kanal14.az
kanal14.az

Bəzi tibb işçiləri koronavirusa görə əlavələrini ala bilmir - NARAZILIQ!

Bəzi tibb işçiləri koronavirusa görə əlavələrini ala bilmir - NARAZILIQ!
30-06-2021, 09:08 83 dəfə baxılıb

Bəzi tibb işçiləri koronavirusa görə əlavələrini ala bilmir - NARAZILIQ!

 

Kanal14.az: - Pandemiya dövründə ən çox səslənən şikayətlərdən biri koronaviruslu xəstələrlə çalışan həkimlər və digər tibb işçilərinin maaşlarına əlavələrin ödənilməməsi ilə bağlı idi. Zaman-zaman gündəmə gələn bu narazılıqlar hazırda da aktualdır.

Kliniki Tibbi Mərkəzdə (keçmiş "Semaşko”) koronaviruslu xəstələrlə işləyən həkimlər deyir ki, əməkhaqqına əlavələri hələ də ala bilməyiblər: "Bir müddət əvvəl koronaviruslu xəstələrin qəbulu da dayandırıldı, olanları da Neftçilər Xəstəxanasına köçürdülər. Artıq koronaviruslu xəstələr yoxdur, amma biz hələ də o xəstələrə xidmətə görə maaşımıza əlavəni ala bilməmişik…”

"Yeni Klinika”da çalışan tibb işçiləri də eyni problemdən şikayətlənir. Klinikanın kiçik tibb işçisi Asim Rüstəmovun sözlərinə görə, 270 manat rəsmi maaşlarını alsalar da, koronavirusa görə ödənilməli olan 1200 manatı vermirlər. Məsələ ilə əlaqədar dəfələrlə mühasibatlığa edilən müraciətlərə konkret cavab ala bilməyiblər. Onlara bildirilib ki, tabellər İcbari Sığorta üzrə Dövlət Agentliyinə göndərilib. Agentlik isə dəqiq cavab vermir.

Nazirlər Kabinetinin qərarına əsasən koronavirusla mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinə iş vaxtına mütənasib olaraq, aylıq vəzifə (tarif) maaşının 3-5 misli məbləğində müddətli əlavələr ödənilir. İşçilərin siyahısı, həmçinin, əməkhaqlarına müddətli əlavənin hesablanması tibb müəssisələri tərəfindən aparılır.

İcbari Tibbi Sığorta Agentliyindən bildirilib ki, "Yeni Klinika”da təkcə mart ayı üzrə 374 nəfərə 679 min 863 manat 36 qəpik, aprel ayı üzrə isə 403 nəfərə 765 min 711 manat 62 qəpik (vergi tutulmaları daxil olmaqla) müddətli əlavə ödənilib. May ayı üzrə siyahı isə göndərilmədiyinə görə ödənilməyib: "Hansısa şəxsin işə cəlb olunması və bunun müqabilində müddətli əlavənin verilməməsi haqda məlumat varsa, məsələnin araşdırılması üçün müvafiq tibb müəssisəsinin maliyyə və ya mühasibatlıq şöbələrinə müraciət olunmalıdır”.

Bakıda fəaliyyət göstərən özəl tibb müəssisələrindən birinin rəhbəri, keçmiş deputat Nazim Bəydəmirli hesab edir ki, dövlət orqanlarının məsuliyyəti bir-birinin üzərinə atması bugünkü mənzərəni ortaya çıxarır. Onun sözlərinə görə, koronaviruslu xəstələrlə işləyən həkimlərə vəd olunan əlavə ödənişlərin verilməməsindən ziyan çəkənlər arasında yaxınları da var:

"Müxtəlif dövlət orqanları məsuliyyəti bir-birinin üzərinə atır, nəticədə problem həll olunmamış qalır. Konkretlik olmayanda belə olur. Paralel idarəçilik, oxşar funksiyaları yerinə yetirən qurumların mövcudluğu bu cür problemlər yaradır. Nazirlər Kabinetinin müvafiq qərarı var və qərarının icrasını təmin etməlidir. Koronavirus tüğyan etdiyi zamanlarda bacım oğlu da hərbi həkim olaraq mülki xəstəxanaya cəlb edilmişdi. Tibb Universitetinin sonuncu kurs tələbələri də onunla birlikdə idi. Onların tələbə təqaüdlərinə əlavələr nəzərdə tutulmuşdu. 70-ə yaxın tələbəyə bu ödəniş verilmədi. Dəfələrlə yazılı şəkildə müraciət etsələr də, nəticə yoxdur. Müdafiə Nazirliyi Maliyyə Nazirliyinə yönləndirir, Maliyyə Nazirliyi TƏBİB-in boynuna atır…”

N. Bəydəmirli qeyd etdi ki, pandemiya dövründə karantin rejiminin pozulmasına görə vətəndaşlardan cərimələrin toplanmasına isə dövlət strukturları kifayət qədər sərt yanaşırdı. Vətəndaşlardan cərimələrin dərhal ödənilməsi tələb olunurdu. Hətta buna görə vətəndaşın polis bölməsində girov saxlanması haqda şikayətlər də səslənirdi:

"Belə çıxır ki, koronavirusla bağlı cərimələrin toplanmasına dövlət bütün gücünü səfərbər edir, amma ödənişlərə gələndə buna barmaqarası yanaşır, ötür-ötürlə yola verir. Bu da məmurun ictimai rəyə hörmətsizliyindən, vətəndaş, vergi ödəyicisi qarşısında hesabatlı olmamasından, məsuliyyət hiss etməməsindən irəli gəlir”.//dia.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA