Gündəm / Sosial

Operativ Qərargahın qoyduğu absurd və təzadlı qaydalar reallıqda işləyəcəkmi? - Cərimə qorxusu ilə toy…

Operativ Qərargahın qoyduğu absurd və təzadlı qaydalar reallıqda işləyəcəkmi?
Azərbaycanda iyulun 1-dən etibarən toy, nişan, doğum günü şənlikləri başlayıb. Koronavirus pandemiyasına görə 2020-ci ilin mart ayından sonra ilk dəfədir kütləvi mərasimlərə icazə verilib. Reallıqda may ayından bu qadağa formal xarakter daşıyırdı, bir çox restoranlar, şadlıq sarayları və ya məclis sahibləri nəzarətedici qurumlarla "anlaşıb”, müəyyən şərtlər daxilində tədbirlərini keçirə bilirdilər.

Nazirlər Kabineti yanında Operativ Qərargahın toylar üçün qoyduğu şərtlər kifayət qədər məhdudlaşdırıcı və paradoksaldır. Elə təəssürat yaranır ki, məqsəd bu sahədə ictimai tələbatı ödəmək deyil, daha çox cərimə yazmaq üçün əlavə imkanlar yaratmaqdır. Məsələn, 50 nəfərdən 150 nəfərə qədər adamın iştirakı ilə təşkil olunan şənlik mərasimlərində yaşı 18-dən yuxarı olan bütün şəxslərin iştirakına yalnız COVID-19 pasportu olduğu halda icazə verilir. Bu tələbin real şəraitə uyğunlaşdırılması mümkün deyil. Əvvəla, əhalinin əksəriyyəti hələ peyvənd olunmayıb, xüsusən rayonlarda peyvəndləmə ancaq dövlət müəssisələrində çalışanları əhatə edib. Bu məsələdə nə ciddi bir maariflənmə aparılır, nə də israrlı bir kampaniya. O zaman sual yaranır: vaksin vurdurmayan insanlar toylara qatılacaqmı?

Şübhəsiz ki, əksəriyyət yaxın qohum-əqrabanın toyunda iştirak etmək istəyəcək. Bu zaman restoran sahibi ilə məclis sahibi arasında, eləcə də sahibkarla Monitorinq qrupu arasında mübahisə yaranacaq. Nəticədə toy məclisi narazılıq və cərimə ilə yekunlaşacaq. Yaxud bu halların baş verməməsi üçün ya sahibkar, ya da məclis sahibi nəzarətedici qurumların əməkdaşlarına rüşvət ödəyərək qonaqlarını rahat yola verməyə çalışacaq.

Qeyd edək ki, məclisdə iştirak edənlər üçün maska taxmaq tələbi sonradan ləğv edilib. Bu, müsbət addımdır.

Qaydalara görə, restoranlarda çalışanların azı 80 faizi COVID-19 pasportuna malik olmalıdır. Xidmət göstərən heyətin (musiqiçilər istisna olmaqla) tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadəsi məcburidir. Bu tələbi normal saymaq olar, amma xidmət personalının göstərilən faizlə vaksinasiyadan keçməsi az inandırıcıdır. Belə bir vəziyyət xidmət personalını rüşvətlə COVİD-19 pasportu almağa yönəldəcək ki, bu da konkret cinayət əməlidir. Qeyd edək ki, Azərbaycanın hər yerində belə pasportların satılması barədə sosial şəbəkələrdə tez-tez informasiyalar yayılır.

Operativ Qərargah sahibkarlardan tələb edir ki, toy mərasimləri ilə bağlı bütün məlumatları (xidmət personalında çalışanların adları da daxil) icaze.e-gov.az portalına daxil etməlidirlər. Belə məlumatlar yerləşdirilməyən şənlik mərasimlərinin keçirilməsi qadağandır. Bu tələbin Monitorinq qrupuna "geniş imkanlar” yaradacağı şübhəsizdir. Real şərtləri nəzərə alsaq, sahibkarların ona mütləq qaydada əməl etməsi mümkün deyil. Təsəvvür edək ki, yoxlama zamanı adı portalda olmayan bir ofisiantın aşkarlanması obyektin külli miqdarda cərimələnməsi ilə nəticələnəcək.

Maraqlı məqamlardan biri də odur ki, Operativ Qərargah aşkar olunan pozuntulara görə təkcə sahibkarın deyil, həm də məclis sahibinin cavabdehlik daşıdığı barədə tələb qoyub. Yəni cəriməni bir deyil, iki nəfər ödəyəcək ki, bu da sənəddə məsuliyyət dərəcəsinin genişləndirilməsini nəzərdə tutsa da, reallıqda cərimə məbləğinin artmasına gətirib çıxaracaq.

Əlli nəfərə qədər şəxsin iştirakı ilə keçirilən toylara gəlincə, COVID-19 pasportu tələb olunmayacaq, amma məclisdə əyləşənlər mütləq maska taxmalıdır. Ölkədə bütün restoran və kafelərdə belə tələb yoxdursa, toyda niyə olmalıdır? Bu paradoksal, gülməli qaydaya hələ ki Operativ Qərargah şərh verməyib. Məclisdə əyləşib yemək yeyən, oynayan adamdan maska taxmaq tələb etmək gülünc olsa da, DİN-inin Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib ki, tələb mütləqdir. O, həmçinin, vurğulayıb ki, açıq havada, çadırda və digər məkanlarda tələblərə riayət etməklə 50 nəfərə qədər şəxsin iştirakı ilə tədbirə icazə verilir, amma məclis sahibi iki ayrı çadır qurub hərəsində 50 qonaq yerləşdirə bilməz. Niyə? Bu gülməli qadağanın hansı məntiqə əsaslandığı barədə inandırıcı bir izahat yoxdur.

Cərimələrin məbləği isə əhalinin gəlirləri ilə müqayisədə fantastikdir. Fiziki şəxslər 200-400, vəzifəli şəxslər 4000-5000 manat cərimə edilir, yaxud bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Hüquqi şəxsləri 5000-11000 min manat cərimə gözləyir, qayda pozuntusu təkrar törədilsə, şənlik mərasimi keçirilən müəssisənin fəaliyyəti dayandırıla bilər.

Təsvir olunan bu qaydalar və onun reallıqla müqayisəsi o nəticəyə gəlməyə əsas verir ki, Azərbaycanda toy, nişan mərasimləri keçirmək həm sahibkarlar, həm də məclis sahibləri üçün işgəncəyə çevriləcək. Sahibkarın cərimə, həbs qorxusu altında pul qazanması, valdeynin eyni qorxular altında övladına toy etməsi biabırçılıqdır. Özü də bir həqiqəti böyükdən-kiçiyə hamı bilir ki, əhalinin sağlığı hökumət qurumlarını çox da narahat eləmir. Əsas məsələ dövlət qurumlarına rüşvət, cərimə, əhali üzərində sərt nəzarət yaratmaqdır. Bu, subyektiv rəy deyil, pandemiya dönəmində dərmanların yüz dəfəyədək bahalaşdırılması, xəstəxanalarda yerlərin pulla satılması, insanların ucdantutma cərimələnməsi belə qənaətin hasil olmasına gətirib çıxarıb. //pressklub.az//