Gündəm / Siyasət

Nədən İsraildə ELÇİLİYİMİZ RƏSMİLƏŞMİR? - AKTUAL

Nədən İsraildə ELÇİLİYİMİZ RƏSMİLƏŞMİR?
Azərbaycanla İsrail arasında birgə komissiyanın həmsədri, iqtisadiyyat naziri Mikayıl Cabbarovun başçılıq etdiyi nümayəndə heyəti İsraildə səfərdədir. Kanal14.az-ın  "Yeni Müsavat”a istinadən məlumatına görə, M.Cabbarov artıq İsrailin xarici işlər naziri Yair Lapidlə və inşaat və mənzil siyasəti naziri Zeev Elkinlə görüşüb.

Görüşlərdə ikitərəfli münasibətlər və yeni əməkdaşlıq imkanları, investisiyaların təşviqi, qeyri-neft sektorunda qarşılıqlı təcrübə mübadiləsi, həmçinin işğaldan azad olunmuş ərazilərimizin bərpası prosesi barədə müzakirələr aparılıb. İsrail şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpası ilə bağlı layihələrdə iştirakda marağı ifadə olunub. Səfər çərçivəsində Azərbaycanın İsraildə Ticarət Nümayəndəliyinin açılışı olub.

İsrailin Bakıdakı səfiri Corc Dik nümayəndəliyin açılmasını tarixi hadisə və diplomatik nümayəndəliyin (səfirliyin) açılması yönündə mühüm addım adlandırıb. "İlk dəfə olaraq İsraildə rəsmən Azərbaycan bayrağı dalğalanacaq”, - səfir deyib.

Ancaq aydındır ki, Ticarət Nümayəndəliyi səfirlik deyil. O da məlumdur ki, İsrail-Azərbaycan strateji tərəfdaşlığı yüksələn xətlə inkişaf edir. Bunu 44 günlük müharibə zamanı bir daha gördük. Azərbaycanlı nazirin İsrail səfəri bunun növbəti sübutudur.

Bir müddət əvvəl israilli politoloq Mixail Finkel bildirmişdi ki, İsraildə Azərbaycandan gələn yəhudilərin və azərbaycanlıların böyük icması mövcuddur. Onun sözlərinə görə, onlar bu tarixi anı illərdir səbirsizliklə gözləyirlər: "Biz İsrailin müdrik vətəndaşları olaraq Azərbaycanı anlayırıq. Cənubi Qafqazın sadə region olmadığını, Azərbaycanın hansı qonşularla əhatə olunduğunu yaxşı bilirik. Biz İsraillə dostluq münasibətləri saxlamayan bəzi müsəlman və türk dövlətlərinin də bu mövzuya isti yanaşmadığını anlayırıq. Həmin dövlətlərin əksəriyyəti ilə Azərbaycanın yaxşı əlaqələrinin olduğunu nəzərə alsaq, Bakının Qüdsdə səfirlik açması asan görünmür”.

Onu da demək lazımdır ki, İsrailə Azərbaycan nefti ixrac olunur, müxtəlif sahələri əhatə edən əlaqələr var. Nəzərə almaq lazımdır ki, Azərbaycanın İran və Türkiyə kimi yaxın qonşuları var. Digər müsəlman dövlətlərini də unutmaq olmaz. İsrailin Fələstinlə yanaşı, Tehranla da problemləri mövcuddur.

Yəni təkcə bunlar səbəbdirmi? Səfirliyimiz niyə açılmır? Yenə İran amili mane olur? İranla ən isti münasibətlərdə olan Ermənistan da Tehranın qıcığına məhəl qoymadan ötən il Təl-Əvivdə səfirlik açdı. Bəs biz nəyi gözləyirik? Üstəgəl, Prezident İlham Əliyev bir sıra ölkələrə, o cümlədən ABŞ və İngiltərəyə yeni səfirlər təyin etdi. Bəs İsrailə nə vaxt səfir təyinatı olacaq?

Deputat Asim Mollazadə "Yeni Müsavat”a bildirdi ki, İsraildə səfirliyin açılmasına nə mane olduğunu söyləməkdə çətinlik çəksə də, bunu zəruri və qaçılmaz addım hesab edir: "Bizim İsraillə çoxşaxəli əməkdaşlığımız, tərəfdaşlığımız var. Ona görə bu istiqamətdə yaxın vaxtlarda addım atılmasını gözləyirəm. Ümidvaram ki, bu yöndə qərar veriləcək. Çünki İsraillə xoş əlaqələr var və səfirliyin açılması zəruridir”.

Deputat Fazil Mustafa bildirdi ki, Azərbaycanın İsraildə səfirliyinin açılması istiqamətində qətiyyətli addım atılmalıdır. Onun sözlərinə görə, Qarabağ müharibəsində bizə ciddi şəkildə dəstək verən dövlətlə dostluq münasibəti var və səfirliyin açılması məsələsində tərəddüd etməməliyik: "Madam ki, Ermənistan İsraildə səfirlik açıb, onda biz nəyi gözləməliyik? Bu addımına görə İran Ermənistanla düşmən olmayıb. Belə çıxır ki, onda kim İsraildə səfirlik açırsa, İran onunla düşmən olmalıdır? Niyə İranı bizə tez-tez xatırladırlar? Biz bu ölkənin daxili işlərinə qarışmırıq, onlar da bizim daxili işlərə müdaxilə edə bilməz. Ona görə İsraildə səfirliyimizin açılması lazımdır”.

Siyasi şərhçi Ramiyə Məmmədova hesab edir ki, Ticarət Evinin açılması başlanğıcdır və səfirlik açılması yönündə atılan ilk addımdır. Onun fikrincə, Azərbaycan tərəfi bu prosesi davam etdirəcək və yekunda səfirlik açılmasını reallaşdıracaq: "Bakı bir qədər tərəddüd edirdi. Amma 44 günlük müharibədən sonra bəzi mətləblərə işıq salındı. Azərbaycan indi daha müstəqil siyasət yürüdür və Ticarət Nümayəndəliyinin ardınca səfirlik gələcək. Buna qədər Bakı Tehran və Ankaranı nəzərə alırdı, müəyyən məsələlərdə ehtiyatlı hərəkət edirdi, amma bundan sonra bizə dost və dost olmayanlar aydınlaşdı”.

Siyasi ekspertin sözlərinə görə, Ticarət Evinin açılması İsrail-Azərbaycan arasında turizm və digər sahələrdə əlaqələri inkişaf etdirəcək: "Gələcəkdə İsraildə səfirlik açılması ilə iki ölkə arasında viza rejiminin götürülməsi də mümkündür. Əgər dost ölkələriksə, niyə də Türkiyə və İran kimi, İsrailə də vizasız səfərlər olmasın?! Təbii ki, bütün bunlar zamanın məsələsidir”.
"Yeni Müsavat”