Gündəm / Cəmiyyət / Sosial

"Azərbaycanda qadın şiddətinə nə vaxt son qoyulacaq, bilmirəm"


Kanal14.az: - "Azərbaycanda qadın şiddətinə nə vaxt son qoyulacaq, bilmirəm. Bizim cəmiyyət bütün bu hadisələrə biganədir. Əvvəllər bir hadisə baş verəndə qohum-əqrəba bu işlərə qarışırdı, dəstək olurdu. O zaman bu qədər hadisə də yox idi”

Bunu Moderator.az-a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu ailə münaqişələri haqda danışarkən deyib. Onun sözlərinə görə bu gün bütün bu hadisələrə cəmiyyət biganədir:

"Azərbaycanda qadın şiddətinə nə vaxt son qoyulacaq, bilmirəm. Bizim cəmiyyət bütün bu hadisələrə biganədir. Əvvəllər bir hadisə baş verəndə qohum-əqrəba bu işlərə qarışırdı, dəstək olurdu. O zaman bu qədər hadisə də yox idi. Çünki hamı bilirdi ki, nəsə olsa, qonşusu onun köməyinə çatacaq. İctimaiyyət soyuqlaşıb, ictimai qınaq yoxdu. İctimaiyyət bilir ki, bu arvadını döyür, amma onu bir yerə demir. Yəni ictimai qınaq olmasa, qohum-əqrabalar ailələrdə baş verən hadisələrə qarışmasa, hadisələr baş verəcək. Boşanmaq istəyirsənsə, boşan canını qurtar da. Yəni bütün bunların hamısı neçə illərdir vətəndaş cəmiyyətində boşluqların olmasına görədir. Biz artıq neçə ildir rayonlara gedib, insanlarla söhbətlər aparmırıq. Doğrudan da Qeyri-Hökumət təşkilatlarının bu sahədə böyük rolu var idi. Biz onda kifayət qədər ailə münaqişələrinin qarşısını almışıq”.

N.Cəfəroğlu rayonlarda keçirdikləri görüşlər zamanı narkotik və erkən nigahlara da toxunduqlarını bildirib:

"Onda narkotiklə də mübarizə aparırdıq. İndi narkotik ölkədə tüğyan edir. Amma biz on il bundan qabaq rayonlara polislə gedirdik, insanlarla söhbət aparırdıq. İndi isə hər şeyi öz axarına buraxmışıq. Qanun qəbul etdik, daha sonra rayonlara gedib mollaları da çağırdıq və tapşırdıq ki, erkən nigah olmasın. Azyaşlı uşaqları Moskavadan gələn arvadlı kişilərlə evləndirirsiniz. Bir kişi üç dəfə rayona gəlib üç arvad almışdı və hər birinin də bir uşağı var idi. Qadınlar uşaqpulu almaq üçün bizdən kömək istəyirdilər. Yəni cəmiyyətin özü, ailə budur. Ailələr var ki, bilir oğlan qızını saxlamayacaq, amma zorla ərə verir. Bütün bunların hamısı televiziyada müzakirə olunmalıdır, təbliğat aparılmalıdır.

İqtisadi durumun ailələrdə problem yaratması yalan sözdü. Evdə hər iki tərəf bir-birini başa düşməlidir. Kişi bir dəfə pul qazana bilər, pulsuz da gələ bilər. Amma kişi sərxoş olub arvadını döyəndə cəmiyyət bu işə qarışmalıdır”.