kanal14.az
kanal14.az

“BU GÜN QƏTİ ADDIMLAR ATILMASA...” – “Biz daha pis variantlara hazır olmalıyıq”

“BU GÜN QƏTİ ADDIMLAR ATILMASA...” – “Biz daha pis variantlara hazır olmalıyıq”
29-04-2021, 11:42 83 dəfə baxılıb


Kanal14.az: - Aprelin 24-də ABŞ prezidenti Co Baydenin qondarma "erməni soyqırımı"nı tanıma bəyanatı erməni lobbisini, Ermənistan rəhbərliyini və onların beynəlxalq havadarlarını fəallaşdırıb. Bu kontekstdə Qarabağ ətrafında gedən beynəlxalq diskussiyalar da aktivləşdirilib.

Məsələn, ABŞ-ın Ermənistandakı səfiri xanım Linni Treysi Baydenin məlum bəyanatından sonra Qarabağla məşğul olacağını deyib: "Müharibə konkret hərəkətlərlə dayandırılsa da, həll edilməsi lazım olan bir çox vacib məsələnin olduğunu görürük. Bu, Dağlıq Qarabağın statusu, məcburi köçkün problemidir. Və bu məsələlərlə məşğul olmaq niyyətindəyik”.

Bu arada Fransa prezidenti Emmanuel Makronla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı zamanı Qarabağla bağlı da fikir mübadiləsi aparılıb. Liderlər Qarabağa dair birgə təşəbbüs irəli sürəcəkləri barədə anlaşıblar. Bildiriblər ki, tezliklə təkliflərini açıqlayacaqlar.

Qondarma "soyqırımın" anım tədbirlərində iştirak etmək üçün İrəvana gələn Fransa XİN-in dövlət katibi Jan-Batist Lemuan isə Dağlıq Qarabağın "müstəqilliyinin" tanınmasından danışıb və qeyd edib ki, tanınma hələ təhlükəsizliyə zəmanət vermir.

Erməni jurnalistlərin "Fransanın Artsaxın "müstəqilliyini" tanımasının vaxtı deyilmi?” sualına dövlət katibi ”Səhv etmirəmsə, hətta Ermənistan Artsaxın "müstəqilliyini" tanımayıb” - cavabını verib.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan da Makronla telefon danışığında Minsk Qrupunun fəaliyyətinin gücləndirilməsinin vacib olduğunu bildirib.

Hadisələri "AzPolitika.info"-ya şərh edən təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl əvvəlcə ABŞ-ın Ermənistandakı səfirinin açıqlamasına toxundu: "Adama deyərlər ki, sənin diplomatik missiyanın Qarabağa nə dəxli var? Amerika Qarabağla belə məşğul olandırsa, xanım Treysi gəlsin Azərbaycana, azad edilmiş torpaqlara səfər etməkdən imtina edən Azərbaycandakı səfir kolleqasını da yanına alıb Ağdama getsinlər.

Vaxtilə Xirosimanı hansı günə qoyduqlarının kopyasını Ağdamın və işğaldan azad olunmuş hər bir yaşayış məntəqəsinin simasında görsünlər. Status, köçkün dərdini çəkənlər və bu istiqamətdə iş görmək istəyənlər, gəlin Dağlıq Qarabağın azərbaycanlı köçkünlərini qaytarın, onların dağılmış evlərini tikin. Biz yalvarmırıq sizə, Sizdən də imdad diləmirik erməni kimi, çünki yalvarmaq bizim xarakterimiz deyil, özümüzü məzlum göstərib sizlərin payına sevinən deyilik".

Ekspert baş verən prosesləri təhlil edərək vurğulayıb ki, düşmənin böyük hədəfi Qarabağdır: "Genosid bəhanədir, əzabkeş obrazlarını qabardıb Azərbaycan torpağında ikinci erməni dövləti qurmaq və bu məqsədlə bütün dünyadan dəstək almaq düşmənin ən əsas hədəfidir. Vaxtilə Putinin, bu gün də Fransa rəsmisinin deməyi ki, "hətta Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanımayıb”, deməli, erməni havadarları bizə qarşı növbəti plan hazırlayırlar.

Ermənistanda 20 iyun parlament seçkilərindən sonra hakimiyyətə hansı qüvvənin gəlməyindən asılı olmayaraq, formalaşacaq yeni parlamentin ilk işlərindən biri Dağlıq Qarabağın "müstəqilliyinin” tanınması ola bilər. Ardınca havadar dövlətlər hərəkətə keçib Azərbaycana təzyiq etmək siyasəti yürüdəcək və bizdən yüksək status tələb edəcəklər.

Baş verən hadisələr, münasibətlər ona doğru aparır. Biz daha pis variantlara hazır olmalıyıq, daha doğrusu, preventiv addımlar atmalı, ərazi bütövlüyümüzün bərpası istiqamətində ləngimədən siyasi çalışmalarımızı reallaşdırmalıyıq. Biz erməni hərbi birləşmələrinin Qarabağdan çıxarılmasını, qaçqınlarımızın Dağlıq Qarabağa yerləşdirilməsini, daxili nəqliyyat infrastruktrunun açılmasını təcili gündəmə gətirməli, Laçın dəhlizi istiqamətində dövlət sərhədinə nəzarəti təşkil etməliyik".

İ.İsmayılın sözlərinə görə, bu istiqamətdə Türkiyə ilə ortaq siyasət yürütməli, diplomatik səylərimizi birləşdirməli və Rusiya qarşısında 10 noyabr bəyanatının bəndlərinin tezliklə reallaşması şərtini önə çəkməliyik.

Politoloq Ərəstun Oruclu isə Minsk Qrupunun yenidən canlandırılması təşəbbüslərini xatırladaraq sual edir ki, torpaq bizimdirsə, onu taleyini niyə Rusiya və Fransa kimi iki erməni himayədarı və ümumiyyətlə, hansısa dövlət müəyyən etməlidir. "Bax, buna aydınlıq gətirməyin ən effektiv yolu işğaldan azad olunmuş ərazilərə çoxlu hərbi texnika və canlı qüvvə yığmaqdır. Bundan başqa, Rusiyaya açıq mətnlə və birmənalı bildirmək lazımdır ki, əgər onun işğalçı qoşunları Azərbaycan torpaqlarında 9 may günü hərbi parad keçirməkdən imtina etməyəcəksə, Azərbaycan onların ölkə ərazisindən çıxarılmasını tələb edəcək və çıxmayacağı halda da çıxaracaq".

Politoloqun sözlərinə görə, ümumiyyətlə, Azərbaycan Ordusu Qarabağın dağlıq ərazisinin hava məkanına nəzarəti tam ələ almalı və həmin ərazilərdə bərpa edilən hava hücumundan müdafiə və radioelektron mübarizə sistemlərinin yerini aşkarlayaraq, onların oradan çıxarılmasını tələb etməlidir.

"Tələbə əməl olunmayacağı halda isə danışığa "Bayraktar”ların iştirakı ilə davam etdirilməlidir. Bunlar avantürizm deyil, mövcud dövrün siyasi və geosiyasi reallıqlarıdır. Bu gün qəti addımlar atılmasa, sabah fəsadları bugünkündən, birigün isə sabahkından daha ağır olacaq", - deyə Ə.Oruclu vurğulayıb.//dia.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA