Gündəm / Siyasət

Azərbaycanla barışıq Türkiyə ilə barışıqdır - GƏLİŞMƏ

Azərbaycanla barışıq Türkiyə ilə barışıqdır
Kanal14.az: - KTMT Baş katibi Stanislav Zasın bəyanatları qəribədir. Bunu "Azadlıq radiosu”na müsahibəsində Ermənistanın hakim Mülki Müqavilə Partiyasının üzvü Ruben Rubinyan deyib. Rubinyan Ermənistanın suverenliyinin təhdid altında olduğunu əsas gətirərək, KTMT-yə müraciət etdiklərini və Zəngəzurla bağlı situasiyanın KTMT nizamnaməsinin 2-ci maddəsinə uyğun gəldiyini iddia edib. Qeyd edək ki, bundan öncə KTMT Baş katibi Stanislav Zas Zəngəzurla bağlı məsələnin KTMT nizamnaməsinə uyğun olmadığını və məsələnin sərhəd insidenti olduğunu deyib.

Mövzu ilə bağlı "Şərq"ə açıqlama verən politoloq Natiq Miri deyib ki, burada KTMT-nin nüvəsi olan Rusiya dövlətinin maraqları kontekstində bir yanaşma var. O qeyd edib ki, bu da bilavasitə Rusiyanın Ermənistan üzərində tam nəzarətini təmin etməkdən ibarətdir:

"Çünki Rusiya bildiyiniz kimi, istədiyinə nail ola bilmədi. Dəstəklədiyi namizəd Robert Koçaryan həqiqətən də Ermənistan cəmiyyətində iflasa uğradı. Bu da dolayısıyla təkcə Qarabağ klanının deyil, həm də Rusiya siyasətinin Ermənistanda məğlubiyyəti anlamına gəlir. Ona görə də bu cür açıqlamalar sadəcə ədaləti bərpa etmək, yaxud da ki, məsələyə ədalətli və hüquqi yanaşmadan irəli gəlmir. Digər tərəfdən isə əlbəttə ki, bu məsələ sözün əsl mənasında hüquqi cəhətdən doğru bir açıqlamadır. Yəni dolayısıyla Rusiya öz maraqlarını ifadə etməklə yanaşı, bir də hüquqi cəhətdən prosesləri doğru yöndə dəstəkləyir. Bu günləri Azərbaycan ilə Ermənistan arasında 44 günlük Vətən müharibəsindən sonra sərhədlərin müəyyənləşməsi prosesi gedir. Bu da ağrılı bir prosesdir. Ona görə də bu məsələyə yanaşma tərzində açığı kimisə ittiham etmək və yaxud da hansısa hərbi bloku qarşı tərəfin üzünə qaldırmaqla deyil. Çünki sərhədlərin müəyyənləşməsi üçün konkret beynəlxalq hüquq çərçivəsində və coğrafi mövcud olan xəritələr əsasında iki dövlət arasında müəyyən razılaşma olmalıdır. Bu da əlbəttə ki, diplomatik danışıqlardan keçir. Çox maraqlıdır ki, hüquqi və diplomatik siyasi yöndə danışıqlarda Ermənistanın əli güclü olmadığı üçün bu cür məsələlərlə prosesi şantaj etmək istəyirlər. Əgər bununla bağlı ermənilərin əlində faktlar olsaydı, o zaman onlar konkret faktlar ortaya qoyar və digər beynəlxalq təşkilatlarda da bu məsələdə özünə dəstək qazana bilərdi. Ancaq ortada real fakt bundan ibarətdir ki, sərhədlərin müəyyənləşməsi prosesi bu gün, ya sabah və yaxud on illər ərzində müəyyənləşməlidir. Bu da ikitərəfli anlaşma çərçivəsində mümkündür. Əks təqdirdə regionda sülh olmayacaq".

N.Miri əlavə edib ki, sülhün olmaması bu gün Azərbaycanın deyil, Ermənistanın əleyhinə işləyir:

"Çünki sülh olmasa və sərhədlərin müəyyənləşməsi prosesi başa çatmasa Ermənistan blokadadan çıxarılmayacaq. Bu da o deməkdir ki, hələ də Ermənistanda iqtisadi böhran davam edəcək. Ona görə də bilirsiniz ki, bu cür açıqlamalar boğazdan yuxarı açıqlamalardır. Və parlament seçkilərində qalib gələn Mülki Mübadilə Partiyası nə qədər proseslərə adekvat yanaşsa və prosesləri doğru dəyərləndirsə, düşünürəm ki, bir o qədər Ermənistan daha çox qazanacaq. Həmçinin ortada mühüm fakt var. Baxırsınız ki, Ermənistan konkret addım atan kimi Azərbaycan da adekvat atdı. Daha 15 erməni diversantını Ermənistana qaytardı. Bu, əlbəttə ki, yeni Ermənistan hökumətinə olan ictimai basqını getdikcə azaldır və daha rahat nəfəs almağa imkan yaradır. Ermənistan anlamalıdır ki, əgər o, Azərbaycanla ikitərəfli danışıqlara gedərsə, məsələlərə etibarlı, yalançı hay-küylərlə deyil, hüquqi cəhətdən də daha etibarlı yanaşma tərzi ortaya qoyarsa, o zaman qonşu Azərbaycanla daha rahat dil tapa bilər. Bu da Ermənistanın gələcək inkişafının önünü aça bilər. Çünki inkişaf Azərbaycandan asılıdır. Azərbaycanla barışıq Türkiyə ilə barışıqdır. Bunun alternativi mümkün deyil. Çünki alternativ olmuş olsaydı, bu 30 il müddətində İran və Qərb dövlətlərinin dəstəyi ilə Ermənistan inkişaf edərdi. Gördüyünüz kimi, Ermənistan çox bərbad vəziyyətdədir. Həm iqtisadi, həm demokratik, həm də ordunun dağılması nöqteyi-nəzərindən. Demək olar ki, Ermənistan tamamilə iflasa uğramış bir dövlətdir".