Gündəm / Hadisə

Binəqədi İH-in 3 ildir hasarladığı “park” yandı

Binəqədi İH-in 3 ildir hasarladığı “park” yandı

 

 

Binəqədi rayon Süleyman Sani Axundov küçəsində yerləşən "Təbəssüm” uşaq bağçasının yaxınlığındakı kiçik boş ərazi 3 ildir ki, taxta ilə hasarlanıb.

Kanal14.az  Axar.az a istinadən xəbər verir ki, əvvəl bir neçə ağac və yaşıllıq olan kiçik sahənin 3 ildir hasara məhkum edilməsinin səbəbi bəlli deyil. İki yolun qovşağında yerləşən kiçik ərazi hansısa sahibkara satılıbmı? Yoxsa o ərazini satmaq üçün yararsız hala gəlməsini gözləyirlər?

Bu suallar açıqdır, mənzərə isə odur ki, cəmi bir neçə kvadratmetrlik ərazi illərdir baxımsız halda zibilliyə çevrilməkdədir. Belə ki, qazon artıq məhv olub, əraziyə tullantılar atılmaqdadır, bir tərəfinə isə təyinatı bəlli olmayan vaqon yerləşdirilib.

Ötən gün sözügedən ərazidə yanğın başlayıb. Saytımızın yanında yerləşən yanğınla bağlı məlumatı da FHN-ə redaksiya əməkdaşları veriblər.

Yanğın söndürülüb və genişlənməsinə imkan verilməyib. Ancaq yanğının səbəbi də müəmmalıdır. Kimdir 3 ildi hasarlanan ərazidəki ağacları yandırmaq istəyən?

Beləliklə, Binəqədi Rayon İcra Hakimiyyətinin bərk-bərk qoruduğu taxta hasarı yanğın artıq məhv edib və hasarın içərisindəki "gözəllik” üzə çıxıb: od dəyən ağaclar, yanan zibillik və quru ot!

Binəqədi İcra hakimiyyətinə mövzu ilə bağlı sorğu verilib.