Gündəm / Siyasət

Ermənistan ordusu Qarabağdan tamamilə çıxır? - “Paşinyanın bu yükdən azad olması üçün fürsət yaranıb”

Ermənistan ordusu Qarabağdan tamamilə çıxır?
Ermənistanda həqiqi hərbi xidmətə çağırılmış və Dağlıq Qarabağda xidmət edən əsgərlərin ailə üzvləri hökumət binası qarşısında növbəti dəfə aksiya keçirib.

KANAL14.AZ: - Hökumət binası qarşısına toplaşanları Baş nazir Nikol Paşinyan qəbul edib.

Bu barədə əsgərlərin valideynlərindən biri açıqlama verib. O bildirib ki, Paşinyanla görüşdə Dağlıq Qarabağdakı çağırışçıların hərbi xidmət müddətinin 6 aya endirilməsini, altı aydan az qalanların isə ordudan tərxis olunmalarını tələb ediblər. Paşinyanın əsgər ailələrinə hansı cavab verdiyi barədə dəqiq məlumat yoxdur.

Ancaq Dağlıq Qarabağda qalan Ermənistan hərbi qulluqçularının geri çağırılması ilə bağlı valideynlər bir neçə dəfə etiraz aksiyası keçirib. Hətta müharibədəki ağır məğlubiyyətdən sonra erməni valideynlər yolu bağlayaraq iki aylıq məzuniyyətə buraxılmış övladlarının Qarabağa qayıtmasına mane olmağa çalışıblar.

Buna baxmayaraq, Ermənistan Müdafiə Nazirliyi əsgərləri mülki geyimdə Laçın dəhlizindən keçməklə Dağlıq Qarabağa qaytarıb. Ancaq bu, Ermənistan ordusunun Azərbaycan ərazisində qalmış kiçik bir hissəsidir. Rəsmi Bakı da həmin hərbi birləşmələri də Azərbaycan ərazisindən çıxartmağı Ermənistandan tələb edir.

Paşinyan hökuməti isə 2021-ci ilin fevral ayından etibarən Ermənistanda hərbi xidmətə çağırılan vətəndaşların başqa ölkənin ərazisində qulluq keçməməsi barədə qərar qəbul edib. Yəni bundan sonra Ermənistanda həqiqi hərbi xidmətə çağırılan əsgərlər Azərbaycan ərazisinə göndərilməyəcək. Lakin Dağlıq Qarabağdakı əsgərlər hərbi xidmətini başa çatdırana qədər Azərbaycan ərazisində qala bilərlər. Onların valideynləri isə bununla razılaşmır və övladlarının geriyə çağırılmasını tələb edir.

Erməni valideynlər müharibə yenidən başlayarsa, övladlarının öləcəyindən qorxurlar.

Bu məsələni Cebhe.info-ya şərh edən politoloq Natiq Mirinin sözlərinə görə, Ermənistan ordusunun Azərbaycanı tamamilə tərk etməlidir. Bu, yalnız əsgər ailələrinin sifarişi deyil, həm də 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli bəyanatdan irəli gələn öhdəlikdir:

"Dağlıq Qarabağda xidmət keçən əsgərlərlə yanaşı, döyüşlərdə öldürülmüş erməni hərbçilərin cəsədləri, eyni zamanda Azərbaycanda həbsdə olan terrorçularla bağlı məsələlər hazırda Ermənistanda ictimai-siyasi vəziyyəti gərginləşdirəcək ən başlıca problemlərdəndir. Bu problem həll olunmadıqca, Ermənistan hökumətinin "başı çox ağrıyacaq”. Hesab edirəm ki, bu məsələ Azərbaycan üçün Ermənistana ciddi təzyiq vasitəsidir. Belə bir imkanı daim əldə saxlamaq lazımdır. Çünki nə Ermənistana, nə də Rusiyaya etibar etmək olar. Bu, Azərbaycana yaxın perspektivdə Qarabağda öz istəklərinə nail olmaq üçün lazımdır. Ona görə də Ermənistanda belə vəziyyətin yaranması, əsgər ailələrinin etiraz aksiyaları Paşinyana müəyyən bəhanələr yaradır. Çünki Paşinyan və onun rəhbərlik etdiyi hökumət Qarabağın Ermənistan dövləti üçün böyük bir yük olduğunu anlayır. 44 günlük Vətən müharibəsindən sonra Ermənistan Qarabağ yükündən azad olmaq imkanı qazanıb. Əsgər ailələrinin də etiraz aksiyası keçirməsi Paşinyana fürsət yaradır. Artıq Paşinyan erməni gənclərin Qarabağda hərbi xidmət keçməməsi ilə bağlı qərar verə bilər. Ancaq bunun iyunun 20-də keçiriləcək parlament seçkilərinə qədər baş verəcəyi inandırıcı görünmür.

Paşinyan anlayır ki, revanşist qüvvələr bundan istifadə edəcək, xüsusilə də "Qarabağ klanı” bunu hökumət başçısının əleyhinə çevirməyə çalışacaq. Ancaq düşünürəm ki, Paşinyan hökuməti perspektivdə bu istiqamətdə qərar verməlidir. Paşinyan parlament seçkilərində qalib gəlmək və Ermənistanı hazırkı böhrandan çıxartmaq istəyirsə, Qarabağ yükündən azad olmalı, erməni əsgərlərinin Azərbaycan torpaqlarında xidmət keçməsindən imtina etməli və erməni ordusunun Dağlıq Qarabağdan tamamilə çıxarılmasına nail olmalıdır. Bu məsələ 10 noyabr bəyanatında da əks olunub. Buna baxmayaraq, Ermənistanın və Rusiyanın götürdüyü öhdəliklər hələ tamamilə yerinə yetirilməyib. Xüsusilə də növbədənkənar seçkilərin keçirilməsinə iki ay vaxt qaldığını nəzərə alsaq, Paşinyan hökuməti həssas davranmaq məcburiyyətindədir. Düşünürəm ki, Paşinyan gələcəkdə bu məsələni həll edə bilər. Bu gün Qarabağ demək olar ki, azad olunub. Paşinyan üçün bu yükdən azad olmaq imkanı yaranıb. Əgər seçkilərdə Paşinyan xalqdan növbəti dəfə mandat alarsa, qeyd edilən problemi həll edə bilər”.