Gündəm / Sosial

Bakıda içməli su niyə küçəyə axır? – Video + Foto

"Bakının Nəsimi rayonu Salatın Əsgərova küçəsi 139 ünvanında su xətti zədələnib. 10 gündən artıqdır ki, içməli su küçəyə axır”.

Bu şikayətlə "Qafqazinfo”ya həmin ərazidə yaşayan sakinlər müraciət ediblər. Onlar iddia edirlər ki, bu müddət ərzində yüz tonlarla su axıb gedib:

"İçməli suyun dəqiq hansı səbəbdən küçəyə axdığını bilmirik. Ehtimal edirik ki, həmin ərazidə yeni inşa olunan binanın tikintisi zamanı su borusu zədələnib. Küçə suyun içərisindədir, piyadalar yolu keçməkdə çətinlik çəkirlər. "Azərsu”ya, Nəsimi Rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət olunsa da, problem həllini tapmır”.

Sözügedən problemlə bağlı "Azərsu” ASC-dən "Qafqazinfo”ya bildirildi ki, hazırda qəza briqadası ərazidə işləyir: "Qəzanın aradan qaldırılması üçün zəruri tədbirlər görülür”.