Gündəm / Cəmiyyət / Sosial

"50 nəfərə qədər yığıncaqlarda maskanın tətbiq olunması o qədər də düzgün verilmiş bir qərar deyil" - Ekspert danışır


Bir müddət əvvəl Hindistanın Maharaştra ştatında ilk dəfə qeydə alınan koronavirusun "delta plus” (B.1.617.2.1) adlı yeni ştammı sürətlə yayılmaqda davam edir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) isə bir neçə gün öncə keçirilən brifinqdə "Delta" koronavirus ştammının 92 ölkədə qeydə alındığını açıqlayıb. Bu ştammın artıq qonşu Gürcüstanda, İranda da qeydə alınması ölkəmiz üçün real təhlükəyə çevrilib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, bu günə kimi Azərbaycanda "Hindistan ştammı” (Delta) rəsmi şəkildə qeydə alınmayıb. Təbii ki, yeni ştamm barədə söhbətlər insanları ciddi narahat etməyə başlayıb. Yeni ştammla bağlı həkim allerqoloq, pulmonoloq Ramin Nərimanla söhbətləşdik. Həkim "Şərq"ə müsahibəsində bir sıra məqamlara aydınlıq gətirib.

- Ramin bəy, məlum olduğu kimi, qonşu ölkələrdə artıq "Delta" ştammı rəsmi olaraq qeydə alınıb. Sizcə, Azərbaycan üçün də yeni ştamm gözləniləndirmi?

- İlk olaraq qeyd edim ki, artıq Azərbaycanla qonşu olan, o cümlədən də sıx siyasi-iqtisadi əlaqələri olan bəzi ölkələrdə Hindistan ştammı rəsmi şəkildə qeydə alınıb. Xüsusilə, Rusiyada, Türkiyədə, Gürcüstanda, hətta artıq Ukraynada bir neçə vaxtdır ki, koronavirusun "Delta" variantı sürətli şəkildə yayılmağa başlayıb. Təbii ki, Azərbaycanın da həmin ölkələrlə sıx əlaqəsi var. Ona görə də "Delta" ştammının Azərbaycanda aşkar olunması gözlənilən bir haldır.

- "Delta" ştammının ölüm riski hansı səviyyədədir?

- Bu günə qədər olan rəsmi məlumat ondan ibarətdir ki, həmin ştammın yayılma sürəti koronavirusun digər ştammları ilə müqayisədə nisbətən çoxdur. Amma onun ölümcülük dərəcəsinin yüksək olması haqqında hər hansı bir rəsmi məlumat yoxdur. Ona görə də düşünürəm ki, "Delta" variantının Azərbaycanda və yaxud da ki, hər hansı bir dünya ölkəsində yayılmasına görə panika yaratmağa dəyməz.

- Peyvənd olunmuş şəxslərin yeni virusa yoluxma ehtimalları hansı səviyyədədir?

- Koronavirus əleyhinə olan peyvəndlər tam qoruyucu bir vasitə deyil. Sadəcə olaraq həmin peyvəndlər koronavirusdan ölüm saylarının azalmasına səbəb olur. Eləcə də xəstəliyin yüngül keçməsinə köməklik göstərir. Bu günə qədər də kovid əleyhinə olan vaksinlərin hamısının yeni yaranan ştammlara effektivliyi təxminən eynidir. Yəni onlar tam qoruyucu deyil.

- Sizcə, yay günlərində peyvənd olunmuş şəxslər xüsusilə nələrə diqqət etməlidirlər?

- Peyvənd olunan gün və peyvənddən sonrakı yaxın iki-üç gün müddətində peyvənd olunan şəxslərə gərgin fiziki iş görmək, çimmək, duş, sauna, vanna qəbul etmək olmaz. Ümumiyyətlə, həmin şəxslərə gün altında olmaq, dənizə getmək, alkoqol qəbul eləmək və idman etmək məsləhət görülmür. İki-üç gündən sonra isə peyvənd olunan şəxslər əvvəlki həyatlarına sərbəst davam edə bilərlər. Əgər kimlərdəsə peyvənddən sonra ağırlaşma olarsa, artıq ona uyğun da tədbir alınır.

- Bilirsiniz ki, müəyyən qaydalarla artıq toy, nişan, ad günü mərasimlərinin keçirilməsinə icazə verildi. Bir həkim kimi yeni qaydalara münasibətiniz maraqlıdır?

- Düşünürəm ki, 50 nəfərə qədər yığıncaqlarda maskanın tətbiq olunması o qədər də düzgün verilmiş bir qərar deyil. Bu gələcəkdə qanundan kənar halların, yəni səbəbsiz yerə cərimələnmələrin və bu cərimələrdən yayınmaq üçün müəyyən qanundan kənar halların baş verməsinə səbəb olacaq. Belə neqativ hallarla qarşılaşmamaq üçün ən yaxşı çıxış yolu insanların kovid əleyhinə peyvənd olunmasıdır.