyi xahiş edir.
KİV olaraq bizə daxil olmuş müraciətlə bağlı ətraflı araşdırma aparmağa və informasiya almağa çalışsaq da bu mümkün olmadı.Yalnız bu məlumatı əldə edə bildik ki,15 yaşlı gənc Afiq Zəfər oğlu Eyubovun ölümü ilə bağlı günahkarın cəzalandırılmasına mane olan vəzifəli şəxslər var.Eyubovlar ailəsi Afiqin ölümündə əsl günahkarın Səmədov Yafəz Xanbaba oğlu deyil, başqa bir şəxsin olduğundan şübhələnirlər.İstintaqla bağlı ailənin narahatçılığı da məhz bu məqamla bağlıdır.Dövlət rəsmilərinə qəbulla bağlı müraciət edən Sveta Eyubova övladının ölümünə səbəb olan əsas günahkarın üzə çıxarılmasına və ədalətli şəkildə cəzalandırılmasına nail olmaq üçün bir ildən artıqdır ki,mübarizəsini davam etdirir.

KİV informasiya şöbəsi.

15 yaşlı gənci kimsəsiz bilib 20 gün morqda saxladılar-Gənc oğlanın dəhşətli ölüm işi-Bu cinayətin açılmasına kim ya kimlər imkan vermir?