kanal14.az
kanal14.az

İcra başçısının eksperimentləri Ağdamda qalmaqalla nəticələndi: Təhsil naziri hara baxır?

3-10-2021, 17:37

İcra başçısının eksperimentləri Ağdamda qalmaqalla nəticələndi: Təhsil naziri hara baxır?

 

Kanal14.az:  Ağdam rayon icra Hakimiyyətinin başçısı Vaqif Həsənovun son altı ay ərzində rayon təhsil şöbəsinin rəhbərliyində üçüncü dəfə dəyişiklik edib. Öncə, təhsil şöbəsinin müdirəsi Mətanət Misirxanova vəzifəsindən kənarlaşdırılıb. Bundan sonra, bu ilin may ayında təhsil şöbəsinin rəhbərliyi şöbənin məsləhətçisi olan Bayram Məmmədova həvalə edilib. Sentyabr ayında isə icra başçısı Vaqif Həsənov Təhsil Şöbəsinin rəhbərliyini qurumda məsləhətçi olan, Bakı şəhərində yaşayan Sevinc Bayramovaya həvalə edib.
AzToday.az-a daxil olan olan məlumata görə, bu təyinatdan sonra təhsil sahəsində çalışmanın son yaş həddinə çatmış 7 nəfər məktəb direktoru ilə müammalı şəkildə bir il müddətinə əmək müqaviləsi bağlanıb. Əmək Məcəlləsinin 10-1.5 maddəsinə görə müvafiq sahə üzrə dövlət bücəsindən maliyyələşən hər bir müəssisənin çalışma müddəti uzadılmış işçilərinin sayı həmin müəssisənin işçilərinin sayının 2 faizindən artıq ola bilməz. Bu məsələdə rüşvətin önəmli rol oynadığı haqqında Ağdam rayonunda söz-söhbətlər dolaşır. AzToday.az-a daxil olan məlumatlara görə bununla bağlı Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Təhsil naziri Emin Əmrullayevə çoxsaylı müraicətlər də edilib. Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Təhsil naziri Emin Əmrullayevə edilən çoxsaylı müraicətlərdə Təhsil Şöbəsində baş verən qanunsuzluqlarda icra başçısı Vaqif Həsənovun xanımı Sədaqət Həsənova xüsusi rol oynaması ilə bağlı iddialar da əksini tapıb.

Redaksiyamıza daxil olan məlumata görə, müqaviləsi uzadılmış 28 saylı məktəbin direktoru Tahirə Şahmuradovanın və 67 saylı məktəbin direktoru Yasin Hüseynovun rəhbərlik etdikləri məktəblərdə Ağdam Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin Baş məsləhətçisi Farid Muradov tərəfindən 2021-ci ilin aprel-may aylarında aparılmış yoxlama zamanı ciddi qanun pozuntusu aşkar olunub. Bu məlumatı təkzib və təsdiq etmək üçün ictimai-siyasi və humanitar məsələlər şöbəsinin Baş məsləhətçisi Farid Muradovun tərtib etdiyi arayışın açıqlanmasını təmin etmək vəzifəsi isə Təhsil naziri Emin Əmrullayevin üzərinə düşür.
Onu da qeyd etmək yerinə düşər ki, Vaqif Həsənovun Təhsil Şöbəsindəki idarəetmə eksperimentinin icra edilməsində ictimai-siyasi və humanitar məsələlər şöbəsinin Baş məsləhətçiləri Farid Muradov və Ziya Hümbətovun xüsusi rolu var.
İddialara görə, 2021-ci ilin sentyabrın 15-dək evdə təhsilə cəlb ediləcək 220 nəfər xəstə uşağın sənədlərinin qeydiyyata alınmasına nəzarəti icra başçısı Vaqif Həsənovun xanımı Sədaqət Həsənova həyata keçirib. Bu məsələdə şəffaflığın təmin ediləcəyi halda çox ciddi faktların üzə çıxacağı da Təhsil naziri Emin Əmrullayevə ünvanlanmış şikayətdə öz əksini tapıb.


Ağdam rayonundan redaksiyamıza daxil olan məlumata görə, 29.09.2021-ci il tarixində Ağdam rayon Təhsil Şöbəsində baş vermiş qalmaqalda şöbənin metodisti Gülarə Sadıqovanın səhhəti qəfil pisləşib. Təcili tibbi yardıma müraciətdən sonra hadisə yerinə gələn Muradxan həkimin müdaxiləsindən sonra Gülarə Sadıqovanın vəziyyəti normallaşıb. Gülarə Sadıqovanın Ağdam rayonun keçmiş başçısı Nizami Sadıqovun yaxın qohumu olduğu da redaksiyamıza daxil olan məlumatlar arasındadır. Bütün bu məlumatlarla bağlı araşdırmamızı davam edəcəyik və adları şəkilən şəxslərin də mövqelərini dinləməyə hazırıq.
Ağdamda yaşanan özbaşınalıqlarla bağlı ötən yazımızda Maliyyə Nazirliyinin Ağdam rayon Səhiyyə Şöbəsində apardığı yoxlama haqqında xəbər vermişdik. Son məlumata görə yoxlama zamanı Təcili Tibbi Yardım stansiyasında 42 min manat mənimsəmə faktı aşkar olunub. Bunun səbəbi isə Türkiyə Cümhuriyyətində yaşayan Çinarə Təhməzova adlı şəxsin adının Təcili Tibbi yardım xidmətinin ştat cədvəlində saxlanılması, adına əmək haqqı yazılaraq mənimsənilməsidir.
İddialara görə, Çinarə Təhməzovanın Ağdam rayon icra Hakimiyyətinin başçısı Vaqif Həsənovun ailə üzvülərindən biri ilə yaxın münasibətləri var.
Son olaraq onu da qeyd edək ki, Prezident Adminstrasiyasının Ağdam rayonu üzrə "kurator”u olan Qiyas Yusifov başçılıq etdiyi heyətinin Ağdam rayon İcra Hakimiyyətində hansı qanun pozuntularını üzə çıxarması ilə bağlı məlumatları dəqiqləşdirdikdən sonra oxuculara təqdim edəcəyik./Orxan Məmmədli






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA