Gündəm / İqtisadiyyat / Sosial

Dünya Bankı Azərbaycana niyə kredit vermək istəyirdi? - "Hiss olunur ki, maliyyə problemləri də var"

Dünya Bankı Azərbaycana niyə kredit vermək istəyirdi? - "Hiss olunur ki, maliyyə problemləri də var"

 

Kanal14.az: - Xəbər verdiyimiz kimi, Dünya Bankı (DB) Azərbaycanda COVID-19-a təcili cavab tədbirlərinin həyata keçirilməsi layihəsinə 95 milyon ABŞ dolları ayırmağı planlaşdırırdı.

Lakin Azərbaycan bu kreditdən imtina etdi. Dünya Bankından Azərbaycana ayrılacaq kreditlə bağlı bildirilirdi ki, keçən il bir neçə ölkə koronavirus infeksiyasına qarşı mübarizədə ölkələri dəstəkləmək üçün sürətləndirilmiş kredit mexanizmi elan edildikdən dərhal sonra maliyyələşmə üçün müraciət etdi. Bu ölkələrə vəsait ayrıldı və onlar COVID-19 səbəbilə yaranmış əlavə xərclərini qarşılaya bildilər : "Azərbaycan hökuməti isə öz növbəsində, bu yaxınlarda müraciət edib. Müvafiq olaraq kredit vasitəsilə artıq xərclədiyi vəsaiti kompensasiya edə biləcək. Yeni xərclər arasında COVID-19-lu pasiyentlər üçün müstəsna xidmətlər göstərən tibb işçilərinə əlavə ödənişlər, avadanlıq alışı, gözlənilməz hallar və stimullaşdırıcı tədbirlər üçün əlavə vəsaitlər ola bilər”.

Ofis rəhbərinin sözlərinə görə, Kredit Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının şərtləri ilə ayrılacaq.

Qeyd edək ki, bankın İdarə Heyəti tərəfindən kreditin təsdiqlənməsi sentyabrın 6-na planlaşdırılırdı.

Bununla belə, DB ofisinin rəhbəri bu kredit mexanizminin xüsusi prosedurlarını nəzərə alaraq, krediti sentyabr ayına qədər təsdiqləməyin mümkün olacağına əmin olduğunu da bildirirdi: "Bu layihəni DB-nin İdarə Heyətində nəzərdən keçirmək üçün xüsusi tarix təyin etmək lazım deyil, layihə hazır olan kimi təsdiq üçün təqdim ediləcək”.

Layihənin şərtlərinə görə, kredit Azərbaycan hökumətinə COVID-19 pandemiyasının yayılmasının qarşısının alınması, yoluxma hallarının aşkarlanması və pasiyentlərin müalicəsi üçün səhiyyə sisteminin gücləndirilməsi və pandemiyanın bəzi sosial təsirlərinin azaldılması məsələlərində dəstək məqsədiylə verilirdi.

Lakin yuxarıda qeyd etdiyimiz kimi Azərbaycan hökuməti kreditdən imtina edib.

Maliyyə Nazirliyinin məlumatına görə, Dünya Bankı tərəfindən koronavirus infeksiyasına qarşı mübarizədə bütün ölkələrə təqdim olunan "Sürətli COVID-19 Aləti” layihəsi çərçivəsində güzəştli kredit vəsaitinin cəlb olunmasına Azərbaycan tərəfi də maraq göstərib və müvafiq danışıqlara başlayıb. Lakin kreditin ayrılması istiqamətləri, şərtləri və prosedurları Azərbaycan tərəfini qane etmədiyindən həmin danışıqların aparılması dayandırılıb və bu barədə Dünya Bankına məlumat verilib. Hazırda Dünya Bankından sözügedən kreditin alınması gündəmdə deyil”.

İqtisadçı-ekspert Rəşad Həsənov Cebhe.info-ya bildirdi ki, ümumiyyətlə, məsələ hansı ölkənin nə qədər pulu olması ilə ölçülmür:

"Söhbət aktivlərdən getmir, real olaraq likvidləşdirilə bilən pullardan gedir. Bu isə büdcə çərçivəsində həll olmur. Büdcənin imkanları məhduddur, kifayət qədər geniş deyil. Bu baxımdan da müxtəlif layihələr çərçivəsində Dünya Bankı, Beynəlxalaq Valyuta Fondu və digər donorlarla əməkdaşlıq olunur. Bu məsələdə Dünya Bankının əməkdaşlığının müsbət tərəflərini görmək lazımdır. Bir tərəfdən bazara qısamüddətli dövrdə likvid vəsait daxil olur, müəyyən qədər canlanma yaradır, digər tərəfdən isə bu vəsaitlərin təyinatı üzrə xərclənməsi üçün daha əlverişli bir mühit yaranır. Adətən Dünya Bankı verdiyi vəsaitləri izləyir. Bu vəsaitlərin hansısa formada qeyri-qanuni maraqlara yönəldilməsi, subyektiv maraqlar çərçivəsində korrupsiya predmetinə çevrilməsi imkanları azalır.

Hazırda müəyyən qədər yoluxmaların sayının azalmasına baxmayaraq nəzərə almaq lazımdır ki, pandemiya bitməyib. Bu çərçivədə daha keyfiyyətli səhiyyə xidmətlərinə ehtiyac var və payız aylarında ola bilsin ki, bu ehtiyac daha da artacaq. Bu proqramlar çərçivəsində vəd olunmuş müvafiq güzəştlərin maliyyələşdirilməsinə ehtiyac var. Bizə şikayətlər daxil olur ki, həkimlər 3-4 aydır əməkhaqlarını ala bilmirlər. Burada texniki məsələlər də var, xüsusilə yeni strukturun formalaşması, TƏBİB-in tərkibinə keçilməsi, bəzilərinin publik hüquqi şəxs elan edilməsi və s. Ancaq bununla yanaşı hiss olunan odur ki, maliyyə problemləri də var və bütövlükdə bu proqram çərçivəsində çatışmazlıqların həll edilməsi məqsədəuyğundur”.

İqtisadçı Dünya Bankı kimi qurumlarla əməkdaşlığın hər zaman uzunmüddətli dövrlərdə daha effektiv olduğunu da bildirib:

"Layihə hazırlanarkən müvafiq olaraq işçilərə yardımın edilməsi nəzərdə tutulur. Həmin dövdə 6 proqram icra olunub, fərqli ölkələr üçün 190 manatın ödənilməsi göstərilib. Ola bilsin ki, həmin dövrdə bu aktual olub. Bu günün aspektindən baxsaq, bu, o qədər də aktual görünmür. Çünki iqtisadiyyat açılıb, məhdudiyyətlər aradan qalxıb. Xüsusilə də 2021-ci ilin əvvəlindən hökumət iddia edir ki, artıq pandemiya bizim üçün bitib. Ancaq bu bir planlamanın problemidir".//dia.az