Gündəm / Siyasət / Sosial

Məmmədyarov getdi... amma PROBLEM YERİNDƏDİR... - İTTİHAM

Məmmədyarov getdi... amma PROBLEM YERİNDƏDİR... - İTTİHAM


Kanal14.az:  - "Azərbaycanın xarici siyasətdə problemləri artmaqda davam etdikcə onların həlli ilə məşğul olmalı Xarici İşlər Nazirliyində vəziyyətin daha da pisləşməsi ilə bağlı məlumatlar gəlməkdədir. Nazir kimi bir ilini başa vurmuş Ceyhun Bayramovun ölkənin diplomatik sistemində Elmar Məmmədyarovdan qalmış bərbad mühiti dəyişə bilməyəcəyi əvvəldən də proqnozlaşdırılırdı. Lakin indi XİN-də vəziyyət o həddə çatıb ki, əməkdaşlar hətta korrupsioner, Azərbaycan diplomatiyasını rüsvayçı vəziyyətə salmış keçmiş nazirə şükür etməyə başlayıblar". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "On altı illik Məmmədyarov erasının başa çatmasından sonra təcrübəsiz kimi görünən, lakin saman altından su yeridən Ceyhun Bayramovun XİN-ə rəhbərliyi qurumda idarəsizlik və xaosu daha da dərinləşdirib. Əvəllər də qeyd edildiyi kimi, XİN diplomatiya idarəsi kimi simasını tamamilə itirərək, müxtəlif qruplaşmaların vəzifə, nüfuz və maddi mənfəət qazanmaq meydanına dönüb. Burada yüksək vəzifə tutan şəxslər öz qulluq səlahiyyətlərini əsasən şəxsi biznes qurmaq üçün istifadə edirlər. Diplomatik xidmət onlar üçün qazanc əldə etmək məqsədilə çətir rolunu oynayır.

Daxil olan son məlumatlara əsasən şəxsən nazir Ceyhun Bayramovun özü də bu prosesdən kənarda qalmayıb. Ceyhun Bayramovun bizneslə məşğul olması barədə iddialar da onun təhsil sahəsinə rəhbərlik etdiyi vaxtlarda yayılmışdı. Jurnalist Cavanşir Həsənlinin araşdırması nəticəsində Bayramovun Panamada offşor şirkətə sahib olduğu üzə çıxarılmışdı.

Əldə edilən məlumatlarda C.Bayramovun Azərbaycanın Yaponiya və Gürcüstanda səfiri olmuş, hazırda da XİN-də xüsusi tapşırıqlar üzrə səfir vəzifəsini tutan Azər Hüseynlə biznes ortaqlığının olduğu iddia edilir. Bu əməkdaşlığın hələ Bayramovun təhsil naziri olduğu dövrdən başladığı, XİN-ə gəlməsindən və daha əlverişli şərait yaranmasından sonra intensivləşdiyi bildirilir. E.Məmmədyarovun yaxın kadrı olmasına baxmayaraq C.Bayramovla ortaqlığı sayəsində A.Hüseyn yerini bərkidərək, nazirliyin kadr siyasətində önəmli fiqurlardan birinə çevirilib. Verilən məlumatlara əsasən bu yaxınlıq və ortaqlıq sayəsində A.Hüseynin tezliklər şərq ölkələrindən birinə səfir təyin ediləcəyi gözlənilir.

Azər Hüseyn haqqında verilən məlumatlarda Yaponiyada səfir olarkən gənc bir diplomatın karyerasını məhv etdiyi söylənilir. Bundan başqa səfir olduğu müddət ərzində onun qeyri-qanuni gəlirlər qazanması, səfirlikləri bazara çevirməsi, Gürcüstanda diplomatik nümayəndəliyin binasının tikintisi və təmirinə ayrılan vəsaitin mənimsənilməsinə rəhbərlik etməsi də iddialar sırasındadır. Binanın tikintisinə nəzarət məqsədilə yaradılmış komissiyaya bir müddət əvvəl DTX - nın həbsə aldığı XİN-in işlər idarəsinin rəisi Fərhad Mollazadə rəhbərlik etmişdi.

Azər Hüseynin korrupsiya əməllərinə ailəsini də qarışdırmış və maxinasiyaları onların əli ilə etməyi üstün tutmuşdur. Onun oğlu Adnan Hüseyn ''facebook'' hesabında Azərbaycandan kənarda çox sayda layihələr icra etdiyi haqda statuslar yazıb. Statusunda o, 44 günlük Qarabağ müharibəsi dövründə məhz ölkədən kənarda qalmasının zəruriliyini (halbuki onun yaşıdları həmin vaxt vətən, torpaq uğrunda şəhid və qazi olurdular) vurğulayıb. Müharibədən sonra geri qayıtdığını bildirib. Lakin icra etdiyi layihələrin hansı yolla maliyyələşdirilməsi barədə isə məlumat verməyib. O, 1997-ci ildən yaşadığı, öz bilik və bacarığı sayəsində Azərbaycan barədə müsbət məlumatlar yaydığını dediyi ölkələr kimi məhz atasının səfir olduğu Yaponiya və Gürcüstanı göstərib. Adnan Hüseynin atasının xüsusilə Gürcüstandakı səfirliyi dövründə SOCAR-ın Gürcüstan nümayəndəliyi ilə şübhəli əməkdaşlıqdan çoxlu pul əldə etdiyi iddia olunur.

Beləliklə, diplomatiya sahəsində heç bir bacarığı, biliyi olmayan Ceyhun Bayramovun da XİN-i bir tərəfdən korrupsiya və qazanc aləti kimi istifadə etməsi nazirlikdə vəziyyəti son dərəcədə pisləşdirib. İşin maraqlı tərəflərindən biri də odur ki, xaricdə fəaliyyət göstərən səfirlər və diplomatlarımız Bakıya gələndə məsləhətləşmək, lazımi məlumatları çatdırmaq və təlimat almaq üçün XİN-də heç kimi tapa bilmirlər. Nə nazir Ceyhun Bayramov, nə yeni təyin olunan müavinlər, hətta kadrlar idarəsinin rəisi Raman Məmmədov belə onlarla görüşmək istəmir. XİN faktiki olaraq başlı-başına qalıb. Vəziyyət o dərəcəyə çatıb ki, XİN əməkdaşları korrupsioner Məmmədyarov dövrünün belə həsrətini çəkməyə başlayıblar.

Ceyhun Bayrmovun yeni xarici işlər naziri təyin olunduğu vaxt guya XİN-də islahat məqsədilə imzaladığı nazirlikdə və səfirliklərdə vəzifələrə təyinatların imtahan yolu ilə aparılmasını nəzərdə tutan əmr də kağız üzərində qalıb. Verilən məlumatlara görə imtahanlarda sualları cavablandıra bilməyən və yararsız sayılan əməkdaşların yenə də mərkəzi aparatda yüksək vəzifələrə təyin edilməsi və səfirliklərə göndərilməsi davam edir.

Hətta DTX həbslərinin də belə görünür ki, vəziyyəti dəyişdirmədiyi XİN-in Azərbaycanın xarici siyasətdə üzləşməkdə davam etdiyi çətinliklərin həlli üçün heç nə edə bilməməsi, etmək niyyətinin belə olmaması açıq şəkildə ortadadır. Bir il əvvəl Elmar Məmmədyarovun rüsvayçı şəkildə qovulması, bəzi əməkdaşların həbsi də XİN problemini həll etmədi. Ceyhun Bayramov da öz dəstəsi ilə köhnə Məmmədyarovçu korrupsionerlərə qoşularaq XİN-də qanunsuzluğu dərinləşdirməkdədir. Həmin şəxslərdən Avropa İdarəsinin rəisi Elxan Azayev, Amedika idarəsinin rəisi Anar Canəhmədov, hüquqi təminat idarəsinin rəisi Hüseyn Hüseynov və digərləri barədə mətbuatda dəfələrlə yazılıb. Azərbaycanın diplomatik aparatını düşdüyü bataqlıqdan çıxarmaq üçün daha radikal və ciddi tədbirlərə ehtiyac kəskin şəkildə qalmaqda davam edir".

İddialarla bağlı dia.az olaraq bütün tərəfləri dinləməyə hazırıq.

P.S. Ailə podratina çevrilmiş XİN. Ər-arvad səfirlər kimlərdir? Ər-arvad idarə rəisləri, qohumluq əlaqələri olan yüksək vəzifəli diplomatlar. Hansı səfirlərin və diplomatların ali təhsil haqqında sənədləri saxtadır?

Bu barədə növbəti yazıda...