Gündəm / Siyasət

İqtisadi böhran gözləntisi: Qarabağa “Böyük qayıdış”a mane ola bilər? - GƏLİŞMƏ

İqtisadi böhran gözləntisi: Qarabağa
Qlobal iqtisadiyyat üçün mövcud monetar stimullaşdırma 2025-ci ildə yeni iqtisadi böhrana səbəb olacaq.

Bu barədə "İzvestiya” "Makroiqtisadi Analiz və Qısamüddətli Proqnozlaşdırma Mərkəzi”nin (TsMAKP) hesabatına istinadən məlumat yayıb.

Mütəxəssislər dünya iqtisadiyyatının inkişafı üçün iki əsas ssenari hazırlayıblar.

Əsas varianta görə, koronavirus pandemiyası bu ilin ortalarında sona çatacaq, qlobal ÜDM artımı ildə 4% olacaq və onilliyin sonunda neft qiymətlərinin bir bareli 82-85 dollara qalxacaq.

"Strategiya böhranı” ssenarisinə görə, pandemiya 2022-ci ilin ortalarına qədər uzanacaq, dünya ÜDM artımı ildə 2-3% olacaq və onilliyin ilk yarısında neft qiymətləri 50-55 dollara düşəcək və 2030-cu ilin əvvəlinə qədər 65 dollar olacaq.

2025-ci ildə dünya ÜDM-nin artım tempi 1-2%-ə qədər azalacaq. Bu gün pandemiyanın mövcud olduğu ölkələrdən biri də Azərbaycandır.

Maraq doğuran məqamlardan biri də odur ki, proqnozlaşdırılan yeni iqtisadi böhran olarsa, Azərbaycana təsiri olacaqmı və ümumiyyətlə, bu, baş verdiyi təqdirdə hazırda bizim əsas gerçəkləşəcək layihəmiz olan Qarabağa qayıdış prosesinə necə təsir edə bilər?

İqtisadçı- ekspert Rəşad Həsənov Cebhe.info-ya açıqlamasında bildirib ki, indiki şərtlər daxilində monetar genişlənmə müəyyən iqtisadi mərkəzlərdə narahatlıq doğurur:

"Ancaq ABŞ, Avropa da inflyasiya səviyyəsini biz diqqətə almış olsaq görərik ki, əslində monetar genişlənmə gözlənilən effekti yaratmır. Bu, hardasa müəyyən mənada potensial böhranların da gerçəkləşməsi ehtimalını aşağı sala bilər. Çünki manitar genişlənmə adətən sürətlə istehlaka yol açdıqda, inflyasiya səviyyəsi yüksəldikdə ciddi böhranlara gətirib çıxarır. 2025-ci il böhranı daha çox borc böhranı ola bilər. Təbii ki, postpandemiyanın özünün gerçəkləri olacaq. Postpandemiyanın bitməsi dövrünün proqnozlaşdırılması indiki şərtlər daxilində o qədər də ağlabatan deyil. Çünki bununla bağlı tamamilə fərqli versiyalar var. İstənilən halda, post-pandemiya dövründə xüsusilə də investisiya bazarında çox kəskin şəkildə ciddi rəqabət mövcud olacaq. Çünki ötən pandemiya ərzində yığımların əriməsi baş verdi, böyük qlobal transmilli şirkətlər öz investisya gücünü itirdilər. O cümlədən, neft sektorunda fəaliyyət göstərən müəssisələr üçün də bu hal keçərlidir”.

Ekspertin fikrincə, belə şərtlər daxilində Azərbaycan əslində daha liberal iqtisadi siyasət həyata keçirməyə, daha əlverişli investisiya mühiti yaratmağa mümkün qədər sürətlə səy göstərməlidir:

"Çünki bu istiqamətdə çox geri qalırıq. Azərbaycanın birbaşa xarici investisiya qoyuluşlarının həcmi bunu deməyə əsas verir. Xüsusilə də qeyri-neft istiqamətində bunu görürük. Əgər nəzərə alsaq ki, Qarabağın bərpası ilə bağlı nə qədər böyük vəsaitlər lazımdır, bu vəsaitlər birmənalı şəkildə dövlət büdcəsindən deyil, müxtəlif maliyyə mənbələrindən, o cümlədən xarici investorlardan cəlb edilməlidir. Belə şərtlər daxilində Azərbaycan hökuməti daha ehtiyatlı, daha liberal, uzunmüddətli hədəflərə əsaslanmış bir strategiya formalaşdırmalı və islahatlar həyata keçirməlidir. Əks halda, Qarabağa investisiyanın cəlb edilməsi prosesində gecikmələr gözləniləndir, potensial risklərdən biridir. Ona görə də hökumət bu risklərin ortaya çıxmaması, gecikmələrin baş verməməsi məqsədilə öz siyasətində, yanaşmasında ciddi korrektlər etmək zərurəti ilə üz-üzədir. Ümid edirəm ki, bu çağırışlar aidiyyəti qurumlar tərəfindən də müzakirə, təhlil edilir və buna adekvat reaksiya verilə bilər”.