Gündəm

«İcraçı Kredit Agentliyi» BOKT böyük zərərdə – Kapitalının 30%-ni itirib

«İcraçı Kredit Agentliyi» BOKT böyük zərərdə
Azərbaycanın aparıcı bank olmayan kredit təşkilatlarından olan BOKT «İcraçı Kredit Agentliyi» 2020-ci ilin nəticələrin açıqlayıb.

Kanal14.az  FED.az-a istinadən  xəbər verir ki, ötən il BOKT-un xalis faiz gəlirləri 87,5 min manat (2019-cu illə müqayisədə 27% artıq) təşkil edib.

Bununla yanaşı kredit portfelində baş verən pisləşmə nəticəsində təşkilat böyük həcmdə – 762,5 min manatlıq ehtiyat yaratmalı olub.

Halbuki, ötən il əks proses baş vermiş – «İKA» BOKT vaxtilə yaratdığı ehtiyatlardan 151,3 min manat geri çəkmişdi. Nəticədə ehtiyat ayırmalarından sonra təşkilatın xalis faiz gəliri 220 min manat olmuşdu.

2020-ci ildə isə həmin göstərici mənfi 675 min manat təşkil edib.

Üstəlik 2020-ci ildə BOKT-un komissiya xərcləri 3 dəfə (933 min manatdan 2 703 min manata), inzibati xərcləri isə 2,1 dəfə (186 min manatdan 398 min manata) artıb.

Təşkilatın vəziyətin yüngülləşdirən məqam «Sair gəlirlər»in 3 dəfədən çox artaraq 120 min manatdan 376 min manata yüksəlməsidir. Bu artım olmasaydı BOKT-un xalis zərəri 1 milyon manatı üstələyəcəkdi.

Nəticədə «İKA» BOKT ili 699,2 min manat vergidən əvvəlki zərərlə başa vurub, 62,4 min manatlıq mənfəət vergisi ödənişindən sonra xalis zərər 761,6 min manata yüksəlib.

Halbuki 2019-cu ili təşkilat təqribən 19 min manat xalis mənfəətlə bağlamışdı.

Hesabatdan məlum olur ki, «İKA» BOKT-un zərərlə işləməsinin əsas səbəbi kənd təsərrüfatına verilmiş 1 milyon manatdan artıq kredit olub.

Belə ki, BOKT 2004-2014-cü illərdə kredit ittifaqları və birgə borclu qruplarına "Kənd Təsərrüfatının İnkişafı və Kreditləşməsi” Layihəsi çərçivəsində 1 milyon 032 430 manat məbləğində (o cümlədən kredit ittifaqları üzrə 661 777 manat əsas, birgə borclular qrupları üzrə 302 840 manat əsas, 22 919 manat faiz, 44 894 manat dəbbə) vaxtı keçmiş borcun qalıqlarını balansarxası hesaba keçirib.

MHBS əsasında mövcud risklərin qarşısının alınması məqsədilə Təşkilatın müştərilərə verilmiş kreditlər və avanslar üzrə yaradılmış əlavə ehtiyat xərcləri yerli qanunvericilikdə könüllülük prinsipinə əsaslanır və vergi orqanları tərəfindən xərc olaraq tanınmır. Təşkilat MHBS əsasında yuxarıda göstərilən 1 032 430 manat silinməni xüsusi ehtiyatların yaradılması hesabına balansarxası hesaba keçirib və nəticədə xüsusi ehtiyatların yaradılması hesabına 2020-ci ili 761 630 manat zərərlə başa vurub.

2020-ci ildə BOKT-un cəmi aktivləri kəskin – 32% azalaraq 3 092 min manatdan 2 106 min manata enib. Azalmanın əsas səbəbi kredit portfelinin 40% «əriyərək» təqribən 2 milyon manatdan 1,2 milyon manata düşməsidir.

Ötən il «İKA» BOKT-un cəmi öhdəlikləri 29% azalaraq 537 min manata düşüb.

Kapital isə zərər qədər, yəni 761 min manat və ya 32% azalaraq 2,3 milyon manatdan 1,6 milyon manata enib.

Hərçənd «İKA» BOKT-un kapitalındakı kifayət qədər böyük (2 milyon manatlıq) bölüşdürülməmiş mənfəət bu azalmanın təsirini neytrallaşdıra bilib.

Yeri gəlmişkən, BOKT-un rəhbərliyi hesab edir ki, təşkilatın fəaliyyətinin davam etdirməsi ilə bağlı problem yoxdur və kreditorlara qarşı müdafiə axtarışına ehtiyac olmadan fəaliyyətini davam etdirəcək.

Qeyd edək ki, «İKA» BOKT kredit təşkilatları arasında sayca ən çox səhmdara malik olanlardandır. Onun səhmləri adları açıqlanmayan 9 fiziki şəxsə (73,55%) və adları açıqlanmayan 7 hüquqi şəxsə (26,24%), eləcə də Azərbaycan Kredit İttifaqları Assosiasiyasına (0,21%) məxsusdur.