kanal14.az
kanal14.az

“Qarabağ qaziləri” birliyi Prezidentə müraciət etdi - Bəzi ünsürlər...

“Qarabağ qaziləri” birliyi Prezidentə müraciət etdi - Bəzi ünsürlər...
4-05-2021, 11:39 74 dəfə baxılıb


Kanal14.az:- "Qarabağ qaziləri” ictimai birliyi son günlər Qazilərlə bağlı Müdafiə Nazirliyi, Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq idarələrinin yaratdığı problemlərə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət etdi. Müraciətdə deyilir:

"Hörmətli Prezident! Cənab Ali Baş Komandan!

"Qarabağ Qaziləri” İctimai Birliyi Azərbaycan Respublikasının müstəqilliyi və torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə öz sağlamlıqlarını itirmiş müharibə əlillərinin sosial rifahının, maddi vəziyyətlərinin və hüquqlarının qorunması istiqamətində çalışan təşkilatdır.

Azərbaycanda təməli hələ illər əvvəl ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan – şəhid ailələrinə, müharibə əlillərinə və onlara bərabər tutulan insanlara dövlət qayğısı siyasəti Sizin rəhbərliyinizlə uğurla davam etdirilir.

Ölkəmizə rəhbərlik etdiyiniz müddətdə müharibə əlillərinin minik avtomobilləri ilə təmin olunmaları, şəhid ailələrinə, müharibə əlillərinə və onlara bərabər tutulan insanlara mənzillərin verilməsi istiqamətində sürətlənmə olmuşdur. Nəticədə xeyli sayda müharibə insanları mənzil və avtomobillərlə təmin olunurlar.

Bundan başqa bu kateqoriyadan olan insanların maddi və sosial rifahlarının yaxşılaşdırılması üçün məhz Sizin imzaladığınız fərmanla təyin olunmuş, aldıqları pensiyadan əlavə, Prezident təqaüdü onların həyat tərzini xeyli yaxşılaşdırmışdır.

Sizin apardığınız sosial siyasət bu gündə uğurla davam edir. Biz Qarabağ qaziləri bu dəstəyi öz həyatımızda hər an hiss edirik və dəstəkləyirik. Müharibə əlillərinin sosial reabilitasiya və müalicələri yüksək səviyyədə davam etdirilir.

Hörmətli Prezident!

2020-ci ilin 27 sentyabr tarixində əks hücumla başlanmış 44 günlük vətən müharibəsi Ali Baş Komandan olaraq Sizin rəhbərliyiniz və uzaqgörən siyasətiniz nəticəsində böyük bir tarixi zəfər qələbəsi ilə başa çatmışdır. Sizin də dediyiniz kimi, 44 günlük döyüşlər dünya hərb sahəsində bir təcrübəyə çevrilərək nümunə olmuşdur. Azərbaycan xalqı bu zəfər qələbəsini və sizi öz qəlbində daimi yaşadacaqdır.

Sizin və ölkəmizin birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi və tapşırığı ilə 44 günlük vətən müharibəsində şəhid olanların ailə üzvlərinə, müharibə əlillərinin və onlara bərabər tutulan insanlara diqqət və qayğı göstərilməkdədir. Bütövlükdə şəhid ailələrinin, müharibə əlillərinin və onlara bərabər tutulan insanlara diqqət və qayğı göstərilməsi istiqamətində yaradılmış "Yaşat Fondu”, eləcə də yerli İcra Hakimiyyəti orqanlarında şəhid ailələri və müharibə əlillərinə xidmət etmək üçün yaradılmış xüsusi şöbələr təqdirə layiq bir haldır.

Hörmətli Prezident!

Bütün bunlarla yanaşı bir çox məsələlər var ki, bu günlərdə sosial şəbəkələrdə kütləvi olaraq sosial narazılıq halları kimi yayılaraq təqdim olunur. Bu da bütün cəmiyyətimiz kimi, bizi də çox ciddi narahat edir. Sanki dövlət strukturlarında kök salmış bəzi ünsürlər Sizin, xalqımızın bu möhtəşəm qələbəsini həzm edə bilmirlər. Planlı şəkildə, Qaziləri narazı salmaqla ölkəmizdə qarışıqlıq salmaq istəyirlər. Amma biz Qarabağ qaziləri həmişə olduğu kimi, yenə Sizinləyik!

Hörmətli Prezident!

"Qarabağ Qaziləri” İctimai Birliyi Sizin tapşırığınız əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və digər aidiyyəti qurumların apardığı dövlət siyasətini dəstəkləyir və onlara yaxından köməklik göstərərək əllərindən gələni edirlər. Amma müəyyən məsələlər var ki, onları Sizin nəzərinizə çatdırmaq istəyirik. Müharibədə yaralanan döyüşçülərə əlillik dərəcələrinin müəyyən olunduqda xüsusi həssaslıqla yanaşılmalı və digər əlillərlə bir götürülməməlidir. Çünki, onlar müharibə görüblər, onların gözləri qarşısında döyüş dostları, ailə üzvləri, hətta övladları belə qətlə yetirilibdir. Bunlar isə əllik dərəcələri təyin ediləndə nəzərə alınmır. Bəli, başa düşürük, son illərdə xüsusi ilə də 2010-cu ildən bəri əlilliyin təyin olunmasında ciddi saxtakarlıqlara yol verilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu hallar aşkar olunaraq aradan qaldırılır. Eyni zamanda, bu faktlardan istifadə edərək müharibə əlillərinin süni şəkildə incidilməsi halları bizləri narahat edir. Bunun da əsas səbəblərindən biri son illərdə Milli Məclisin əlilliyin təyin edilməsi meayarlarının müəyyənləşdirilməsi ilə bağlı qəbul edilmiş qanun və Nazirlər Kabinetinin verdiyi qərarlardır.

Bizdə olan məlumatlara görə bu məsələylə bağlı hüquqi normativ hüquqi aktlar Avropa qanunlarından istifadə edilərək hazırlanıb. Bu düzgün yanaşma deyil. Niyə Xocalı soyqırımını, Qaradağlı və digər faciələrini yaşamış, o hadisələri gözləri ilə görmüş psixoloji travmalar almış şəxslərin əlillik dərəcələrinin verilməsi 75 ildir müharibə, faciə görməyən Avropanın qanunları ilə hazırlanmalıdır?

Hansı ki, bu qərarların qəbul edilməsində müharibə təşkilatlarından olan QHT-nın üzvləri həmin qərarların qəbul olunmasında iştirak etməmişdir. Nəticədə əlillik dərəcələrinin verilməsində çox ciddi problemlər əmələ gəlmişdir. Təsəvvür edin, müharibədə iştirak edərək qollarını, ayaqlarını, hətta gözlərini itirmiş Qarabağ qazilərinin pensiyaları dayandırılır. Elə müharibə əlilləri var ki, 1 ildir, 9, 6, 5 aydır heç bir səbəb göstərilmədən pensiya təminatı dayandırılıb. Araşdırma zamanı bizə deyilən səbəblərdən heyrətə gəlirik. Bu məsələləri qaldıran da isə deyirlər ki, texniki problemdir. Əgər möcvud onlayın sistem problem yaradırsa, deməli, nəysə düz deyil və düzəltmək lazımdır. Digər tərəfdən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sonuncu qəbul olunmuş qanun və Nazirlər Kabinetinin qərarını əsas gətirir. Həmin qərar da müəyyən boşluqlar var ki, bunlar mütləq aradan qaldırılmalıdır.

Cənab Ali Baş Komandan!

Xahiş edirik bu həssas məsələlərin həll olunması istiqamətində, həmin qərarlara yenidən baxılması, mövcud boşluqların aradan qaldırılmasında köməklik edin! Ümid edirik ki, məhz Sizin nəzarətiniz və göstərişinizlə bu məsələlər öz müsbət həllini tapacaq.

Əvvəlcədən təşəkkür edir və Sizə inanırıq.” //moderator.az//






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA