Gündəm / Cəmiyyət

Balıq ovuna qadağa sakinlərdə narazılıq yaratdı – Qurumlardan reaksiya

Balıq ovuna qadağa sakinlərdə narazılıq yaratdı
Kanal14.az:- Qəbələ rayonu Nohurqışlaq kənd sakinləri "Ölkə.az”a şikayət ünvanlayıb. Şikayətçilər kənd ərazisindəki Nohurgöl su anbarından balıq tutmağa icazə verilmədiyini bildiriblər.

"İlin bütün günləri tilovla balıq tutmaq olurdu. Bu ilin aprel ayının əvvələrindən əraziyə polis əməkdaşları cəlb edilib. Adi tilovla belə balıq tutmağa icazə verilmir.

Nəyə əsasən belə bir qərar verildiyini soruşanda heç bir cavab verilmir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat versək də, deyirlər ki, bizim tərəfdən elə bir göstəriş yoxdur”, - şikayətçilər qeyd edib.

Şikayətçilərin iddiasına görə, Qəbələ rayon icra hakimiyyəti başçısının müavini həmin ərazini icarəyə götürdüyü üçün göldə balıq ovuna qadağa qoyulub.

Qəbələ Rayon İcra hakimiyyəti ilə əlaqə yaratsaq da, sözügedən məsələdən xəbərsiz olduqlarını söylədilər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xidmət rəisi Hikmət Əlizadə isə bu barədə məlumatsız olduğunu bildirib:

"Nohurgöl təbii su anbarı da deyil. Ümumiyyətlə, aprel ayından ölkə üzrə daxili su hövzələrində, may ayından etibarən isə bütün Xəzərboyu balıq ovu qadağandır. Əslinə qalsa, bu müddətdə tilovla balıq ovuna konkret bəzi su tutarlar istisna olmaqla icazə verilir.

Ümumilikdə bütün su tutarlarında sənaye balıq ovu qadağandır. Tilovla əksəriyyətində icazə var, amma bəzi müddətdə vətəndaşları çağırırıq ki, bu müddətdə tilovla da balıq tutmayın.
Çünki balıqlar kürüləməyə gedir. Bu müddətdə heç onların tilovla da tutulması məqsədəuyğun deyil.

Amma məhz Nohurgöldə nə üçün balıq tutmağa icazə verilməməsindən məlumatsızam. Məhz o sututarı ilə bağlı nazirlik tərəfindən xüsusi göstəriş yoxdur”.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Kütləvi İnformasiya və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev "Ölkə.az”a açıqlamasında bildirib ki, sözügedən qadağa görülən tədbirlərlə əlaqədardır:

"Həmin gölün ərazisində su bioresurslarının artırılması istiqamətində işlər aparılır. Gölün ərazisinə balıqlar buraxılır. Bu səbəbdən Nohurgöl ərazində balıq tutmağa icazə verilmir”.//dia.az