Gündəm / Siyasət

Avropa Məhkəməsinin cərimələrini... bəlkə RAMİZ RZAYEV ÖDƏSİN! - TƏKLİF

 

Avropa Məhkəməsinin cərimələrini... bəlkə RAMİZ RZAYEV ÖDƏSİN! - TƏKLİF


Dövlətin yüksək təminatına sahib olan hakimlərin Azərbaycan dövlətinin adından çıxardığı saxta qərarlarının altını isə dövlət ödəməli olur…

Kanal14.az: - Acınacaqlıdır, bu gün Avropa Məhkəməsi Azərbaycandan göndərilmiş 51 şikayət üzrə 4 qərardadını elan etdi: təxminən 1arım milyon manat! Hansı ki, bu pullar Azərbaycan vətəndaşlarının büdcəyə ödədiyi vergilərin hesabına formalaşıb. Niyə mənim dövlətimə verdiyim pullar hansısa hakimin saxta qərarlarına qurban getməlidir???

Hüquq müdafiəçisi Xalid Ağəliyevin verdiyi məlumata görə, Avropa Məhkəməsinin bu günkü qərardadları üzrə ərizəçilərə yarım milyon manata yaxın (239,450 avro) təzminat ödəniləcək. «…Arzu Səmədbəyli və başqaları Azərbaycana qarşı – bu qərara görə, hökumət 41 ərizəçinin seçki hüququnun pozuntusunu etiraf edib, birtərəfli bəyannamə təqdim edib. Ərizəçilərin bir çoxu şikayətini rədd etsə də AİHM bəyannamə ilə razılaşıb. 37 ərizəçinin hər birinə 4750, 3 ərizəçinin hər birinə 5 min, 1 ərizəçiyə isə 4500 avro təzminat ödəniləcək».

X.Ağəliyev əlavə edib ki, «Mübariz Rəhimli və başqaları Azərbaycana qarşı – bu qərara görə, hökumət 6 ərizəçi ilə dostcasına anlaşıb. 4 ərizəçiyə 4750, 2 ərizəçiyə isə 5000 avro təzminat ödəniləcək… Elvin Adıyev və Elçin Namazov Azərbaycana qarşı – bu işdə də tərəflər dostca anlaşıblar. Qərara görə, hökumət ərizəçilərin hər birinə 4100 avro təzminat döənilməlidir… Emil Mehdiyev və Vahid Əbilov Azərbaycana qarşı – bu işdə hökumət ərizəçilərin dini etiqad azadlığı hüququna müdaxilənin baş verdiyini etiraf edərək, məhkəməyə birtərəfli bəyannamə təqdim edib. Hökumət ərizəçilərin hər birinə 3500 avro təzminat ödənilməlidir… AİHM noyabrın 4-də Azərbaycanla bağlı daha 2 qərar elan edəcək. Həmin işlərdə ərizəçilər Ermənistan vətəndaşlarıdır».

Maraqlı məqam isə budur ki, Avropa Məhkəməsinin qeyd edilən qərarları Azərbaycan məhkəmələrində hüquqlarını qoruya bilməyənlərin şikayəti əsasında qəbul olunub. Dəfələrlə deyilib ki, Azərbaycan hakimləri dövlətin yüksək maaşını alır, imtiyazlarına sahiblənir, toxunulmazlıq hüququ qazanır, hələ əməllicə pul da qazanırlar… Düzdür, sonradan türməyə düşənləri də olur.

Amma onların dövlətin adından çıxardıqları bu məhkəmə qərarlarının sayəsində sonradan Azərbaycan hökuməti Avropa Məhkəməsinin cərimələrini ödəməli olur. Niyə həmin cərimə buna bais olmuş hakimin boynuna yüklənməsin??? Üstəlik, onların belə qərarlarının hesabına Azərbaycanın adı vətəndaşların hüquqlarının pozulduğu ölkə kimi də beynəlxalq hesabatlarda hallanır… Nəticədə, nə Azərbaycan Ali Məhkəməsinin sədri Ramiz Rzayev, nə Azərbaycan Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədov, nə də Bakı Apellyasiya Məhkəməsinin sədri məsuliyyət daşımırlar… Məsələn, təklif verirəm ki, Məhkəmə Hüquq Şurası Avropa Məhkəməsində Azərbaycanın əleyhinə çıxarılmış qərarları təhlil edərək, buna bais olmuş hakimin barəsində intizam icraatı başlatsın. Belə olarsa, hakimlər dövlətimizin adından ədalətli qərarlar qəbul edərlər, nəticədə həmin qərar da Avropa Məhkəməsinə gedib çıxmaz, üstümüzə üzüqara geri qayıtmaz…

Asif Mərzili //tezadlar.az//