Gündəm / Siyasət

Bakının Cənubi Qafqazda Tiflisdən savayı alternativi varmı? - TƏHLİL

Bakının Cənubi Qafqazda Tiflisdən savayı alternativi varmı?
Kanal14.az: - Nə qədər qəribə olsa da, bəzən adamda belə təəssürat yaranır ki, siyasətin də okean və dəniz suları kimi qabarmaları və çəkilmələri, yaxud da riyazi funksiyalar kimi qabarıq və ya çökük intervalları olur. Həssas və təcrübəli siyasətçinin də sənətkarlığı ondadır ki, o, belə məqamları hiss edir, onlara operativ reaksiya verir, intiusiyası onu vadar edir ki, digər dövlətlərlə münasibətlərdəki anomal halları dərhal korrektə etsin və yaxud da riyaziyyatçılar demişkən, müxtəlif siyasi sistemlərin və sxemlərin davranışındakı bifurkasiya nöqtələrini aradan qaldırsın...

Bəli, aydın məsələdi ki, bizim səbrsiz və hər şeyə maraqlı oxucumuz dərhal soruşacaq ki, bizə belə qeyri - humanitar giriş nədən lazım oldu?
Xatırladaq ki, bir neçə gün əvvəl Gürcüstanın baş naziri İrakliy Qaribaşvili Bakıda səfərdə oldu. Yox, biz burada Azəbaycan-Gürcüstan əlaqələrinin tarixinə varmayacağıq.

Qeyd edək ki, gürcü baş naziri özü bunu etdi və bunun üçün vaxtilə Heydər Əliyevin dediyi sözləri xatırlatdı:

"Azərbaycanla Gürcüstanın qonşuluğu tale məsələsdir, amma bu, uğurlu taledir, çünki bizim bəxtimiz onda gətiribdir ki, biri – birimizlə belə yaxın qonşu olmuşuq”.

Amma bununla belə vurğulamaq lazım gəlir ki, iki dost ölkənin arasındakı son münasibətlər siyasi təhlillərin mövzusu olmaqda davam edir.
Əvvəla, İkinci Qarabağ Savaşı zamanı Gürcüstanın davranışı heç də biz azərbaycanlıları tamam qane etmədi. Biz Tiflisdən də Ankaradan və İslamabaddan olduğu kimi birmənalı və açıq diplomatik - siyasi dəstək gözləyirdik, amma bunlar olmadı. Əlbəttə, bu mürəkkəb dünyada hər bir məsələnin, hadisənin öz izahı var. Ona görə də biz burada Bakı və Tiflis arasındakı münasibətlərin təhlili ilə bağlı ikinci tezisi gətirmək istərdik.

Məsələ bundadır ki, hətta gürcü politoloqların fikrincə, Qarabağ probleminin həlli, perspektivdə Ermənistanla normal əlaqələrin qurulması, xüsusən də Zəngəzur dəhlizinin açılması və illərlə davam edən blokadanın nəhayət ki, götürülməsi Gürcüstanın maraqlarına cavab vermir, çünki onun Azərbaycan üçün önəmini azaldır, hansı üçün ki, on illər ərzində Gürcüstan Avropaya qapı rolunu oynayıb.

Amma vəziyyət həqiqətənmi belədirmi? Düşünmürük.

Birincisi, heç kim Bakı-Ceyhan, Bakı-Supsa, Bakı-Ərzurum, Bakı-Tiflis-Qars və yaxud da TANAP xətlərinin istiqamətini dəyişməyi düşünmür. İkincisi, kommunikasiya sahəsində alternativlərə malik olmaq milli təhlükəsizliyi təmin etmək üçün bir əsaslı bazis və ya zəmindir. Bizim Avropaya çıxışlarımızın, əsasən, Gürcüstanla bağlı olması, əlbəttə, müəyyən narahatlıqlar yaradırdı, çünki bir daha deyirik ki, diversifikasiya hər şeydə faydalı məsələdir. Beynəlxalq praktikada belə hesab edilir ki, bir dövlətin hansısa başqa dövlətlə əlaqələri 25 faizi aşırsa, bu, artıq xoşa gələn hal deyildir. Odur ki, Zəngəzur dəhlizinin də yaradılması ilk növbədə Bakının öz maraqlarına cavab verir.

Birincisi, Bakının Ermənistana gedən yüklərin bir qisminin bilavasitə nəzarətdə saxlamaq şansı və imkanı yaranır. İkincisi, Zəngəzur dəhlizinin açılacağı təqdirdə Azərbaycanın da Gürcüstandan asılılığı azalacaq və bu ona, məsələn, sərhəd-demarkasiya məsələlərində daha inamlı olmağa zəmin yaradacaqdır. Ümumiyyətlə, siyasi işdə alternativlər və seçim imkanları çox faydalı resurslardır.

Ermənilər Zəngəzur dəhlizinin açılmasını elə də istəmirlər.

Amma "dünyanın ən qədim dövləti”nin dəmir yolları Rusiyanın nəzarətindədir və Moskva istəsə, bu layihəni sürətləndirə bilər. İkincisi, layihə Naxçıvanın da blokadasını aradan qaldırmağa imkan verəcəkdir. Bir daha Azərbaycan-Gürcüstan əlaqələrinə gəldikdə isə, hamıya aydındı ki, yaxın perspektivdə Azərbaycanla Ermənistan arasında yalnız və yalnız dözümlü münasibətlər qurula bilər – özü də ən yaxşı halda.

Məsələ bundadır ki, ermənilər son ayların hadisələrindən hələ də yetərincə dərs götürməyiblər. Hətta L.Ter-Petrosyan kimi cəsarətli bir siyasətşi öz xalqına hələ doxsanıncı illərin sonlarında dediyi həqiqətləri indi demir və ya deyə bilmir. Bu isə o deməkdir ki, bu bölgədə sülh və əmin-amanlığın bərqərar olması yolunda hələ xeyli əngəllər var – özü də ermənilərin ucbatından, hansıların ki, kollektiv patologiylara məruz qalması heç kimdə şübhə yaratmır...

Hüseynbala Səlimov //musavat.com//