Gündəm / Siyasət

“Çox istərdik ki, Prezident Qarabağdakı kimi, korrupsionerlərlə mübarizədə də zəfər çalsın...”


"Sonuncu həbs olunan icra başçısı, bildiyimə görə, Fazil Məmmədovun adamı idi, çünki əvvəl keçmiş Vergilər Nazirliyində işləyirdi... Bilirsiniz, Azərbaycanda artıq on illərdir ki, sanki ideologiyaya çevrilmiş çox pis bir siyasi-psixoloji ənənə var: hər bir nazir bir neçə rayonu öz nəzarətində saxlamağa cəhd edir. Ya öz yanında işləyənləri, yaxud qohumlarını, dostlarını müxtəlif rayonlara icra başçıları təyin etdirirlər. Bu cür idarəetmə sisteminin özü yanlışdır...”

Bu fikirləri politoloq, siyasi elmlər doktoru Cümşüd Nuriyev Moderator.az əməkdaşının "2-3 il bundan öncə hansısa rayonun icra başçısı korrupsiyada suçlananda deyirdilər ki, o, Ramiz Mehdiyevin adamıdır, onun əli ilə təyin olunub, ona arxalanır. Bəs son vaxtlar, yəni artıq R. Mehdiyevin Prezident Administrasiyasının rəhbəri olmadığı dövrdə həbs olunan, yaxud həbsi ehtimal edilən başçılar kimə arxalanıb arın-arxayın rüşvətxorluqla məşğul olurlar” sualını cavablandırarkən dilə gətirib.

"Bununla bağlı psixoloji durumu araşdırdım. Azərbaycanda ötən əsrlərdə Avropada yayılmış bir elitizm xəstəliyi on illərdir ki, kök salıb. Əslində bu ideyanın kökü qədim Yunanıstanadək gedib çıxır. Amma Qərbdə bunun əsas müəllifi XIX əsrin ortaları XX əsrin əvvəllərində yaşamış Vilfred Pareta olub. Həmin ideyanın mahiyyəti ondan ibarətdir ki, dövləti, ölkəni xalq idarə edə bilməz, bu idarəçiliyi yalnız cəmiyyətin elitası həyata keçirməlidir. Nəticədə belə bir prinsip xalqın beyninə yeridilir ki, yüksək vəzifələrə yalnız müəyyən bir klandan, tayfadan olan adamlar getməlidir. Bir sözlə, belə çıxır ki, ötən əsrlərdə Avropanı bürümüş bu siyasi mərəz bu gün də Azərbaycanda müalicəsini tapmayıb. Bunu dəfələrlə demişik. Elmi dildə desək, Azərbaycanda xalqa qarşı açıq diskriminasiya, yəni ayrı-seçkilik siyasəti aparılır. Bu da əsasən geodiskriminasiyadan ibarətdir. Yəni vətəndaşlar doğulduqları yerə, məkana, yaxud mənsub olduqları tayfalara görə təsnifatlandırılır və yalnız bunun əsasında orta və yüksək vəzifələrə təyin olunurlar. Bunlara yol vermək olmaz. Ölkədə korrupsiyaya görə həbs olunanların əksəriyyətinin övladları, qardaş-bacıları yüksək vəzifələrdə olur. Elə ailə var ki, 5-6 qız var, hamısının əri generaldır. Dünya praktikasında belə bir şey yoxdur ki, eyni ailənin bütün üzvləri yüksək vəzifələr tutsun. Amma bizdə qudalar, bacıoğlular, xalaoğlular hakimiyyəti hökm sürür. Aşağıdan yuxarı əsas, strateji vəzifələri eyni klanın, eyni regionun mənsubları tutur. Bu, haraya qədər belə gedəcək? O da aydındır ki, müxtəlif nazirliklərdə, güc strukturlarında yerləşmiş eyni klan, region nümayəndələri biri-birini çox fəal şəkildə qoruyurlar. Bir baxın, korrupsiyaya qarşı mübarizədə xalqın yaxşı tanıdığı daha iri korrupsionerlərdən, rüşvətxorlardan həbs olunanlar var? Xeyr. Eyni bölgədən olanlar da həbs olunmur. Korrupsiyaya görə həbs edilənlər təsadüfən həmin vəzifə sisteminə düşənlərdir. Bu da, dediyimiz kimi, artıq on illərlə formalaşmış saxta "milli elita” üzvlərinin biri-birini qoruması və məqamı gələndə zəifləri güdaza verməsidir. Bəllidir ki, belə korrupsiya sistemini kökündən dəyişməsən, bir neçə icra başçısını, hətta naziri həbs etməklə korrupsiya ilə mübarizənin real bir nəticəsi olmayacaq”- Cümşüd Nuriyev belə deyib.

Politoloq son illər Azərbaycanda, təəssüf ki, rüşvətxorluq və korrupsiyanın gəncləşdiyini, yəni hətta xaricdə Qərb təhsili görmüş gənc kadrların da bu bataqlığa bulaşdığını da nəzərə çatdırıb.

"Onu da deyim ki, Ramiz Mehdiyevin əvvəlki vəzifəsində olmasına baxmayaraq hələ də onun adamı olan 10-15 nəfər babat vəzifə sahibi var... Bilirsiz, Prezidentə təyin olunacaq icra başçılarının hansı qurumun hansı şöbəsinin rəhbəri tərəfindən təqdim edildiyi məlumdur. Təsəvvür edirsiz, son dövrdə 7-8 icra başçısı həbs olunub, amma həmin şöbə müdirinə "gözün üstə qaşın var” deyən yoxdur. Deməli, bir var, dillə razılıq verəsən, bir də var əməllə. Azərbaycanda rüşvətxorluğa bir növ əməllə razılıq verilib: "sən bunu edə bilərsən və əgər klanın üzvüsənsə, sənə dəyməyəcəklər”. Məsələn, Bakı Şəhər İcra Hakimiyyətində on illərlə hansı korrupsiyalar, hansı yeyintilər olmadı – fəqət Hacıbala Abutalıbov çox rahatca sıyrılıb aradan çıxdı. Gəncə, Sumqayıt da onun kimi... Odur ki, bu saat da, bu tuthatutda da bəzi icra başçıları özünü bir bölgənin padşahı hesab edirlər. Özü də əvvəl deyirdilər, ancaq yaşlı, sovet dövründən qalma kadrlar rüşvət alır. Amma indi baxırıq ki, rüşvətxorluq artıq gəncləşib. "ASAN Xidmət” kimi şəffaf bir strukturdan hər hansı nazirliyə, rayona vəzifəyə gedən, özü də xaricdə təhsil almış 25-30 yaşlı gənclər də rüşvətə qurşanıb. Odur ki, yenə deyirəm, fərdi həbslərlə məsələ həll olunmayacaq. Amma bunun həll yolları da var. Baxın, Prezidentin ideyasıyla yaradılmış "ASAN Xidmət”də bir manat rüşvət yoxdur. Deməli, bu qondarma elita imkan vermir. Prezident bütün ölkəni, hakimiyyət sistemini korrupsiyadan təmizləməyə çalışır, ancaq ətrafındakı o elitizm xəstələri müxtəlif əngəllər yaratmaqla bunun qarşısını alırlar. Çünki bu korrupsiya sisteminin çökməsi onların sonu ola bilər. Amma biz çox istərdik ki, Prezident Ali Baş Komandan İlham Əliyev son 44 günlük savaşda xarici düşmənlərə - ermənilərə qalib gələrək Qarabağın böyük hissəsini azad edib müzəffər komandan adına layiq olduğu kimi, daxili düşmənlərlə, yəni bu korrupsiya sistemi ilə mübarizə də zəfər çalsın və xalqı bu qondarma "elita”nın əsarərindən qurtarsın”-deyə Cümşüd Nuriyev vurğulayıb.