kanal14.az
kanal14.az

“Bankdakı əmanət pulun faizi ilə qurban kəsmək olarmı?” - Şeyxin müavini cavab verir

“Bankdakı əmanət pulun faizi ilə qurban kəsmək olarmı?” - Şeyxin müavini cavab verir
20-07-2021, 13:46 136 dəfə baxılıb


Kanal14.az
: - Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Hacı Fuad Nurullayev Moderator.az-a bu dəfəki müsahibəsində Qurban bayramı namazının qılınması, qurbanlıq heyvanların kəsilməsi, alınması və s. ilə bağlı oxucularımızın ünvanladığı sualları cavablandırıb.

-Hacı, öncə sizin də Qurban bayramınızı təbrik edirik. Oxucularımızın Qurban bayramı namazının qılınması, qurbanlıq heyvanların alınması, kəsilməsi və s. ilə bağlı bəzi sualları var. Məsələn, sual edirlər ki, birinin başqa qazancı yoxdursa, banka əmanət kimi qoyduğu pulun özünə toxunmadan onun yığılmış faizi ilə qurbanlıq heyvan alıb kəsə bilərmi?

-Möminlərin banklarla alış-veriş məsələsi bir az sual altındadır. Çünki şəriətə görə, həmin bankların gəlir mənbələri-filanı araşdırılmalıdır. Amma hər bir insan əlindəki pulun halal olduğunu bilirsə, onunla rahat qurban alıb kəsə bilər. Banka əmanət qoyulmuş vəsaitin üzərinə gələn faizdən istifadəyə gəldikdə isə, dediyim kimi, bu məsələ araşdırılmalıdır. Çünki bizim dövlət dünyəvi dövlət olduğundan banklarımız da dünyəvi dövlətlər səviyyəsində fəaliyyət göstərir. Və biz məsləhət görərdik ki, əmanət bankına pul qoya bilən insan, yəqin ki, qurban kəsmək üçün də halal 100-150 manatı rahat tapa bilər, qurbanını da həmin pulla alıb kəsə bilər, inşallah...

-Tutaq ki, biri artıq İsmayıl qurbanını kəsməyi qət edib, hətta heyvanı da satın alıb, ancaq Qurban bayramı günləri gözlənilmədən yaxınlarının başına bir fəlakət gəlir, elə bir hadisə baş verir ki, məsələn, başqa rayona, yaxud şəhərə getməyə məcbur qalır və qurbanlığın kəsimini icra etmək imkanı olmur. O halda həmin insan qurbanını başqa günlər kəsə bilərmi?

-Əvvəla, Həcc ziyarətində olan zəvvarlara istisna olmaqla, Qurban bayramında qurban kəsmək vacibat sayılmır, müstəhəbdir. Kimin imkanı, vaxtı varsa, o kəsə bilər. Ona görə də əgər hər hansı bir şəxsin Qurban bayramı günləri özünün aldığı heyvanı kəsməyə vaxtı olmasa, ona heç bir günah yazılmır. Amma həmin şəxs hər hansı hadisə ilə bağlı bayram günləri qurbanı kəsmək imkanına malik olmasa, hər hansı bir qardaşını, qohumunu, dostunu, qonşusunu qurbanlıq heyvanı kəsib paylamaq üçün vəkil edə bilər və o, həmin şəxsin əvəzindən qurban kəsimini icra edər.

Özü də bilmək lazımdır ki, Azərbaycanda Qurban bayramı dövlət səviyyəsində rəsmən iki gün qeyd edilsə də, əslində şəriətə uyğun olaraq bu bayram 3 gün keçirilir və qurban da həmin 3 gün ərzində rahat kəsilə bilər. Yəni möminlərin bu baxımdan yalnız bu il iyulun 20-21-i deyil, 22-də də qurbanlarını kəsməsi mümkündür...

- Qurban bayramı günü birinin əzizi, yaxını rəhmətə getsə, Allaha qurban üçün nəzərdə tutduğu heyvanı kəsib onun ətindən ehsan verə bilərmi?

-Xeyr, bu olmaz. Qurbanlıq heyvan kəsilib yoxsullara, imkansızlara yalnız çiy ət şəklində paylanmalıdır. İsmayıl qurbanını başqa formada, məsələn, bişirib, qaynadıb, qızardıb, bozbaş, soyutma edib və s. kimi paylamaq olmaz. Qurbanlıq heyvan kəsilir, 3 hissəyə bölünür və onun bir hissəsi kəsənindir, qalan iki hissəni öz qohum-qonşusundan tutmuş yaxınlığındakı yoxsullara paylamalıdır. Eləcə də məsələn, qurban payı əvəzinə yoxsullara bir neçə kilo ətin qiyməti məbləğində pul, yaxud digər ərzaq paylamaq da qəbul olunmur...

-Bəzi din xadimləri, yaxud ilahiyyatçılar deyir ki, zootexniki məqsədlərlə qısırlaşdırılmış erkək heyvanları da qurban kimi kəsmək olar. Bu doğrudurmu?

-Xeyr. Bu, doğru deyil. Qurbanlıq heyvanın gərək hər orqanı, o cümlədən hayaları normal şəkildə yerində olsun. Qurban seçilərkən bunlara diqqət etmək lazımdır. Azərbaycanda da, şükür Allaha, nə qədər istəsən, sağlam heyvan tapmaq olar...

-Bəzən qəssablar alıcılara deyir ki, Qurban bayramının tarixinin daxil olduğu gecə saat 12-dən sonra qurban kəsmək olar. Bu, nə dərəcədə doğrudur?

-Yox. Qaranlıqda, gecə vaxtı qurban kəsmək olmaz. Yalnız gündüz vaxtı kəsmək lazımdır. Ən gözəli sübh zamanı günün çıxma əlamətləri bilindisə, qurbanlıq heyvanı kəsmək olar. Bir sözlə, qurbanı səhər gün çıxandan axşam gün batanadək kəsmək mümkündür.

-Bəs bayram namazını günün hansı vaxtınadək qılmaq olar?

-Bayram namazı da vacib deyil, müstəhəbdir və onun günortayadək qılınması məsləhətdir. Eyni zamanda sübh namazından dərhal sonra qılmaq olmaz, günəş çıxandan sonra qılmaq lazımdır...

-Bəziləri sual edir ki, qurbanı birinci kəsək, sonra bayram namazı qılaq, yoxsa əksinə?

-Burada heç bir şərt, vacibat yoxdur. Səhər vaxtı bayram namazını qılıb qurbanını kəsə də bilər, yaxud əksinə, günortayadək qurbanını kəsib sonra namazını qıla bilər...
Bir nüansı da qeyd edim: bəzi kəndlərdə, məhəllələrdə görürsən ki, qəssablar heyvanı kəsirlər, sonra da onun ətini camaata qurbanlıq kimi satırlar. Bilməyənlər də alır və özünü qruban kəsdirmiş kimi hesab edir. Əslində bunun qurban kəsdirməyə heç bir dəxli yoxdur. Bu, sadəcə, digər vaxtlarda olduğu kimi, qəssabdan bir neçə kilo ət almaqla eyni şeydir...

Fürsətdən yararlanaraq saytınız vasitəsilə bir daha bütün xalqımızın, o cümlədən siz jurnalistlərin Qurban bayramını təbrik edirik. Allah hamımızın qurbanlarını, namaz, oruc və dualarını qəbul etsin!






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA