Gündəm / Cəmiyyət / Sosial / Səhiyyə

İnfeksionistdən nikbin COVID-19 açıqlaması: “Azərbaycanda epidemioloji vəziyyət...”

İnfeksionistdən nikbin COVID-19 açıqlaması:

Kanal14.az: -  Ölkəmizdə yoluxma ilə bağlı durum qonşu ölkələrdən yaxşıdır, amma buster dozaya ehtiyac var; pediatr isə deyir ki...

Hazırda dünyada, həmçinin region ölkələrində  COVİD-19 virusuna yoluxma hallarının kəskin artması müşahidə olunur. COVİD-19 virusunun yeni mutasiyası, "Delta” ştammı ilə müqayisədə daha yoluxdurucu olan AY.4.2 yayılmağa başlayıb.

Rusiyada yenə rekord yoluxma və ölüm halı qeydə alınıb. Belə ki, son sutka ərzində 40 min yoluxma və 1159 ölüm halı baş verib. Ötən gündən bu ölkədə yenə restoran və kafelər, fitnes-mərkəzlər, gözəllik salonları bağlanır, əksər müəssisələr onlayn iş rejiminə keçib, 30 oktyabr - 7 noyabr qeyri-iş günü elan olunub.

Türkiyədə gündəlik yoluxma sayı 26 mini keçib, 210 nəfər vəfat edib. Gürcüstanda sutka ərzində 4009 yoluxma, 45 ölüm qeydə alınıb. İranda son sutkada 11 mindən artıq insan yoluxub, 159 nəfər vəfat edib.

Məlumatlara görə, cırtdan Ermənistanda da COVİD-19 tüğyan edir, yoluxma sayı gündəlik 2500-2500 arasında dəyişir. Artıq orada məktəblər bağlanıb. Peyvəndləmə faizi cəmi 7 faiz səviyyəsindədir.

Azərbaycanda isə son sutkada koronavirus infeksiyasına 2420 civarında qeydə alınıb, 1358 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 29 nəfər vəfat edib.

Göründüyü kimi, Azərbaycanda son bir həftə yoluxma sayı 2 mindən aşağı düşmür. Bununla belə, ekspertlər hesab edir ki, yoluxma sayı artsa da, bir çox ölkələrlə müqayisədə vəziyyət nəzarətdə saxlanılır. Düzgün karantin tədbirləri və vaksinasiya prosesi sayəsində hazırda Azərbaycan dünyada hər milyon nəfərə düşən yoluxma səviyyəsinə görə 99-cu yerdədir. Müqayisə üçün qeyd edək ki, Gürcüstan bu siyahıda 5-ci, Ermənistan 45-ci yerdədir.

Bütün bunlara baxmayaraq, analoji vəziyətin ölkəmiz üçün də təkrarlanmaması üçün hazırkı vəziyyətdə vətəndaşların daha intensiv vaksinasiya olunması, 3-cü doza vaksinasıyanın sürətləndirilməsi zəruri hesab edilir.

Artıq ölkədə kütləvi peyvəndləmə 50 faizi keçib. Bəs görəsən, "kollektiv immunitet”in yaranmasına nə qədər qalıb? Yeni ilədək buna nail ola biləcəyikmi? Bu arada koronavirus pandemiyası qripin bir ştammını sıradan çıxarıb. Bunu amerikalı tibb alimləri müəyyən edib. Ümumiyyətlə, digər qrip ştammlarının da (quş qripi, donuz qripi) pandemiya fonunda aradan çıxması mümkündürmü?

Əhali arasında buster doza ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Bildirilir ki, buster dozadan sonra vəziyyəti pisləşənlər var. Buster doza ilə bağlı əks göstəriş varmı?

Oxu.az - İnfeksionist:

Nicat Əzimli

Hurriyyet.az xəbər verir ki, bu və digər suallarla bağlı həkim-infeksionist Nicat Əzimli "Yeni Müsavat”a danışıb: "Digər ölkələrlə müqayisədə bizdə daha qənaətbəxş epidemik vəziyyət olsa da, hazırda yoluxma sayları 2000-i ötür və azalma dinamikasına bir müddətdir ki, keçə bilmirik. Bu, virusla mübarizəni artırmağı, xüsusilə buster dozaya əhəmiyyət verilməsini zəruri edir. Nəzərə alsaq ki, Azərbaycanda ən geniş istifadə olunan vaksin ”Koronavac"dır. Bu vaksinin də effektinin digərlərinə nisbətən daha qısamüddətli olduğu artıq elmə məlumdur. Bununla birlikdə 2 doza vaksin almış böyük bir əhali qrupu artıq 6 ayı geridə qoyub və orqanizmlərindəki spesifik immunitet zəifləyib və ya itib. Bu səbəbdəndir ki, vaksinli xəstələnmələrə çox rast gəlməyə başlamışıq. Burdan belə nəticəyə gəlmək olar ki, vaksinasiyanın növbəti mərhələsində mRNT vaksinlərinə üstünlük verilməsinə, xüsusilə, vaxtı çatmış buster dozaların tətbiqinə üstünlük verilməlidir".

İnfeksionist buster doza ilə bağlı deyilənlərə cavab verib: "Buster dozada vurulan peyvənd də həmin tərkibdədir və eyni peyvənddir. 2 dozada vurulan vaksinlə tərkibində fərqi yoxdur. Əgər bir insan 2 doza peyvənd olunubsa, buster dozanın onun üçün əks göstərişi yoxdur”.

Son günlər məktəblərdə uşaqlar arasında müxtəlif virus infeksiyalarının yayılması da narahatlıq doğurub. Xüsusilə də, COVİD uşaqlarda fəsadlara səbəb olur.

Aytən İsmayılzadə - Teleqraf.com

Aytən İsmayılzadə

Pediatr Aytən İsmayılzadə bizimlə söhbətdə bəzi məqamlara toxunub: "Tutaq ki, bir uşaq özünü pis hiss etdi və məktəbdən dərsə gəlməməsi tövsiyə edildi. Hərarət olmaya bilər. Bəlkə COVİD infeksiyası onda hərarətsiz keçir? Bu halda da o yoluxdurucu sayılır. Ona görə hər həftə məktəb daxilində yaxma götürülməlidir. Necə ki, bu dövlət əhəmiyyətli yerlərdə edilirdi. Məktəblərdə siniflərin belə dalğavarı bağlanıb açılmasındansa, profilaktik tədbirlər düzgün qurulmalıdır. Hər gün hərarət ölçməkdənsə, hər həftə yaxma götürülməsi vacibdir. Çünki hərarət olan gün deyil, ondan bir neçə gün əvvəl artıq həmin uşaq virus daşıyıcısı olur. Hərarəti az olan, ya olmayandan test götürülməməsi kimi mənasız yanaşma isə hələ də davam edir. Özəl klinikalarda isə yaxma çox bahadır, 60-70 manat. Praktik olaraq heç kimi göndərə bilmirik. Dövlətdən gəlib yoxlasınlar deyəndə də valideyn deyir, ”olmasa da, var yazacaqlar", ya da hərarəti yoxdursa, lazım deyil deyəcəklər. Uşaq xəstə olanda influenza üçün də (qripp A) yaxma götürülməsi lazımdır. Bu bizdə utopik görünsə də əhəmiyyətlidir".

A.İsmayılzadə əlavə edib ki, uşaqlar üçün analizlər özəl klinikalarda da güzəştli olmalıdır: "Uşağa qan ümumi, CRP analizi təyin etmək vacibdir. Bu ən azı 30 AZN civarında edir. Hər valideyn də bunu edə bilmir. Dövlət xəstəxanalarında pulsuzdur deməyin. Onsuz da bu analizlər orada doğru-düzgün edilmir. Nazirlikdən deyəcəklər, özəl klinikaların qiymət işinə qarışmırıq. Onda dövlət müəssisəsi lazımi avadanlıq, reaktiv və bunu edən personal ilə təmin olunsun. Belə analizlər dövlət xəstəxanasında yatan xəstələrə tətbiq edilir. Ya deyiləcək sığorta ilə gəl. Onun da nəticəsi bəllidir. Bölgələrdə xəstəxanalar bu barədə umumiyyətlə çarəsizdir.

Eyni amanda, uşaqlar üçün dərmanlar pulsuz olmalıdır. Xəstəxanalardan bildirilir ki, dövlət "Kroven”i (immunoqlobulin) verir, amma çatmır. Bəlkə də çatmağa imkan verməyənlər var. Qara bazarda satdırıb pulunu haramlıqla yeyənlər var. Amma bilin ki, dövlət "Kroven”i xəstəxanalara verir. Amma bizdə yoxdur deyənlər də var. Belə olanda valideyn onu 100-130 manata almalı olur. İmmunoqlobulin virus ağırlaşmasında təyin olunur. Yaxşı da kömək edir. Belə çıxır, kasıb pulu tapmasa necə olacaq?! Yəni 12 yaş üzəri peyvəndləməyə çağırışdan öncə bu kimi problemlər həll edilməlidir".