Gündəm / Cəmiyyət

"Müharibə iştirakçılarının tanınması gələcək nəslin vətənpərvərlik ruhunda yetişməsi deməkdir"

"Müharibə iştirakçılarının tanınması gələcək nəslin vətənpərvərlik ruhunda yetişməsi deməkdir"

 

 

Kanal14.az: - Bu gün Azərbaycanda həyata keçirilən gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Gənclərin vətənpərvərlik tərbiyəsinin, milli şüurunun inkişafı, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, məşğulluğunun artırılması, asudə vaxtlarının səmərəli keçirilməsi və digər məsələlərin həlli üçün dövlət proqramları qəbul edilib, prezident fərmanı və sərəncamları imzalanıb, beynəlxalq hüquq prinsiplərinə əsaslanan qanunvericilik bazası yaradılıb. Bilavasitə dövlətin diqqət və qayğısı nəticəsində Azərbaycan gəncliyi siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır, beynəlxalq elmi simpoziumlarda, idman yarışlarında Azərbaycanı layiqincə təmsil edir, üçrəngli bayrağını böyük iftixar hissi ilə yüksələrə qaldırırlar.

Azərbaycan gənclərinin milli kimliyinin formalaşmasında xalqın tarixi, onun görkəmli mütəfəkkir və tarixi şəxsiyyətləri, o cümlədən, digər milli atributlar güclü təsirə malikdir. Milli mənlik şüuru sayəsində millət, xalq və etnik qruplar tarixi inkişaf xüsusiyyətlərini, sosial-etnik cəhətləri bütün dolğunluğu ilə dərk edirlər. Milli mənlik şüuru, vəzifəsindən, tutduğu mövqeyindən asılı olmayaraq, hər bir vətəndaşa xas olan keyfiyyətdir. Gənclərin vətənpərvər ruhda böyüməsi üçün mənəviyyat məsələsi də mühüm əhəmiyyət kəsb edir. Heç kimə sirr deyil ki, mənəviyyat olmayan yerdə milli mənlik şüurundan, vətənpərvərlikdən söhbət gedə bilməz.

 

Millət vəkili Müşfiq Cəfərov mövzu ilə bağlı Sonxeber.az-a açıqlamasında deyir ki, 44 günlük İkinci Qarabağ Müharibəsi indiki gəncliyimizdə vətənpərvərlik ruhunun daha da yüksəlməsinə səbəb olub:

"Bu gün vətənpərvərlik hissi yüksək səviyyədədir. Müharibə bizim gəncliyimizə yeni ruh verdi, yeni yol açdı. Hərdən yaşlı nəslin nümayədələri deyirdilər ki, gənclik telefonla, kompüterlə məşğuldur. Amma məhz bu gənclər müharibədə döyüşüb, qalib gəldilər.

Bəzi yaşlı insanlar hətta bu gənclərin harada hazırlaşdıqlarına təəccüblənirdilər. Lakin bu, hazırlıqdan irəli gəlmirdi. Təbii ki, peşəkar ordumuz var. Bu, öz yerində. Amma insanların, gənclərin içində bir vətənpərvərlik ruhu var idi. 18 yaşlı gənc əsgərlikdə olarkən insanlardakı o ruhu, birliyi hiss etdi. Hətta əsgərlikdə olmayanlar da müharibə dövründə yüksək vətənpərvərlik nümayiş etdirdilər. Raket atırdılar, insanlar geri çəkilmirdi.

İnsanlarda birlik yaranmışdı. Hər kəs vuruşub erməniyə qalib gəlmək istəyirdi.. Bu baxımdan düşünürəm ki, Vətən müharibəsi bizim gəncliyi çox ruhlandırdı. Təbii ki, biz də o ruhu qoruyub saxlamağa, daha da inkişaf etdirməyə çalışmalıyıq. Bu gün bizim qazilərimiz, şəhidlərimiz, onların övladları var. Biz bu şəxsləri tanıtmalıyıq. Onların problemlərini məmurlar həll etməyə çalışmalıdırlar. Ümumiyyətlə, o insanların problemlərinin olmaması üçün əlimizdən gələni etməliyik. Biz qaziləri, şəhid övladlarını yaşadarıqsa, deməli, gələcəyin gənc nəslini yaşadırıq. Bu gün hər hansı bir məmur qaziyə lazımi münasibət göstərməyib, onu küsdürsə, bu vəziyyət məsələdən xəbərdar olanlarda ruh düşkünlüyü yarada bilər. Ona görə biz buna imkan verməməliyik, onların bütün məsələlərində yanlarında olmalıyıq, onları tanıtmağa çalışmalıyıq. Onların tanınması gələcək nəslin vətənpərvərlik ruhunda yetişməsi deməkdir".//sonxeber.az