Gündəm / Sosial / Təhsil

İranda təhsil alanların diplomu Azərbaycanda TANINIRMI? - Tanınırsa, NİYƏ?

İranda təhsil alanların diplomu Azərbaycanda TANINIRMI? - Tanınırsa, NİYƏ?


Kanal14.az: -  Bir neçə gün öncə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov azərbaycanlıların İrana gedərək dini təhsili almasının qadağan olunmasını demişdi.

Deputat bir çox hallarda tələbələrin xaricdə təhsil aldıqları ölkənin dini-ideoloji təbliğatına məruz qaldıqlarını, nəticədə Azərbaycana qayıtdıqdan sonra həmin ölkənin ideologiyasını, dini təlimlərini təbliğ etməyə başladıqlarını bildirib.

Maraqlıdır, İranda dini təhsil alanların diplomu Azərbaycanda tanınırmı? Proses necə həyata keçirilir?

Bununla bağlı Cebhe.info-nun sorğusuna cavab olaraq Təhsildə Keyfiyyət Təminatı Agentliyindən xarici ali təhsil ixtisaslarının tanınmasına fərdi qaydada baxıldığı üçün müvafiq ali təhsil sənədi əsasında quruma müraciət edilməsinin zəruri olduğu bildirilib:

"Yalnız belə olan halda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na uyğun olaraq ekspertiza keçirilərək həmin diplom üzrə aldığınız ali təhsil ixtisasının ölkə ərazisində tanınıb-tanınmaması barədə qərar qəbul olunur. Bu səbəbdən, Təhsil Nazirliyi tərəfindən Azərbaycan Respublikası ərazisində tanınan xarici ali təhsil müəssisələri ilə bağlı hər hansı siyahı müəyyənləşdirilməyib”.

Qeyd olunub ki, təhsil almaq istənilən ali təhsil müəssisəsini və təhsil proqramını (ixtisası) seçərkən təhsil müəssisəsinin (eləcə də, onun digər ölkələrdə fəaliyyət göstərən filiallarının) və tədris proqramının (ixtisasın) akkreditasiyasının olmasına diqqət yetirmək tövsiyə edilir:

"Bu məqsədlə, ENIC-NARIC (Avropa İnformasiya Mərkəzləri-Milli Akademik Tanınma üzrə İnformasiya Mərkəzləri) Şəbəkəsinin rəsmi internet səhifəsinin (www.enic-naric.net) müvafiq ölkə üzrə nəzərdə tutulmuş bölməsinə daxil olmaqla (yaxud yerli akkreditasiya orqanlarına müraciət etməklə), həmin ölkə tərəfindən tanınan və akkreditə olunan ali təhsil müəssisələrinin siyahısı əldə edilə bilər”.