Gündəm / Siyasət

“Xarıbülbül” festivalının keçirilməsi mənim ideyam idi” - İlham Əliyev

 

Kanal14.az:- "Heydər Əliyev Fondu artıq neçə ildir bu istiqamətdə və başqa istiqamətlərdə - səhiyyə, təhsil, Azərbaycan mədəniyyətinin qorunub saxlanması, muğam və aşıq sənəti kimi ənənəvi incəsənət növlərinin qorunub saxlanması üzrə iş aparır. Azərbaycan xalqı bunlarsız yaşaya bilməz, biz bütün bunları gənc nəslə çatdırmalıyıq, gənc nəsil ənənəvi dəyərlər ruhunda, yaşlılara hörmət ənənələri ruhunda böyüməli, Azərbaycan xalqının çoxəsrlik tarixi boyu qoruyub saxladığı bütün yaxşı dəyərlər itirilməməlidir. Müasir qloballaşma meyilləri və ya əxlaqın deqradasiyası ilə bağlı müasir meyillər nəzərə alınmalıdır. Təkcə Azərbaycan xalqına deyil, dünya əhalisinin əksəriyyətinə yabançı olan belə meyillərin fəal şəkildə təbliğ edildiyini görürük. Burada əsas təməl isə, əlbəttə, ailə tərbiyəsi, incəsənət, ədəbiyyat, mədəniyyətdir. Biz bunları qoruyub saxlamaq istəyirik və qoruyub saxlayırıq”. 

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın "Nasionalnaya oborona” (Milli müdafiə) jurnalına verdiyi müsahibədə deyib. 

"Şuşada "Xarıbülbül” festivalı keçirməyimiz, festivalın ilk günündə Azərbaycanda yaşayan bütün xalqların nümayəndələrinin çıxış etməsi mənim ideyam idi. Mən bunu Fonda təklif etdim və onlar bunu çox parlaq şəkildə təşkil etdilər, göstərdilər ki, bu, bizim ümumi qələbəmizdir. Bu qələbə uğrunda Azərbaycanda məskunlaşan bütün xalqlar canlarından keçiblər. Yaxın günlərdə biz Şuşada Vaqif poeziya günlərini bərpa etdik, Vaqifin dağıdılmış məqbərəsini bərpa etdik. İndi tarixi abidələr bərpa olunur. Azad edilmiş bütün ərazilərdə bu işlər davam etdiriləcək, təhsil layihələri, mədəniyyət layihələri artıq razılaşdırılıb. Şuşada tarixi abidələrin çox hissəsi sponsorların vəsaiti hesabına və Heydər Əliyev Fondunun təşəbbüsü ilə bərpa olunacaq və ya artıq bərpa olunmaqdadır. Bir də, əlbəttə, biz bu işləri dövlət sərmayə qoyuluşları hesabına aparacağıq. Həmçinin Qarabağ Dirçəliş Fondu yaradılıb, bu Fonda hər kəs ianə verə bilər. Odur ki, bu, çox genişmiqyaslı quruculuq işi olacaq, cəmiyyət bunu çox müsbət qəbul edir. İnsanların azad edilmiş torpaqlarda müəyyən dəyişikliklər baş verdiyini, həyatın dirçəldiyini görəndə necə sevindiklərini bilirəm”, - deyə dövlət başçısı qeyd edib.