Gündəm / Sosial

Tarif Şurası ÖLKƏNİ HARA GÖTÜRÜR? - ETİRAZ

Tarif Şurası ÖLKƏNİ HARA GÖTÜRÜR?
Kanal14.az: - Adətən gecələr qaldırmağı xoşlayan Tarif Şurası bu dəfə adəti xilafına günün günorta çağında qəflətən işığın və qazın qiymətlərini artırdı. Onsuz da səbəbsiz yerə dükan-bazarlardakı bahalaşmadan acınacaqlı duruma düşən ölkə vətəndaşları üçün bu qiymət artımı anomal istilər şəraitində soyuq duş effekti verib. Neft-qaz ölkəsində təbii sərvətlərimizin istisinə qızınmasaq da tüstüsünə kor olmağa zatən öyrənmişdik. Amma son bir ildə başlanan bahalaşma dalğasının enerji daşıyıcılarının qiymətlərinin artırılması ilə pik həddə çatması əhalinin səbr kasasını daşdırıb. Pandemiyanın çətin vəziyyətə saldığı ölkə vətəndaşı qışa sürpriz bahalaşma ilə gedir. Əmək haqqı və təqaüdlərin artırılmadığı halda qiymətlərin gündən-günə qalxması mütləq çoxluq təşkil edən aztəminatlı kəsimin vəziyyətini daha da ağırlaşdırıb. Şübhə yoxdur ki, son artımdan sonra digər sahələrdə də bahalaşmanın olacağı qaçılmazdır. Bu isə yaxın perspektivdə heç də yaxşı bir şey vəd etmir.

Sürətli inkişaf nağılları ilə xalqa yalan sırıyan ekspert-malakeşlər hələ ki, bahalaşmaya ciddi bir arqument səsləndirə bilmirlər. Qaz ixrac edən bir ölkədə qiymətlərin idxalçılarla eyni, bir az da çox olmasının tutarlı bir bəhanəsi olmamalıdır. Qiymət artımını sadə əhali üçün çətin anlaşılan şərtlərlə bahalaşdıran TŞ-sı bu əndrabani qərarını hətta ucuzlaşma kimi də qələmə vermək istəyir. Əslində isə əhalinin sosial vəziyyətinə kifayət qədər təsir edəcək qiymət artımı baş verib.

Belə qələmə verilir ki, qeyri-əhali kateqoriyası üzrə gündüz saatlarında qiymət 7,3 qəpik, gecə saatlarında isə 3,5 qəpik olacaq və nəticədə guya qiymətlər aşağı düşəcək.Əslində isə Tarif Şurasının əvvəlki qərarlarında elektrik enerjisinin qeyri-əhali kateqoriya üçün satış qiymətləri onsuz da differensiallaşdırılmışdı, yəni gecə və gündüz saatlarına bölünmüşdür. Tarif Şurasının əvvəlki qərarına görə, gündüz saatlarında elektrik enerjisi həmin kateqoriya istifadəçiləri üçün 5,8 qəpikdən satılırdı:

Ekspertlər bildirir ki, indi isə bu qiymət 7,3 qəpik oldu. Bu da o deməkdir ki, 26 faiz artım olub. Gecə saatlarında isə əvvəlki qərarla tarif 2,8 qəpik idi. İndi isə o tarif 3,5 qəpiyə qədər artırıldı. Bu da 25 faiz artım deməkdir. Təbii ki, qiymət artımlarının qeyri-əhali seqmenti üçün nəzərdə tutulduğu bildirilsə də çanaq son nəticədə əhalinin başçında çatlayacaq. Nəzərə alsaq ki, Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə bu ilin yanvar-may dövründə ölkədə orta əməkhaqqı göstəricisi təxminən 3 faiz azalıb, o zaman vəziyyət daha da aydın olar.

Qazın qiymətləri isə indiyə qədər il ərzində 2 200 kubmetrə qədər təbii qazın hər kubmetrini 10 qəpiyə alırdıq. Yeni qərarla 1200 kubadək 10 qəpikdir.

1 200 kubmetri keçəndə hər kubmetrə görə 20 qəpik, 2 500 kubmetri keçəndə isə 25 qəpik ödəyəcəyik.

Verilən məlumatlara görə ötən il əhalinin təqribən 30 faizə yaxını 2200 kub metr həddini keçib. Bu isə onu deməyə əsas verir ki, üzümüzə gələn qış bu rəqəm böyük qism əhalini əhatə edəcək ki, nəticədə sosial vəziyyəti ağırlaşan aztəminatlı qism üçün çətin günlər başlanır.

Beləliklə Tarif Şurasının son qərarı xalqımız üçün qarşıda yeni bahalaşma dalğasının anonsu hesab oluna bilər. Əmtəənin qiyməti artıqca insanların dəyərdən düşdüyünün fərqindəsinizmi, cənablar ?

Nicat Mahmudov
Rubika.Az