Gündəm / Siyasət

Hesablama Palatası Mərkəzi Bankın qərarına niyə "effektsiz" dedi? - GƏLİŞMƏ

Hesablama Palatası Mərkəzi Bankın qərarına niyə
Ötən il Azərbaycanda pandemiya ilə mübarizə tədbirlərinin reallaşdırılması bank sektoru üzrə əsas göstəricilərə əhəmiyyətli təsir edib, iqtisadi aktivliyin təşviq edilməsi məqsədilə il ərzində bir neçə dəfə uçot dərəcələri üzrə faiz endirimi qərarları reallaşsa da, kreditlər üzrə müsbət meyillər müşahidə edilməyib.

Bu barədə Hesablama Palatasının "2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və büdcənin icrasına dair illik hesabata verdiyi rəydə bildirilir.

"İl ərzində faiz dəhlizinin parametrləri bir neçə dəfə müzakirə edilərək, uçot dərəcəsi mərhələlərlə 7,5%-dən 6,25%-dək endirilib, qəbul edilən qərarlar iqtisadi aktivliyin dəstəklənməsi məqsədi daşıyıb, lakin kreditlərin həcmində illik müqayisədə azalma davam edib. Kreditlər və depozitlər üzrə artım trayektoriyasının aşağıya doğru istiqamətlənməsində azalan tələb amili ilə yanaşı, ilin əvvəlində bəzi bankların lisenziyasının ləğv edilməsi də mühüm rol oynayıb.

İl ərzində təqdim olunmuş kreditlərin məbləği 767,8 milyon manat və yaxud 5% azalıb. Həmçinin depozitlər 2019-cu illə müqayisədə 1 079,2 nilyon. manat və yaxud 4,4% azalıb, ilin sonuna 23 666,9 milyon manata bərabər olub", - rəydə deyilir.

Hesablama Palatası kreditlərin həcminin azalması ilə bağlı Mərkəzi Bankın qərarlarının effektsiz olmasınamı işarə edir, yoxsa bu sahədə digər problemlərmi özünü daha çox göstərir?

İqtisadçı-ekspert Fuad İbrahimov Cebhe.info-ya bildirdi ki, ümumilikdə götürdükdə kreditlərin həcminin azalması təbii haldır:

"Pandemiya dövründə istəsək də, istəməsək də iqtisadiyyatda kiçilmə, sıxılma gedir. Bir çox fəaliyyət növləri dayandırılır, biznes mühiti təzyiq altında olur. Bu zaman, yəni biznes mühiti təzyiq altında olanda makroiqtisadiyyatın bütün sahələrinin zəncirvari şəkildə, bir-biri ilə inteqrasiyası pozulur. İstehlak kreditlərini kənara qoyduqda, biznes kreditlərində, işin görülməsi, dirçəlişi, mənfəət götürülməsi, ondan sonrakı proseslərdə bu kreditlərin geri qaytarılması ilə bağlı vahid mexanizm var və belə hallar olduqda kredit götürmək riski çoxalır. Bu zaman biznes mühitinin iştirakçıları, riskləri qiymətləndirdikdə kredit götürməmək qərarına gəlir, bu səbəbdən də pandemiyanın təsiri nəticəsində kredit verilmə səviyyəsi azalıb”.

Bu prosesdə Mərkəzi Bankın fəaliyyətinə gəldikdə, ekspertin sözlərinə görə, həmin vəziyyətdə Mərkəzi Bank tərəfindən elastik addımlar atılsaydı, veriləcək kreditlərin qiymətlərində, səviyyəsində, stimullaşdırma, faiz dərəcəsində kifayət qədər enişlər mövcud olsaydı ola bilsin ki, azalma nisbətini müşahidə etməyə də bilərik.

Bu nöqteyi-nəzərdən təəssüf ki, Mərkəzi Bankın siyasəti "kobudluqdur”. Burada bəzi bankların lisenziyasının ləğvinin roluna gəldikdə, ekspertin fikrincə, o banklar ki, lisenziyası ləğv olunub, artıq iki ildir ki, "leş” fəaliyyəti göstərirdi:

"Yəni tamamilə aktivlərini itirmiş banklar idi, aktivlərini riskli yerləşdirib, hazırda vətəndaşların depozit borcu istiqamətində də borclu qalıblar. Eyni zamanda, digər borclarını da yerinə yetirməyiblər. Həmin banklar o dövrdə artıq fəaliyyət göstərmirdilər, cismani olaraq olsalarda, fiziki olaraq yox idilər. Bu nöqteyi-nəzərdən hesab etmirəm ki, lisenziyası alınmış bankların buna təsiri olsun. Çünki onların artıq biznes fəaliyyəti dayanmışdı. Məhz kreditlərlə bağlı əhalinin gəlirlərinin azalmasının da birmənalı şəkildə təsiri var”.