Gündəm / Sosial

Ticarət mərkəzlərinin taleyi: - hökumətin yeni proqramı nə?

Ticarət mərkəzlərinin taleyi:
Kanal14.az: - Məlum olduğu kimi, iyunun 10-dan etibarən ölkədə fəaliyyət göstərən iri ticarət mərkəzləri fəaliyyətini bərpa edəcək. Hökumət onların fəaliyyətinə icazə versə də, Bakının ən böyük ticarət mərkəzləri müflis olmaq həddindədir. Pandemiyanın başladığı 14 aylıq müddətdə ilk bağlanan yerlərdən biri ticarət mərkəzləri oldu. Müştərisi olmayan, malları əlində qalan ticarətçilər isə çarəni dükanları bağlamaqda görürlər. Ona görə də bir çox ticarətçilər məhsulları anbarlara yığaraq, onları sosial şəbəkə üzərindən yaratdıqları satış səhifələrindən və ya populyar alış-veriş saytları üzərindən satmağa çalışırlar. Bununla yanaşı, müştəri qıtlığından əziyyət çəkən "Bakıxanov” ticarət mərkəzi, "Lotos” TM, "Karvansaray”, "Laçın”, "Xalqlar dostluğu”, "Avtovağzal” və "Velotrek” ticarət mərkəzləri, o cümlədən "20 Yanvar” metrosu yaxınlığındakı yarmarkanın fəaliyyətinə icazə verilsə də, vəziyyət dəyişmir. Onlar artıq müştərilərinin bir qismini onlayn ticarətə, bir qismini isə getdikcə artmaqda olan yoxsulluq , işsizlik probleminə uduzublar.

"Mall”lara gəlincə, onların durumu daha pisdir. Çünki "mall”ların nəzdindəki satış mağazalarına və kafe-restoranlara fəaliyyət üçün icazə verilsə də, əyləncə mərkəzləri və kinoteatrların fəaliyyətinə hələ icazə verilməyib. Bu baxımdan "mall”ların bir neçə mərtəbəsi yenə də fəaliyyətini dondurmuş sayılır. Nəticədə fəaliyyətin nə dərəcədə rentabelli olması məsələsi də ciddi hesablamalara məhkumdur. Bu mənada indiki kritik vəziyyətdə ticarət mərkəzləri və "mall”ların sıradan çıxmaması üçün dəstəyə və güzəştlərə ehtiyacı var. Bununla yanaşı, onların mağazalarını icarəyə götürən ticarətçilər üçün müəyyən etdikləri qaydalara və yüksək icarə haqlarına da nəzarət vacibdir. Əks halda, sağlam ticarətin sıradan çıxması bazarlarda rəqabətin azalmasına və bahalaşmaya gətirib çıxara bilər. Bundan başqa, bağlanan mağazalar, sıradan çıxan ticarətçilər həm də yeni bir işsizlər ordusu deməkdir.

Mövcud vəziyyəti "Yeni Müsavat”a açıqlamasında təhlil edən iqtisadçı ekspert Rəşad Həsənov bildirdi ki, bu, çətin bir prosesdir: "Dövlət həm pandemiyadan çıxıb, həm də müharibədən. İndiki şərtlər daxilində hansısa maliyyə dəstəyi və ya vergi güzəştlərinin ediləcəyini düşünmürəm. Sadəcə, fərqli ölkələrin fərqli təcrübələri var. Onlar zərərçəkmiş sahələrdə fəaliyyətin bərpası üçün dövriyyə kreditlərinin verilməsi , likvitliyin dəstəklənməsi, müddətli vergi güzəştlərinin verilməsi alətindən istifadə edirlər. Bizdə mövcud güzəştlər də 2020-ci ildə başa çatdı. Düşünürəm ki, burada əsas güc yenə də sahibkarlıq subyektlərinin özünün üzərinə düşəcək. Mağazaların bağlanması isə kommersiya təyinatlı obyektlər üzrə icarə bazarında rəqabətin aşağı düşməsinə gətirib çıxarır. Yəqin ki, burada bir uzlaşma olacaq. Bunu bazar diktə edəcək, yəqin ki, icarədarlarla sahibkarlıq subyektləri arasında müəyyən bir güzəştlər mümkün ola bilər. Eyni zamanda hökumət mövcud imkanlarını götür-qoy etməlidir. Müəyyən bir rezerv formalaşıb. İqtisadiyyat Nazirliyinin verdiyi açıqlamaya görə, toplanan vergilərin həcmi nəzərdə tutulandan 32 faiz çox olub. 180 milyondan artıq əlavə vergi yığmaq imkanı olub. Bunu bir avantaja çevirib müəyyən güzəştlər vermək olar və iki istiqamətdə alətə çevirmək olar. Birincisi vergi yükünün azaldılması ilə biznesin leqallaşdırılmasının dəstəklənməsi, ikincisi pandemiya dövründə yaranmış maliyyə itkilərinin kompensasiyası, pisləşmiş maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin yaxşılaşdırılması məqsədilə”.

İqtisadçının sözlərinə görə, hazırda hökumətin əlində elə də çox alət yoxdur: "Bizdə banklar dövriyyədəki maliyyə vəsaitinin artırılmasında, kreditləşmədə o qədər də maraqlı deyillər. Dövlətin istifadə etdiyi güzəştli kredit mexanizmləri də adətən yeni investisiya qoyuluşlarına yönəldiyi üçün burada istifadə oluna bilmir.

Türkiyə bazarında isə bu, günlərdə "nəfəs krediti” adlı yeni bir məhsul bazara təklif edildi. Burada da məqsəd məhz yaranmış maliyyə sıxıntılarının aradan qaldırılması idi. Güzəştli şərtlərlə sahibkarlıq subyektlərinə kreditlərin verilməsi məsələsi idi. Azərbaycan bankları isə bu istiqamətdə fəallıq göstərməyəcəklər. Çünki banklarda izafi likvitlik olsa da, bu sahədə risklərin yüksək olması səbəbindən bazara pul buraxmayacaqlar. Onun müqabilində hökumət müəyyən qədər prosesi stimullaşdıra bilər. Banklara mərkəzləşmiş təyinatlı kreditlər verilə bilər, bu kreditlər də dövriyyə vəsaitlərinin genişləndirilməsi məqsədilə sahibkarlıq subyektlərinə dəstək proqramları çərçivəsində bazara daxil edilə bilər. Beləliklə də pisləşmiş maliyyə-təsərrüfat fəaliyyəti nəticələrini nisbətən yaxşılaşdırmaq olar".

R.Həsənovun sözlərinə görə, karantin rejimi ilə bağlı açılımlara gedilməsi və iqtisadiyyatda müsbətə doğru dönüşün başlaması artıq hökumətin əlində güzəştlərə getməmək üçün bir arqument yaradır: "İndi gəldiyimiz nöqtə artıq müsbətə doğru dönüş nöqtəsidir. Bu günə qədər o dəstəkləri davamlı olaraq istədik. Heç biri verilmədi. Mütəxəssislər tərəfindən təklif olunan, elə bizim də təklif etdiyimiz dəstək mexanizmləri yaradılmadı. Ancaq bu gün hökumətin əlindəki yeni arqument odur ki, bu günə qədər dözüblərsə, bundan sonra vəziyyət yaxşı olacaq. Çünki açılımlar gedir. Fəaliyyətə imkan yaratdığı halda hökumətdən güzəştlər əldə etmək çətin olacaq. Hökumət hesab edir ki, əmək bazarında da nə qədər pisləşmə olubsa, bu günə qədər olub. Bundan sonra hökumət resessiyadan çıxır, yaxın aylarda yenidən inkişaf mərhələsinə daxil olacaq. Fəaliyyət sahələrinin bir çoxu iyunun 10-da açılır. Bununla da müəyyən qədər məşğulluq formalaşacaq. Ona görə də hökumət çətin vəziyyətlərdə o qədər də ciddi addım atmayıbsa, bundan sonra nələrinsə baş verməsi imkanları məhduddur”.// dia.az