Gündəm / Siyasət

Zəngəzur olayının gerçəyi: ƏSLİNDƏ NƏ BAŞ VERİR? - GƏLİŞMƏ

Zəngəzur olayının gerçəyi: ƏSLİNDƏ NƏ BAŞ VERİR?
Kanal14.az: - "Azərbaycan Ordusu Zəngəzur istiqamətində irəliləyir”. BBC xəbər verir ki, Ermənistan informasiya vasitələrinin məlumatına görə, mayın 20-də Azərbaycan Ordusunun daha 30-a yaxın əsgəri Ermənistanın Sünik vilayəti Xoznavar kəndi ərazisinə daxil olub. Məlumatı Sünik vilayətinin administrasiyası da təsdiq edib. Kənddən qadın və uşaqların təxliyə edildiyi bildirilir.

"Sünikdə - (Zəngəzur) 1000-dən çox Azərbaycan hərbçisi var. Aşağı dərə istiqamətində onların sayı daha çoxdur”. Modern.az Ermənistan mediasına istinadən xəbər verir ki, bunu isə Zəngəzur (Sünik) vilayətinin keçmiş meri Vahe Hakobyan deyib. Keçmiş mer bildirib ki, Azərbaycan hərbçiləri əvvəlki mövqelərindən nə irəli gedirlər, nə də geri çəkilirlər: "Qaragölün ətrafında 1000-ə qədər Azərbaycan hərbçisi möhkəmlənmiş vəziyyətdədir. Ermənistan hökuməti Zəngəzura nəzarəti itirib. Heç bir tədbir görmür”.

Bunlar mayın 22-nə olan məlumatdır. Reallıq nədir - Ordumuz Zəngəzuru götürür, yoxsa 1991-ci ilə kimi olan sərhədi bərpa edir?

Deputat Elman Nəsirov "Yeni Müsavat”a bildirdi ki, Ermənistan siyasi rəhbərliyi, xüsuilə də müxalifəti yenə də öz köhnə ampluasındadır, dezinformasiya maşınını işə salıblar. 10 noyabr tarixində Azərbaycanla Ermənistan arasında müharibə başa çatsa da əslində iki cəbhədə müharibə nəinki davam edir, hətta bir qədər kəskinləşib. Birincisi, bu, informasiya cəbhəsidir, ikincisi isə mina müharibəsidir: "İnformasiya cəbhəsində Ermənistanın niyyəti beynəlxalq ictimai fikri çaşdırmaq, guya Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ərazisinə təcavüz etdiyi rəyini yaratmaqdır. Ermənilər Azərbaycanın təcavüzkar imicini yaratmağa çalışırlar. Ancaq reallıqda nə baş verir? Azərbaycan dövləti öz hüquqi sərhədlərinə qayıdır. O sərhədlər ki, sovet dövründə müəyyən edilib, 1975-ci ildə SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahında olan irimiqyaslı xəritəyə əsaslanır. Həmin xəritədə isə Azərbaycan və Ermənistan sərhədi çox dəqiq şəkildə öz əksini tapıb. Həm də irimiqyaslı olduğundan orada bütün detallar, fiziki, coğrafi obyektlər əksini tapır.

Həmin fiziki coğrafi obyektlər içərisində Qaragöl məhz Azərbaycan ərazisi kimi göstərilib. İndi isə Azərbaycan Silahlı Qüvvələri müharibə bitdikdən sonra dərhal bizim həmin sərhədlərimizə qayıda bilərdilər. Sadəcə, relyef, qış fəsli imkan verməmişdi. İndi isə yay fəsli gəlir və şərait imkan verdi ki, Azərbaycan Silahlı Qüvvələri mayın 12-də Ermənistan tərəfindən zəbt olunmuş Azərbaycan ərazisinə daxil olsun. 30 il ərzində Ermənistan həmin sərhədləri xeyli irəli atıb, öz ərazisini süni şəkildə genişləndirməyə çalışıb, kəndlərimizi özlərinin ərazisi kimi qələmə veriblər. İndi isə başqa bir reallıqla üz-üzə qalıblar. Haqq-ədalət zəfər çalıb və Azərbaycan sərhədlərini bərpa edir, öz ərazisində özünün sərhədçilərini yerləşdirir. Burada heç bir qanun pozuntusu, başqa ölkənin ərazisinə daxil olmaq, beynəlxalq hüququ pozmaqdan söhbət belə gedə bilməz. Sadəcə, ermənilər öz xislətlərinə uyğun olaraq bu məsələ ətrafında böyük hay-küy salırlar”.

Deputat qeyd etdi ki. bu məsələ ilə bağlı bizim konkret mövqeyimiz var: "Cənab Prezident İlham Əliyev ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri ilə telefon danışığında da söylədi ki, biz Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı danışıqların aparılması və qərarların qəbulunda maraqlıyıq. Bunun üçün də bizim çox ciddi hüquqi bazamız var, çox dəqiq xəritələr mövcuddur. Bunun əsasında beynəlxalq hüquqa söykənərək Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası, sonra isə demarkasiyası həyata keçirilməlidir. Yəni bir hüquqi sənədin imzalanması-bu hüquqi sənədlər imzalanarkən məlum xəritələr əsas götürülməlidir. Demarkasiya isə delmitasiyanın ikinci-sonuncu mərhələsidir. Delimitasiya məlum olduqdan, əldə xəritə bütün fiziki, coğrafi obyektlər qeydə alndıqdan sonra demarkasiya baş verir, yəni artıq sərhədlər işarələnir, tikanlı məftillər çəkilir və hər şey beynəlxalq hüquq qaydalarına uyğun olaraq baş verir. Bunu Azərbaycan istəyir, ancaq Ermənistan pozuculuq etməklə və dezinformasiya yaymaqla məşğuldur. Hətta iş o yerə gəlib çatıb ki, Nikol Paşinyan məlum hadisələr fonunda Rusiya prezidenti Vladimir Putindən hərbi kömək istəyib, KTMT-dən dəstək istəyib. Guya Azərbaycan Ermənistan ərazisinə müdaxilə edib. Amma Rusiyanın da, KTMT-nin də bu məsələdə konkret mövqeyi var. Mövqe ondan ibarətdir ki, Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyənləşməsi üçün Ermənistan-Azərbaycan komissiyası yaradılsın və məlum xəritələr əsasında bu məsələ həllini tapsın. Rusiya da məsələdə vasitəçiliyini ortaya qoya bilər. Paşinyan görəndə ki, istədiyinə nail ola bilmədi, üz tutdu Fransa prezidenti Makrona. Makron isə bu halda ermənidən çox erməni olmağı bacardı. Hətta erməni dilində Azərbaycanı hədələdi. Onun bu davranışı Fransanın dövlət siyasəti ilə daban-dabana zidd idi, beynəlxalq hüquqa zidd idi. Fransa hərbi müdaxiləni etsə-etsə ancaq ”qara qitə"yə-Afrikaya edə bilər. Cənubi Qafqaz onun üçün Mali və ya Koddivar deyil. Burada Azərbaycan faktoru, Rusiya faktoru, Türkiyə faktoru var. Ermənistan yaxşı olar ki, bütün bu məqamları nəzərə alsın".

E.Nəsirov sonda vurğuladı ki, bizim heç kimin torpağında gözümüz yoxdur. Bizim torpaqlarımızın hansı hissəsi işğaldadırsa, həmin ərazimizi azad olunmalıdır. Biz öz sərhədlərimizi bərpa edirik.// "Yeni Müsavat”