kanal14.az
kanal14.az

Köçkünlərin başqa rayonlardakı məzarı Qarabağa aparıla bilər? - AÇIQLAMA

Köçkünlərin başqa rayonlardakı məzarı Qarabağa aparıla bilər? - AÇIQLAMA
19-05-2021, 14:55 117 dəfə baxılıb

Köçkünlərin başqa rayonlardakı məzarı Qarabağa aparıla bilər?
İşğaldan azad olunmuş ərazilərimizdə bərpa işləri aparılır. Təhlükəsizliyin bir qisimdə təmin olunması bu ərazilərə icazəli gediş-gəlişi asanlaşdırıb. Yaxın gələcəkdə Qarabağ sakinlərinin də öz ata-baba yurdlarına qayıdacağına şübhə yoxdur.

Qarabağa qayıdışın bu məqamında doğma torpaq həsrətilə dünyadan köçənlərin vəsiyyətləri də yada düşür. 30 ilə yaxın müddətdə məcburi köçkün həyatı yaşayan və doğma yurd-yuvalarından uzaqda rəhmətə gedənlərin çoxunun arzusu Qarabağ torpağında dəfn olunmaq idi...

İndi mərhum qarabağlıların bəzilərinin yaxınları onların vəsiyyətini reallaşdırmaq, məzarlarını azad olunmuş ərazilərdəki qəbiristanlıqlara köçürmək istəyirlər.

Bəs məzarın köçürülməsinə dində icazə varmı?

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini hacı Fuad Nurullayev Modern.az-a deyib ki, məzar köçürülməsi İslamda bəyənilməyən əməldir. Onun sözlərinə görə, əgər bir insan müsəlman torpağında dəfn edilibsə, qəbri hər hansı səbəbə görə köçürmək, yerini dəyişmək qəbul olunmayan hərəkətdir:

"Bu məsələyə fərdi yanaşmayaq. Ərazilərimiz 30 ilə yaxındır işğal altındadır, minlərlə insan 30 il ərzində dünyasını dəyişib. Onlar başqa ölkələrdə deyil, elə Azərbaycanda, öz ana torpaqlarındakı məzarlıqlarda dəfn olunublar. Digər rayonlarımızda məcburi köçkün həyatı yaşayan şəxslər və onların qohum-əqrəbası da elə o rayonlarda dəfn ediliblər. Həmin məzarların köçürülməsi məsələsi gündəmə gələrsə, dini baxımdan bunun üçün zərurət yoxdur. Cismin hər hansı yerdə dəfn olunması o dərəcədə önəmli deyil. İnsanın əməlinə görə Allah onun mükafatını verəcək. Ola bilər ki, bir ailənin bəzi üzvləri Qarabağda, digər üzvləri isə məcburi köçkün həyatı yaşadığı hansısa rayonda dəfn edilsin. İnsanların əməlləri düzgündürsə, axirət dünyasında da eyni süfrə arxasında oturarlar. Amma yan-yana dəfn edilən elə şəxslər var ki, biri yaxşı insan olur, biri isə mənfi əməlləri ilə bu dünyada ad çıxarır. Onların axirətdə görüşməsi dinimiz baxımından mümkün olmayan məsələdir”.

Məzarların Qarabağa köçürülməsi məsələsinə dövlət səviyyəsində baxılmasının mümkünlüyünü vurğulayan QMİ rəsmisinin sözlərinə görə, dini mütəxəssislər bura cəlb oluna bilər:

"Amma qeyd etdiyim kimi, hələlik bunu reallaşdırmaq zərurəti yoxdur. İnsanlar hansı rayonlarda dəfn ediliblərsə, qoy rahat yatsınlar. Bütün Azərbaycan onların evidir. Ona görə, bunu qabartmağın da tərəfdarı deyiləm. Bir neçə nəfər belə bir addım atarsa, başqaları da bunun düzgün olduğunu hesab edər. Çünki bəzi hallarda insanlar din xadimlərindən qəbirlərin necə tikilməsi, başdaşlarının qoyulması və s. kimi qaydalar haqqında məsləhət almırlar. Çox zaman bəzi məsələləri özbaşına qərarlaşdırıb, həyata keçirirlər. Bu isə ajiotaja, narahatlığa səbəb ola bilir. Ona görə, müsəlman qəbiristanlığında uyuyan şəxslərin məzarına toxunmamaq məsləhətdir. Allah onlara rəhmət eləsin”.

F.Nurullayev qəbiristanlıqların bütövlükdə köçürülməsi məsələsinə də toxunub:

"Əgər hansısa azad olunmuş rayonun sakinləri öz ata-baba yurduna qayıdanda dövlətə müraciət edərək, 30 il ərzində yaşadıqları ərazilərdəki qəbiristanlıqların da köçürülməsini xahiş etsələr, bu məsələyə baxılıb, qərar veriləcək. Onda buna Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, o cümlədən icra strukturları nəzarət edə bilər. Həmin qurumlar Qafqaz Müsəlmanları İdarəsinə dini məsələlərlə əlaqədar müraciət edə bilərlər. O zaman biz lazımi köməyi göstərərik.

Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyəti yalnız qəbiristanlıqları ziyarət etmək, Quran oxuyub, dua etməkdir. Amma idarəmizin dövlətə təklifi var ki, xüsusi yerlər ayrılsa, idarəyə həvalə olunarsa, orada nizamlı, bərabər səviyyədə məzarlar olmasını həyata keçirə bilərik”.
 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA